Respublika Gənclər Kitabxanasında yeni kitab təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı müasirimizdir” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Cəfər Cabbarlı adına Ev-Muzeyinin təşkilatçılığı ilə filologiya elmləri doktoru, professor Tahirə Məmmədin müəllifi olduğu “Cəfər Cabbarlı yaradıcılığı ədəbi cərəyanlar və mətnin çoxqatlılığı kontekstində” monoqrafiyasının və “Şekspir dramaturgiyası Cəfər Cabbarlı tərcüməsində” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova, filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova, Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov, Əməkdar jurnalist, ssenarist, publisist, tərcüməçi, bədii qiraətçi Qafar Əsgərzadə, elm, mədəniyyət, ədəbiyyat, təhsil və mətbuat sahəsinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı Cəfər Cabbarlı yaradıcılığının Azərbaycan ədəbiyyatı, dramaturgiyası və teatr sahəsində tutduğu mühüm mövqedən bəhs edərək, görkəmli sənətkarın irsinin müasir elmi yanaşmalar əsasında öyrənilməsinin əhəmiyyətini vurğuladı.
Professor Asif Rüstəmli öz çıxışında Cəfər Cabbarlının zəngin yaradıcılıq irsi, Azərbaycan dramaturgiyasının inkişafındakı rolu, milli ədəbi düşüncəyə gətirdiyi yeniliklər və əsərlərinin bu gün də aktuallığını qoruması haqqında geniş məlumat verdi. “Cəfər Cabbarlı yaradıcılığı ədəbi cərəyanlar və mətnin çoxqatlılığı kontekstində” monoqrafiyasının görkəmli dramaturqun yaradıcılığına həsr olunmuş çoxillik elmi araşdırmaların nəticəsi olduğunu vurğulayaraq, monaqrafiyada Cəfər Cabbarlının əsərlərinin müxtəlif ədəbi cərəyanlar və çoxqatlı mətn strukturu baxımından araşdırıldığını diqqətə çatdırdı.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova təqdim olunan monoqrafiya və kitabın Cəfər Cabbarlı yaradıcılığının yeni elmi yanaşmalar əsasında öyrənilməsi baxımından əhəmiyyətindən danışaraq, nəşrlərin tələbə, tədqiqatçı və ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu vurğuladı.
Əməkdar jurnalist Qafar Əsgərzadə monoqrafiyada Cəfər Cabbarlı yaradıcılığının bədii-estetik çoxqatlılığı, mətnlərinin struktur xüsusiyyətləri, ədəbi cərəyanlarla əlaqələri və Azərbaycan dramaturgiyasındakı mövqeyinin yeni nəzəri yanaşmalar əsasında təhlil edildiyini söylədi.
Redaktor-tərcüməçi Bəhlul Abbasov öz çıxışında Cəfər Cabbarlının tərcüməçilik fəaliyyətindən, bu tərcümələrin görkəmli dramaturqun yaradıcılıq dünyagörüşünün öyrənilməsi baxımından mühüm mənbə olduğunu söyləyərək, görkəmli dramaturqun Şekspir yaradıcılığının Azərbaycan dilinə və ədəbi mühitinə gətirilməsindəki rolundan bəhs etdi.
Sonda Qəmər xanım Seyfəddinqızı və Bəhlul Abbasov Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürlərini bildirdilər, təqdimatı keçirilən kitablar kitabxanaya hədiyyə edildi.

















