Respublika Gənclər Kitabxanasının canlı yayımının yeni həmsöhbəti klinik psixoloq Günel Abasova olmuşdur

15 aprel, 2021
Paylaş:

Respublika Gənclər Kitabxanasının canlı yayımının yeni həmsöhbəti klinik psixoloq Günel Abasova olmuşdur

Respublika Gənclər Kitabxanasının “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar müvəffəqiyyətlə davam edir. Növbəti belə görüş 15 aprel 2021-ci il tarixində psixoterapevt, klinik psixoloq Günel Abasova ilə keçirilib. İlk növbədə canlı yayımın aparıcısı, qonağı Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və bütün kitabxana kollektivi adından salamlamış, canlıya qatılmağa razılıq verdiyinə görə Günel xanıma təşəkkürünü bildirmişdir. Müsahibə ilk növbədə verilən sual “Pandemiya” mövzusu ilə əlaqədar olmuş və Günel xanım pandemiya dövründə insanların rastlaşdıqları psixoloji problemlər və bu problemlərin aradan qaldırılması yollarından geniş formada bəhs etmişdir. Günel xanım hal-hazırda psixoloji kömək məqsədilə müraciət edənlərin sırasında Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, onların ailə üzvlərinin, erməni terrorundan əziyyət çəkmiş insanların əksəriyyət təşkil etdiyini və bu insanlarla hal-hazırda reabilitasiya proqramlarının həyata keçirildiyini diqqətə çatdırmışdır. Sonradan Günel xanım son illərin aktual və ağrılı problemi olan intihar mövzusuna toxunmuş, intiharın ilkin əlamətləri, intihar cəhdlərinin növləri, bu təhlükənin qarşısının alınması üsulları haqqında izləyicilərə geniş məlumat vermişdir. Qonaq həmçinin, müasir gəncliyin psixo-sosial mühitə adaptasiyası, böyüməkdə olan yeniyetmə və gənclərdə özgüvən hissinin aşılanması, erkən tərbiyə metodikası haqqında canlı yayım izləyicilərini məlumatlandırmış, lazımı tövsiyə və məsləhətlərini vermişdir. Qonaq müasir ailələrdə yaşanan psixoloji problemlərdən, insanlarımızın uğurlu, xoşbəxt ailə modeli yaradarkən öz şəxsi fikir və düşüncələrinə köklənməli olmalarından, ətrafdakı insanların fikir və münasibət yükündən azad olmaları zəruriyyətindən də danışmışdır. Çox maraqlı diskussiya formasında keçən canlı yayımda izləyicilərin rəyləri və sualları da səsləndirilmişdir.

Psixoterapevt, klinik psixoloq Günel Abasova ilə keçirilən canlı yayım kitabxananın İnstagram səhifəsinin https://www.instagram.com/p/CNshz1VCZFV/ linki altında yerləşdirilmişdir.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()