Rübabə Muradova
Rübabə xanım Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görüb və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. Ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Xanəndənin on altı yaşı olanda atası inqilabçı kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxarsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də elə orada qalır. Bir müddət sonra isə çox yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir. Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: "Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm". Rübabə xanım isə ailəsi dağılsa da, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir...
Xanəndə bir müddətdən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində deyir: "O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir. Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə Qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb".
Bir dəfə rejissor Mehdi Məmmədovun quruluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində müğənni necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Ümumiyyətlə, Rübabə xanım o qədər təbii oynayırdı ki, onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş... Rübabə xanım çox gözəl qadın olub. Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar. Deyilənə görə, sənət camiəsindən, yaxın insanlardan paxıllığını çəkənlər çox olub. Öz dövrünün qadın xanəndələri belə onun paxıllığını çəkir, ona qarşı nankorluq edirdilər. Hətta barəsində rəsmi orqanlara gizlin şikayətlər də olurmuş.
Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər.
Müğənni çox hirsli və əsəbi idi. Bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçını yolub və möhkəm tənbeh edib. Deyirlər xanəndə spirtli içki aludəçisi olub. Lakin övladları onun şərabı sevdiyini qeyd edərək, haqqında deyilənlərin yalan olduğunu vurğulayıblar.
Deyilənə görə, Rübabə xanım gəncliyində bir oğlan sevib. Ancaq o, müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Xanəndənin qızlarının sözlərinə görə, bu dedi-qodular yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi "Qaragilə" əsərinin nəşrindən sonra yaranıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radioda müğənninin "Qaragilə" mahnısını dinləyir. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır.
Müğənni şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişən Rübabə xanım iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev məzarı üstündə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda deyir: "ürəyim gəlmədi, çala bilmədim...".