Rza Əfqanlı
Bu aktyorun milli kino və teatr tariximizdə özünəməxsus yeri var. Yaşlı nəsil və ya sovet dövrü kinomuzu yaxşı bilənlər onu "Dağlarda döyüş" filmində Sərxan, "Qanun naminə" filmində Vahidov, "Mən ki, gözəl deyildim" filmində Həmid, "Sevil" filmində Atakişi obrazından tanıyırlar. Söhbət qapılarda nökərçilik edən, düşdüyü həbsxanada bəy qızına vurulan, övladına görə Siyavuş Aslanı döymək istəyən, dövrünün ən çox orden-medallı aktyoru Rza Əfqanlıdan gedir...
Rza Rüstəm oğlu Cəfərzadə Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. İki yaşı olanda atası dünyasını dəyişir. Erkən yaşında bir tikə çörək üçün qapılarda nökərçilik edir, mülkədarların qoyun-quzusunu otarmağa məcbur olur. Rza Əfqanlı yaşamaq üçün ora-bura çox qaçır, çalışır, ancaq bir şey əldə edə bilmir. Taleyin hökmü ilə Bakıya gəlir. Neft mədənlərində işə düzəlir. Eyni zamanda Sabunçu qəsəbəsindəki dram dərnəyinə üzv yazılır. O özü deyirmiş: "Gənc yaşlarımdan el şənliklərində keçirilən xalq oyunlarına böyük marağım olub. Ürəyimdə çox istəmişəm həmyaşıdlarıma qoşulub həmin oyunlarda iştirak edim. Lakin buna heç vaxtım olmamışdı". Bəlkə də elə buna görə tale onu Bakıya gətirmişdi...
Otuzuncu illərdə İran vətəndaşlarını geri göndərirlər. Əfqanlı aktyor olduğu və teatrda çalışdığı üçün Bakıda qalır. İrana dönmədiyi və oranın vətəndaşlığından imtina etmədiyi üçün onu həbs edirlər. Həbsxana Azad Qadın heykəlinin yanında yerləşən və o vaxt "Karamel fabriki" adlanan bina olur. Həbsxananın pəncərəsindən baxanda Əfqanlı üzbəüz binada yaşayan Sona adlı bir bəy qızını görür. Ona vurulur. Oradan çıxandan sonra həmin xanımı tapıb, onunla ailə həyatı qurur. Bu nikahdan Xumar adlı qızı dünyaya gəlir. Lakin bu evlilik uzun sürmür. İkinci dəfə o geyim üzrə rəssam olan Bədurə xanımla ailə qurur və bu izdivacdan gələcəyin aktrisası Ofeliya Aslan dünyaya gəlir. Cütlük dəfələrlə ayrılır, sonra yenidən barışır. Amma bir-birilərini böyük sevgilə sevsələr də, ömürlərini ayrı başa vururlar.
Rza Əfqanlı qızı Ofeliya xanımın Siyavuş Aslanla ailə qurmasını istəmirmiş. Bu barədə yaxın sənət dostu Əli Nura deyib: "Bir gün eşitdim ki, Quba Teatrının Siyavuş adlı aktyoru Ofeliyaya elçi gəlmək istəyir. Mən etiraz etdim. Dedim, baxmayaraq ki, özüm də aktyoram, amma səni artistə ərə vermərəm. O, sənin qədrini bilməz. Ofeliya məni eşitmədi, Siyavuşla ailə qurdu. Mən onun cehizini artıqlaması ilə verdim və həmişə əlim üstündə oldu. Bir gün Ofeliya mənim yanıma gəlib, gözüyaşlı yoldaşından gileyləndi. Mən axşam onlara getdim, Siyavuşun gəlməyini gözlədim. Ona dedim ki, qızımı aparıram. Mənə çox dil tökdü, dedi ki, Ofeliyasız yaşaya bilməz. Mən qəflətən ayağa qalxıb, Siyavuşun yaxasından tutub, bir əlimlə divara dirədim ki, "Ayə, sən bilirsənmi, o, Əfqanlının qızıdır? Sən bilmirsən Əfqanlı kimdir?..".
Rza Əfqanlı bir gün "Azad qadın" küçəsi ilə piyada gedirmiş. Mircəfər Bağırov da qara maşınla oradan keçirmiş. Bağırov onu görcək sürücüsünə nəsə deyib. Sürücü maşının sürətini azaldıb. Bağırov şəhadət barmağını eynəyinin arasına sıxıb və diqqətlə Əfqanlıya baxıb. Rza Əfqanlı donub yerində qalıb. Çünki o, bilirdi ki, bu, parol idi. Bağırov kimi həbs etdirəcəkdisə, barmağını o cür edib, həmin adama diqqətlə, ilan kimi baxırdı. Maşın aralanana qədər Bağırov onu süzüb. Rza Əfqanlı çox pis vəziyyətə düşüb. Günlərlə teatrda, evdə səksəkəli gəzib ki, indi gəlib onu aparacaqlar. Ancaq bəxti üzünə gülüb, ona heç nə etməyiblər. Maraqlıdır ki, kino üzrə ilk ordeni Stalinin əmrilə Bağırov özü əli ilə Rza Əfqanlının sinəsinə taxıb. Aktyor "Kəndlilər" filmində Bağırovun obrazını yaratmışdı. Buna görə də onu çox istəyirdi.
Rejissor Əbdül Mahmudov danışırdı ki, "Dağlarda döyüş" filminin Lerikdə çəkilişləri zamanı Əfqanlı birdən-birə yoxa çıxıb. Onu xeyli axtarıblar. Nəhayət, İranla sərhəddə məftillərin yanında üzü Cənubi Azərabaycana tərəf durmuş vəziyyətdə tapıblar. O, sərhəddəki məftillərdən tutub, ucadan dua oxuyurmuş. Bir dəfə isə Rza Əfqanlı Kürdəmirdə olarkən boynundan asdığı qara kisəsini getdiyi hamamda unudur. Kisənin içində 10 min manat pul varmış. Aləmi bir-birinə vurur. Tez hamama gəlir, oradakılara deyir pulumu itirmişəm. Qara kisəni tapıb ona verirlər. Açıb görür ki, pullar yerindədir. Deyilənə görə, o bu pulları özü üçün kəfən pulu kimi saxlayırmış.
Aktyor ömrünün sonlarına yaxın teatrdan haqsız yerə uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında işləyib və 74 yaşında Bakıda vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.