Şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi Nazim Rizvanın “Yarımçıq vüsal” kitabının təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 30 may 2018-ci il tarixdə şair, ədəbiyyatşünas, yazıçı, tərcüməçi Nazim Rizvanın “Yarımçıq vüsal” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Nazim Rizvanın həyartı, ədəbi fəaliyyəti haqqında məlumat verərək bildirdi ki, bədii yaradıcılığa 1963-cü ildə "Göy-göl" şeri ilə başlamış, ilk mətbu şeri 1967-ci ildə Azərbaycan Demokrat Firqəsinin organı olan "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bundan sonra "Çinar pöhrələri", "Odlu misralar", "Azərbaycan", "Yaşıl budaqlar", "Yeni səslər" ədəbi almanaxlarında, qəzet və jurnallarda çıxış etmişdir. Azərbaycan, İran, Türkiyə, Almaniya, həmçinin İsveçin qəzet və jurnallarında şerləri dərc edilmişdir. Nazim Rizvan həmçinin, 4 cildlik "Cənubi Azərbaycan ədəbiyyatı antologiyasi"nda tərtibçi, 3 cildlik "Şəhriyar. Əsərləri" kitabında tərcüməçi-redaktor olmuşdur.
Filologiya elmləri doktoru, yazıçı, Nazim Rizvanın “Yarımçıq vüsal” kitabının tərtibçisi Esmira Fuad poemanın əsas dil xüsusiyyətləri, bədii təsvir vasitələri, neçə hissədən ibarət olması haqqında geniş məlumat verdi. Nazim Rizvanın Şah İsmayıl Xətaiyə olan sonsuz sevgisini, bu obrazı əsərlərində yaratmaqdan doymayan insan olmasını qeyd etdi.
“Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə bildirdi ki, Nazim Rizvan 1997-ci ildə onun sədrlik etdiyi birliyin himninin sözlərini yazmışdır. Tofiq Əlizadə Nazim Rizvanla uzun illər etdiyi dostluqdan, onunla bağlı xatirələrdən danışdı.
“Ekspress” qəzetinin jurnalisti Elman Malıyev “Yarımçıq vüsal” kitabının həqiqətən də yüksək mənəvi, ədəbi dəyərə malik olmasından danışıb Nazim Rizvan yaradıcılığını yüksək qiymətləndirdi.
İki şəhid anası Dürnisə Əliyeva çıxışında Nazim Rizvanın “Yarımçıq vüsal” kitabının onu hədsiz təsirləndirməsini, çünki özünün də yarımçıq vüsal kimi acı tale yaşamasını göz yaşları ilə bildirdi. Dürnisə Əliyeva həmçinin, Nazim Rizvanla bağlı xatirələrini də tədbir iştirakçılarına danışdı.
Tədbirdə Nazim Rizvanın xatirəsinə həsr olunmuş qısa metrajlı film nümayiş olundu.
Şair-publisist Şahlar Baba, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva şerlər söylədilər.
Tədbirdə həmçinin, tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova, “İranlı Mühacirlər Cəmiyyəti”nin sədri Rəhim Hüseynzadə, “Krım Azərbaycan Qobustan Proqramı”nın redaktoru Həbib Əliyev, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, ADPU-nun professoru Ramil Əliyev, ATV kanalının əməkdaşları Səriyyə Kərimova, Rüfət Məmmədov, Xuraman Kərimova, ADU-nun laborantı Kürsümxanım Tahirli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosentləri Leyli Əliyeva, Zərifə Mirzəyeva, Zəminə Zeynalova, Sabunçu rayonu 187 saylı orta məktəbin müəllimi Günel Ələsgərova, 293 saylı məktəbin müəllimi Ülkər Rizvanova, əczaçı Aybəniz Vəkilova və Nazim Rizvanın yaxın qohumları da iştirak edirdilər.





