Respublika Gənclər Kitabxanasında kitab təqdimatı keçirilib
28 yanvar 2023-cü il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gənc yazar Zinyət Samirin "Tomtomi" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə kitabın rəssamı, Azərbaycanın Xalq rəssamı, YUNESKO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Assosiasiyasının üzvü, "Sülh səfiri" Əşrəf Qeybətov, kitabın dizayneri Günay Vəliyeva, psixoloq, psixoterapevt Emiliya Əhəd, mədəniyyət və incəsənət nümayəndələri Ceyhun Bakinskiy, Rafael İslamov və başqaları iştirak edib.
Tədbirdə çıxış edən Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, kitabın azyaşlı oxuculara rəsm çəkməyin əsaslarını öyrətməklə yanaşı, həyatda onların dürüst, təmkinli, savadlı, vətənpərvər bir insan kimi yetişmələrinə yardımçı olacaq biliklərin, məsləhətlərin verildiyini söyləyib. Bu kitabın Respublika Gənclər Kitabxanasının balaca oxucuları üçün əsl töhfə olduğunu bildirib.
Müəllif Zinyət Samir bu gün təqdimatı keçirilən “Tomtomi” kitabının onun işıq üzü görən sayca ikinci kitabı olduğunu, birinci kitabın 2021-ci ildə nəşr edilən “Fici boyunca” əsəri olduğunu söyləyib. “Tomtomi” kitabında bəhs edilən qəhrəmanının Azərbaycanın Xalq Rəssamı Əşrəf Qeybətov olduğunu bildirib. İki hissədən ibarət olan bu kitabda birinci hissənin üç günlük dərslərdən, ikinci hissənin isə şagirdlərin qısa hekayələr yazmağından bəhs etdiyini söyləyib. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir insana öz dərin minnətdarlığını bildirərək, kitabının bu gün məhz mədəniyyət və mütaliə ocağı olan kitabxanada keçirilməsindən böyük məmnunluq hissi duyduğunu bildirib.
Tədbirdə iştirak edən Xalq rəssamı Əşrəf Qeybətov "Tomtomi" kitabını “mehriban və parlaq hekayə” adlandıraraq, gənc yazıçının yaradıcılığını yüksək qiymətləndirdiyini və ona gələcək işlərində uğurlar arzuladığını söyləyib.
Sonda müəllif Zinyət Samir kitabxanaya və tədbir iştirakçılarına imzalı kitablarını hədiyyə edib.


