Rəşad Nuri Güntəkin
"Dibi görünməyən quyulara atılan daş çıxardığı səslə dərinliyi göstərdiyi kimi, başqalarının kədəri də ürəklərimizə düşəndə bizə insanlığımızın dərəcəsini öyrədir"... Özü həyatda elə bir çətinlik görməsə də, əsl yazıçıya xas olaraq başqalarının dərdlərini, toplumun əziyyətini, narahatlığını, məhrumiyyətlərini, ağrı-acısını ən xırda detallarına qədər görməyi bacarırdı, ən əsası onları sözlərə töküb ustalıqla oxucularına çatdıra bilirdi... Söhbət bütün zamanların sevimli yazıçısı, "Çalıquşu", "Damğa", "Dodaqdan qəlbə", "Yarpaq tökümü" kimi məşhur romanları ilə qəlblərimizdə taxt quran, türk ədəbiyyatının klassiklərindən biri Rəşad Nuri Güntəkindən gedir...
İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər paşanın qızı Lütfiyyə xanımın ailəsində dünyaya göz açan yazıçını, əslində bir zamanlar çoxları azərbaycanlı bilib. Əsərləri onun kimliyini unutdurub, çünki yaddaqalan obrazlara, əslində, müsbət qəhrəmanların hamısına da Rəşad Nuri Güntəkinə olan sevgi, məhəbbət bəslənib. Bir sözlə, yazıçı özü obrazlaşıb, qəhrəmanlaşıb nəzərlərdə.
Yaradıcılığa Birinci Dünya müharibəsinin sonlarından başlayan ədib daha çox "Çalıquşu" romanı ilə məşhurlaşsa da, müxtəlif janrlarda qələmə alınmış yüzdən artıq əsərin və 19 romanın müəllifidir.
Türkiyədə, Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində onun əsərləri sevilə-sevilə oxunmaqdadır. Məhz bu sevgidəndir ki, romanlarına çəkilmiş filmləri seyr edilmə göstəricilərinə görə liderliyini saxlamaqdadır.
Yazıçı hələ sağlığında türk ədəbiyyatının canlı klassikinə çevrilmiş azsaylı sənətkarlardandır. Əsərlərində insanın daxili dünyasının ən gizli qatlarına baş vurulur, onun hiss, həyəcan və yaşantıları real, inandırıcı cizgilərlə təqdim olunur. O, öz qəhrəmanlarını mənsub olduğu xalqın içərisindən seçdiyi üçün geniş oxucu auditoriyasının diqqət və marağını cəlb etməkdədir.
Bir müddət Türkiyənin Böyük Millət Məclisində millət vəkili vəzifəsində çalışsa da, yaradıcılıq dünyasından ayrılmamaq üçün siyasətlə fəal məşğul olmur və təqaüdə çıxır.
Yazıçıdan yadigar qalan əsərləri ilə yanaşı, ailə həyatı da oxucuda maraq doğurur. Həyat yoldaşı Hədiyə xanım və qızı Ela Güntəkinlər onun üçün çox şey ifadə edirdi. Şagirdi Hədiyə xanımla ailə quran Rəşad Nuri Güntəkinin bir müddət övladı olmadığından keçirdiyi iztirablar onun əsərlərində ötəri də olsa verilib. Lakin sonralar dünyaya gələn tək körpə üçün Rəşad Nuri qızının xatirə dəftərinə bir atanın saf hisslərindən doğan ürək sözlərini belə yazıb: "11 mart 1951-ci il. Ela qızım, mən uşaq ikən, sənin yaşında olarkən səmadakı Aya baxardım: "Ay dədə, Ay dədə, oğlun, qızın çoxdur, dədə, birini mənə versənə?! Allah sənə çox verər", - deyə dua edərdim. "Ay dədə" məni eşitdi. Uşaqlarının birini mənə verdi. "Adı Ela qız olsun, - dedi. - Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun", - dedi.
Xatirələrdən məlum olur ki, yazıçı ömür-gününə gecikib gələn tək balası ilə gəzintiləri, səmadakı ulduzla danışmağı sevərmiş. Rəşad Nuri qızının 12-13 yaşı olmasına baxmayaraq, onunla "xəyali" söhbətlər etməyi xoşlayarmış. Qızı daim yanında olsa da, onunla danışmırdı, həmsöhbəti sanki ay, ulduz, günəş idi... Belə deyirlər ki, yazıçının dərd ortağı qızı Ela və "səma" olub...
Lakin Ela xatirələrində atasının çox ciddi, mentalitetli biri olduğunu dilə gətirib: "Evimiz monastır kimi bir yer idi".
Həyatında ağrı-acıların şahidi olan yazıçı özü də xəstəlikdən yaxa qurtara bilməyib. Ağciyər xərçəngi səbəbindən 67 yaşında dünyasını dəyişən yazıçı müxtəlif vəzifələrdə çalışsa da, sadəliyi, daim xalqla birlikdə olmağı sevdiyindən vəsiyyətinə görə Qaracamaat məzarıstanlığında torpağa tapşırılıb, daim anılsın, ziyarət edilsin deyə...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.