Riçard Bukminster Fuller
Amerikanın məşhur memarı, filosofu, mühəndisi və nəhayət ixtiraçısı Riçard Bukminster Fuller... Məşhur geodeziya qübbəsinin memarı və "Dymaxion" avtomobilini ixtira edən bu dahi bütün bunlarla yanaşı, maraqlı şəxsiyyəti ilə də yaddaşlarda qalıb...
Tarixin məşhur memarlarından olan Bukminster Fuller olduqca qəribə xüsusiyyətlərə sahib olub. Az enerji ilə çox iş görmək metodunu yaratmağa çalışan elm adamı bunu öz üzərində sınayıb. 6 saatdan bir 30 dəqiqəlik yuxu yatan memar gün ərzində toplam 2 saat yatırmış. Təbii ki, bu tətbiqi həyatında müəyyən bir zaman edib. Daha sonra bu xüsusiyyətini tərgidib. Deyilənlərə görə, rejimindən imtina etməsinə səbəb isə həyat yoldaşının ona təzyiqi olub. Fullerin başqa bir maraqlı vərdişi isə onun gündəliyi ilə bağlıdır. Belə ki, tanınmış memar 63 il ərzində öz həyatı haqqında danışan dekorativ fotoalbom hazırlayıb. Albom tamamilə açıldıqda onun uzunluğu 425 metrə çatır. İndiyə qədər hazırlanmış ən böyük ölçüyə malik olan bu gündəlik hazırda Stenford Universitetində saxlanılır.
Memarın ən sevdiyi hobbisi isə səyahət etmək olub. Hətta səyahəti o qədər çox sevirmiş ki, ilin təxminən 300 gününü gəzdiyi yerlərin otel otaqlarında keçirirmiş. Bu dövrlərdə Fuller eyni anda üç saat taxarmış. Birinci saat ofisinin yerləşdiyi, yəni yaşadığı Carbondale şəhərinin, ikinci saat getdiyi bölgənin, üçüncü saat isə səfər edəcəyi növbəti ölkənin zamanını göstərmək üçün idi.
4 yaşlı qızı Alexandranın meningit səbəbi ilə vəfatından sonra içkiyə qurşanan memar ömrünün çox hissəsini depressiya içərisində keçirib. Sonralar maddi sıxıntı yaşayan 32 yaşlı Fuller hətta ikinci qızı Alleqranın dünyaya gəlişindən sonra ailəsini təmin edə bilmədiyi üçün özünü Miçiqan gölünə ataraq intihar etməyə də cəhd göstərib. Sonralar tamaşaçılar qarşısında çıxış edən Fuller başından keçmiş bu təcrübənin onun həyatına böyük təsir etdiyini danışırdı.
88 yaşına cəmi 11 gün qalan memar uzun müddət komada olan, xərçəng xəstəliyindən əziyyət çəkən arvadını ziyarət edərkən vəfat edib. Belə ki, komadan ayılan arvadı kədərlə onun əlini sıxdığında Fuller sevincindən infarkt keçirərək həyatını itirib. Həyat yoldaşı isə ondan cəmi 36 saat sonra dünyasını dəyişib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.