05 mart, 2026
Paylaş:

Sabahın təməlini qoyanlar

Gənclik tükənməyən, daim çağlayan, güclü, cəmiyyəti inkişafa doğru aparan yenilməz bir qüvvədir. Gənclər Vətənin uğurlu sabahı, işıqlı gələcəyi, ümid və inam yeridir. Tarixən xalq həmişə özünün xoşbəxt gələcəyə olan ümidini, inamını gənc nəslə bağlayıb. Sabahını ona tapşırıb, gələcəyini ona etibar edib. Buna görə də gənc nəslin hərtərəfli inkişafı, gələcəyə hazırlanması hər bir dövlət üçün önəmli və zəruri məsələdir. Çünki ölkənin, xalqın gələcəyi, xoşbəxtliyi, ölkənin təhlükəsizliyi, etibarlı şəkildə qorunması daha çox gənclərdən asılıdır.

Şanlı tariximizin inkişaf yollarını vərəqlədikcə görürük ki, gənclərimiz dövlətimizin qurulmasında, müstəqilliyimizin möhkəmlənməsində, ərazi bütövlüyümüzün qorunmasında əhəmiyyətli rol oynayıblar, həmişə mübarizələrin ön sıralarında addımlayıblar. Tariximizin bütün mərhələlərində gənclərimiz çevik, uğurlu fəaliyyətləri ilə dövlətimizin inkişafına böyük töhfələr veriblər. Yorulmadan xalqımızın, ölkəmizin uğurlu sabahları üçün çalışıblar.

Müasir müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə böyük önəm vermişdir. Onların yüksəkbilikli, savadlı, milli ruhda, ölkə üçün gərəkli vətəndaş kimi yetişmələri üçün bütün zəruri tədbirlərin görülməsinə nail olmuşdur. Həmişə gənclərə böyük sevgi ilə yanaşan, qayğı göstərən Ulu Öndər demişdir: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

Böyük tarixi şəxsiyyət Heydər Əliyev  ölkədə gedən demokratik islahatlarda, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində baş verən proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirmişdir. Ölkəmizə rəhbərliyə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edən Ulu Öndər sağlam düşüncəli yeni nəslin hazırlanması sahəsində misilsiz işlər görmüş, bununla yanaşı, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını həmişə diqqət mərkəzində saxlamışdır.

Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların həyatında, təhsilində mühüm rol oynayır. Gənclərə böyük rəğbət göstərən, bütün işlərində onlara arxalanan Prezident İlham Əliyev demişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Qoynunda dünyaya göz açdığı vətənlərinə sonsuz sevgi ilə bağlı olan gənclər  Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində rəhbər tutaraq  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa, döyüşməyə hər zaman hazır idilər. Elə buna görə də 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda vətənpərvər ruhda böyümüş, yurdumuzun azadlığı uğrunda canlarından belə keçməyə hazır olan gənclərimiz Prezident İlham Əliyevin çağırışına səs verərək silaha sarılıb döyüşlərə yollandılar. Vətənin müdafiəsinə atılmış igid, cəsur gənclərimizin döyüş təcrübələri var idi. Onlar 44 günlük Vətən müharibəsindən əvvəl 2016-cı il Aprel döyüşlərində, həmçinin 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edərək böyük şücaət göstərmişdilər. Kifayət qədər bacarıqlı, peşəkar olduqlarından düşmən üzərində Zəfər çalmağa, torpaqlarımızı uzun illərin işğalından azad etməyə qadir idilər.

Vətənin müdafiəsi naminə silaha sarılmış gənclərimiz döyüşlərə qələbə əzmi ilə atıldılar. Elə ilk həmlələrdən böyük qəhrəmanlıq göstərdilər. Onların göstərdiyi şücaət nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı qısa müddət ərzində qətiyyətlə alındı. Şanlı Azərbaycan Ordusunun güclü əks-hücumları qarşısında dayana bilməyən erməni işğalçılarının  mövqelərini atıb qaçmaqdan başqa yolları qalmadı. Bütün döyüşlərdə uğur qazanan hərbçilərimiz addım-addım düşməni geri qovaraq 30 ilə yaxın erməni qəsbkarlarının işğalında qalmış torpaqlarımızı azad etdilər. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusu möhtəşəm Zəfər yürüşü keçdi. Ön sıralarda vuruşan gənclərimiz hər gün yeni-yeni yaşayış məntəqələrini erməni işğalından azad edərək qəhrəmanlıqları və igidlikləri ilə Azərbaycan xalqına qələbə sevincini yaşatdılar.

Ürəyi Vətən eşqi ilə döyünən gənclərimiz uzun illər erməni işğalında qalmış ərazilərin kimə məxsus olduğunu qəhrəmanlıqları ilə bütün dünyaya sübut etdilər. Hünərlə başlanan və uğurla sonlanan döyüşlər nəticəsində 300-ə yaxın kənd, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi. Müharibənin davam etdiyi günlərdə qəsbkarların texnikası, silah-sursat anbarları, canlı qüvvəsi dəqiq atəş zərbələri ilə məhv edildi.

Gənclərimizin döyüşlər zamanı düşmən üzərində qələbənin qazanılmasında göstərdikləri igidlik əbədi olaraq qəhrəmanlıq tariximizə yazıldı. Onlar ön xətdə Vətən uğrunda gedən döyüşlərlə yanaşı, arxa cəbhədə də qələbəmizə xidmət edən zəruri işlər görürdülər. Baş verən hadisələrlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əbədi-əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının, qandonduran vəhşiliklərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Düşmən üzərində qələbəmiz, torpaqlarımızın azad olunması naminə bütün çətinliklərə sinə gərdilər. Sonda müqəddəs amal və məqsədlərinə çatdılar.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində gənclərin göstərdiyi igidlik və qəhrəmanlıqdan həmişə iftixarla danışır. Onların vətənpərvərliyini, cəsarətini və qorxmazlığını yüksək dəyərləndirən dövlət başçısı çıxışlarının birində demişdir: "...Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqtisadiyyatımız da güclü olsa, beynəlxalq müstəvidə də uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib öz qanı bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bildilər. Bütün bu faktorların vəhdəti bizim Qələbəmizi şərtləndirdi".

Bu gün çox böyük iftixarla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan miras qalmış gözəl adət-ənənələrimizi, torpaqlarımızı göz bəbəyi kimi qoruyur və yaşadır. Daim bilik və bacarıqlarını artıran gənclərimiz ölkəmizin bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətlərində, əməli işlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını qürurla nümayiş etdirirlər. Böyük əminliklə demək olar ki, uğurla həyata keçirilən gənclər siyasətindən ruhlanan gənclərimiz dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə böyük əzmkarlıqla çalışırlar. Azərbaycan gənclərinin ölkə həyatındakı yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə ürəkdən bağlılığı xalqımıza yeni-yeni qələbə sevincləri yaşadacaq.

 

Vahid Məhərrəmov,

“Azərbaycan” qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()