22 aprel, 2024
Paylaş:

Şah İsmayıl Xətai

15 yaşında taxta çıxıb 15 əyaləti fəth edən, çox nadir dühaya malik olan  böyük sərkərdə  Şah İsmayıl Xətai... Bir çox şəxsiyyətlər kimi, onun haqqında da müxtəlif əhvalatlar dolaşmaqdadır. Yüz illərlə yaddaşlarda yaşayan bu əhvalatların bəziləri gerçək faktlara dayanır, bəzilərinin isə həqiqət olub-olmadığı dəqiq bilinmir. Çoxu məşhur "Şah İsmayıl" dastanının ona aid olduğunu düşünür. Halbuki dastanın Şah İsmayıl Xətai ilə əlaqəsi yoxdur.

Xətai təxəllüsü ilə ana dilində şeirlər yazmış, rəssamlıq,  xəttatlığın sirlərinə bələdliyi, gözəl səsi ilə seçilmiş bu sərkərdənin ən böyük hobbilərindən biri  idman olub.  Şah İsmayılın igidliyini onu sevənlər də, sevməyənlər də etiraf edib. O, igidliyi ilə bağlı əhvalatların, demək olar hamısında, həm də hazırcavab, istedadlı bir insan kimi görünür. Xətainin qılıncı ilə bağlı bir çox rəvayətlər  dolaşır. Deyilənlərə görə, Şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan Şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həmin qılıncı göndərməyibmiş. Xətai isə ona belə bir  poetik cavab verir: "Qılınc həmin qılıncdı, qol həmin qol deyil".  

Sultan Səlimin qoşununa gizlin hücum təklifinə "Mən karvan basan quldur deyiləm!" deyə cavab verən Şah Xətai Osmanlı ordusunun Avropadan aldığı toplardan istifadə edərək ona atəş açmasını namərdlik kimi qəbul edib. O, feodal dövrünün qaydalarına uyğun olaraq "kişi kimi döyüşmək" istəyib. Deyilənə görə, Osmanlı pəhləvanının təkbətək döyüş təklifini qəbul edir və onu qılıncla iki yerə bölür. Sonra topla atəş açırlar, atı ölür, özü yaralanır.  Yaralı vəziyyətdə topun üstünə hücum çəkir, qılıncını tunc lüləyə necə çalırsa, yarıyacan topa yeriyir...

Şah İsmayılın "Xətai" təxəllüsünü götürməsi ilə bağlı belə bir əhvalat dolaşır. Bəzi mənbələrdəki məlumata  görə,  Çaldıran döyüşündə Şah İsmayılın xanımı Taclı Bəyim Sultan Səlimin adamlarına əsir düşür. Taclı Bəyim üstündəki zinət əşyalarını əsgərlərə verərək qaçır, lakin onun aqibəti bilinmir. Şah bundan sonra xəta edən anlamına gələn "Xətai" təxəllüsünü götürür və ömrünün axırınacan gülmür. Bundan sonra yazdığı şeirlərin də məzmunu dəyişir, daha kədərli və bədbin olur.  Yəqin ki, bu məşhur misralar da o dövrlərdə qələmə alınıb:

Xətai işin düşər

Gəlib-gedişin düşər

Dişləmə çiy loğmanı

Yerinə dişin düşər.

Ömrünün sonuna qədər balıq tutmaqla və ovla məşğul olan şah vəhşi heyvanlarla əlbəyaxa döyüşməkdən xüsusi zövq alırmış. Deyilənlərə görə, o, hələ 12 yaşında ikən ətraf yerlərdə yaşayan adamları təşvişə salan nəhəng bir ayını boğmuş, 19 yaşında isə Bağdad yaxınlığında pələngi öldürmüşdür.

Onun Aşıq Qurbani ilə dost olduğu deyilir. Qurbani zamanında özündən xeyli cavan olan Şah Xətainin sarayında keçirilən şeir məclislərinə gedirmiş, onu özünün mürşidi sayırmış. Bəzi mənbələrə görə, Qurbani məşhur "Ola" rədifli divanisini Şah İsmayıla yazıb. O, saraya şahın görüşünə gəlir, lakin qəfil öldüyünün şahidi olur. Divanidə o anları əks edən belə misralar var:

Gəlmiş idim mürşidimə, dərdimə dəva qıla

Nə biləydim mən gəlincə xak ilə yeksan ola...

Çaldıran döyüşündən sonra Şah İsmayıl ömrünün sonuna kimi heç bir ciddi hərbi səfər etmir. Şah İsmayıl ölümündən bir qədər əvvəl yorğunluq hiss etdiyindən ova çıxmaq qərarına gəlir. Şəki mahalına gələn Şah İsmayıl Şahdağa ov etmək üçün hazırlaşdığında yerli adamlardan birinin yüksəkliyin onun sağlamlığına zərər gətirəcəyini bildirsə də buna əhəmiyyət vermir. Nəhayət, ov zamanı onun səhhətində problemlər yaranır, özünü yaxşı hiss etməyən Şah İsmayıl dərhal Ərdəbilə qayıdır. Vəziyyətinin burada da yaxşılaşmaması ucbatından təcili Təbrizə yola düşürlər. Sərab yaxınlığında halı o qədər pisləşir ki, Manqutayda düşərgə salmalı olurlar. Bütün müdaxilələrə baxmayaraq, hökmdarın həyatını xilas etmək mümkün olmur. 38 yaşında vəfat edən Şah İsmayıl arzularından və istəklərindən əbədi olaraq ayrılmalı olur.  Sərkərdələri onun cəsədini Ərdəbilə gətirərək, babalarının yanında Şeyx Səfi məqbərəsində dəfn edirlər.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()