Respublika Gənclər Kitabxanasında "Creative Summer" layihəsinin açılış mərasimi
30 iyul 2022-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Creative Summer" layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov, Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, "GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyev, "Freres Wear"MMC -nin həmtəsisçisi Nahid Babayev, "Binar School" proqramının rəhbəri Aydan Şahalıyeva və layihənin təlimlərinə cəlb edilən 30-dan çox gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Aslan Cəfərov ölkəmizdə gənclər siyasətinin təməlinin dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin illərdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. O, ulu öndərin ölkəmizdə Azərbaycan gəncliyinə olan qayğısından, gənclərin mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərdiyi daimi dəstəkdən, Azərbaycanda “Gənclər Günü”, “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılmasından, gənclər üçün “Prezident Mükafatı”nın təsis edilməsindən və bu günlərdə keçirilən “Qoşulmama Hərəkatı”nın Gənclər Sammiti haqqında danışdı. Bu siyasətin nəticəsi kimi ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişdiyini, müasir gəncliyin yerli və beynəlxalq arenalarda yüksək uğurlar qazandığını qeyd etdi.
"GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyev öz çıxışında gənclər təşkilatının daxilində fəaliyyət göstərən “İqtisadiyyat”, “Hüquq”, “İT bilikləri” və s. məktəblərin həyata keçirdikləri layihələr, tədbirlər haqqında məlumat verərək, "Creative Summer" layihəsində iştirak üçün müraciət edənlərin sayının 600 nəfərdən çox olduğunu qeyd etdi. O, treninqləri uğurla başa vuran iştirakçılara sonda sertifikatların təqdim olunacağını və eyni zamanda, xüsusi fərqlənən gənclərin təcrübə proqramlarına cəlb ediləcəyini bildirdi.
Əsas məqsədi qrafik dizayna marağı olan gənclərin fəaliyyətini bu istiqamət üzrə stimullaşdırmaq və onların inkişafına töhfə verməkdən ibarət olan bu layihə çərçivəsində 30-dan çox gəncə 2 ay müddətində qrafik dizayn proqramları – Adope Photoshop və İllustrator proqramları tədris ediləcək.
Qeyd edək ki, layihə "GUYS" İctimai Birliyinin təşkilatçılığı, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və "Freres Wear" MMC-nin tərəfdaşlığı ilə "Binary School" proqramı çərçivəsində keçirilir.









