Respublika Gənclər Kitabxanasının “Xilas günü- Milli Qurtuluş” adlı tədbiri

12 iyun, 2021
Paylaş:

Respublika Gənclər Kitabxanasının “Xilas günü- Milli Qurtuluş” adlı tədbiri

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 12 iyun 2021-ci il tarixdə “ZOOM” proqramı üzərindən 15 iyun Milli Qurtuluş günü ilə əlaqədar “Xilas günü-Milli Qurtuluş” adlı tədbir təşkil etmişdir.

Tədbir ümummilli lider Heydər Əliyevin qürurlu səsi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır” ifadələrinin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb Azərbaycanda müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə yaranan boşluqdan, vətənin ağır dövründə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlməsi, dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas etməsindən danışdı.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov məruzəsini “bu şanlı tarixi, milli qurtuluş gününü ulu öndər Heydər Əliyev yaratdı” cümləsi ilə başladı. Ümummilli liderin Moskvadan Azərbaycana qayıdışından sonra Naxçıvanda Yeni Azərbaycan Partiyasını təsis etməsi, qonşu dövlətlərlə siyasi, iqtisadi əlaqələr qurması, hərbi müxalifəti neytrallaşdırması, daxili siyasi sabitliyi təmin etməsi, ölkənin bütün dünyaya inteqrasiyasını sürətləndirməsi, milli təhlükəsizlik sistemini möhkəmləndirməsi sahəsində əvəzsiz xidmətlərindən məlumat verdi.

Tarix elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti Pərviz Kazimi ulu öndər Heydər Əliyev fenomeninin böyüklüyü, XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına ən fəal dövlət rəhbəri kimi daxil olması mövzusunda çıxış etdi. Azərbaycanın bütün sahələr üzrə dinamik inkişafa qədəm qoymasında ulu öndərin xidmətlərindən, həmçinin, dünya çapında siyasi lider sayılmasından danışdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sosial şəbəkələrdə Azərbaycanın Milli Qurtuluş günü ilə əlaqədar tədbirləri davam etdirir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()