Respublika Gənclər Kitabxanası müharibə iştirakçısı, qazi Anar Əliyev ilə canlı görüş keçirib
Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ uğrunda gedən Vətən Müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etmək məqsədilə Vətən Müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlarını davam etdirir. “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan növbəti canlı yayım 18 avqust 2021-ci il tarixdə baş tutdu. Canlı yayımın qonağı müharibə iştirakçısı, qazi 36 gün erməni əsirliyində olmuş, Azərbaycan ordusunun igid əsgəri Anar Əliyev idi. Canlının ilk dəqiqələrində qazi Anar izləyicilərə qısaca olaraq özü haqqında məlumat verdi. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, əsasən Cəbrayıl və Fizuli rayonları ərazisində olduğu döyüşlərdən, müharibənin təəssüratlarından, harada və necə yaralanmasından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz sonradan mənfur düşmən tərəfindən əsir alınmasından danışdı. Canlı yayımda əsirlik həyatının acı xatirələri, ağlasığmaz işgəncə və zülmləri, erməni “həkimlərinin” həkimlikdən uzaq davranışları dilə gətirildi.
Anar yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarından böyük ehtiramla söhbət açdı. Qonaq dəfələrlə düşmənin necə namərdcəsinə döyüşməsindən, döyüş bölgəsindən qaçmasından, ali insani hərəkətlərdən uzaq olan terrorist davranışlarından – Gəncə və Bərdənin namərdcəsinə raket hücumuna məruz qalmasından da danışdı.
Canlı yayımın sonunda qazi Anar Əliyev Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə öz minnətdarlığını bildirdi.
İstifadəçilər qazi Anar Əliyev iştirakı ilə keçirilən canlı yayıma https://www.instagram.com/p/CSt5tLYiJBm/ linkı vasitəsilə baxa bilərlər.