15 aprel, 2025
Paylaş:

Rafiq Babayev

Çörək qırıntıları ilə böyüyən, 31 Mart soyqırımı günü dünyaya gələn, elə həmin ayda da erməni terrorunda həlak olan görkəmli bəstəkarımız milli cazın korifeylərindən biri Rafiq Babayev...

Bəstəkar Bakıda xüsusi xidmət orqanı əməkdaşı olan Fərzi Babayevin ailəsində dünyaya gəlib. O, doğulandan bir il sonra atası həbs olunub və güllələnib. Beş uşaqlı ailənin sonbeşiyi olan Rafiq atasının üzünü görməyib. Repressiya və müharibə dövrünün ağır sınaqlarını anası Şahbəyim xanım və digər bacı-qardaşı ilə birlikdə keçirən bəstəkar kasıbçılıqla böyüyüb. Uşaqlıqdan caz musiqisi ilə maraqlanan Rafiq Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub. Daha sonra isə Fikrət Əliyevin məsləhəti ilə konservatoriyanı bitirib. Tələbəlik illərindən müəllimi, professor Rauf Atakişiyevlə başlanan dostluq münasibətləri uzun müddət davam edib. Özünü bütünlüklə caz musiqisinə həsr edən sənətçi konservatoriyanı bitirdikdən sonra musiqi qrupu yaradıb. Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxan qrup bir müddət sonra dağılsa da, musiqiçilər üçillik turnedə xeyli pul qazanıblar. Demək olar, həmin vaxta qədər heç bir azərbaycanlı caz ifaçısı o qədər pul qazanmamışdı. Gənc sənətçi qazandığı pulla anasına mebel, özünə royal alır. Həm də bu üç il sənətçinin yaradıcılığında mühüm rol oynayır: onun yaradıcılıq fəaliyyətinin coğrafiyası genişlənir, vətənin sərhədlərini aşır.

Bəstəkarın qızı Fərizə xanım xatırlayır: "Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin. Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Atam danışırdı ki, "payok"la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları yemək üçün qardaş və bacılar arasında növbəlilik müəyyən olunubmuş. Hər gün bu qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki, sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Atamın o biri qardaş və bacıları işləsə də, onlar yenə də kasıb olublar. Təsəvvür edin ki, onların evində mebel olmayıb. Ona görə də atam istəyib ki, anasına maddi kömək etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları "paçka" ilə çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə ürəyin istəyən hər şeyi al!".

Deyilənə görə, bəstəkar yeni bir musiqi məşq edəndə əlüstü hər kəsin parçasını fərdi qaydada onun tonallığına, ifa qabiliyyətinə uyğun şəkildə işləyib verirmiş. Bu səbəbdən evdə onun not yazıları qalmayıb. Bəstəkarın idmanı səhər yeməyindən sonra Şopenin etüdlərinin ifası olub. Şopen onun üçün əvəzolunmaz düha idi.

20 Yanvar hadisələri, ardınca baş verən Qarabağ müharibəsi Rafiq Babayevə dəhşətli dərəcədə təsir edir. Qarabağ müharibəsi başlananda səfərbərlik elan olunur. Bu zaman musiqiçiləri də müharibəyə aparırlar. Rafiq Babayev isə buna kəskin etiraz edir. Deyir, onsuz da müharibə insanları öldürür, heç olmasa musiqiçiləri qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən insanlardılar. Onlar olmasa bu xalqın mədəniyyətini kim təbliğ edəcək. Həmin vaxtı o, vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları qatardan düşürür.

Sonralar Cəbrayıl Lotfi adlı mesenat ona kollektivini saxlamaq üçün hər ay lazım olan vəsaiti ayıracağını, köməklik edəcəyini deyir və bunu yerinə yetirir. Onun köməkliyi sayəsində bəstəkar kollektivini genişləndirir, böyük heyətli ansambl yaradır. Rafiq Babayev çox vətənpərvər adam olub. Ona dəfələrlə Amerikada, Avropada yaşamaq təklif olunsa da, o razı olmayıb. Bakıdan kənara çıxmayıb. Hətta ən çətin vaxtlarda maddi çətinlik çəkdiyi dövrlərdə belə bu kimi təkliflərdən imtina edib.

1994-cü il martın 19-da erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakının "20 Yanvar" metro stansiyasında dəhşətli terror aktı törədilir. Bu terror nəticəsində həlak olan 14 nəfərdən biri də Rafiq Babayev olur. Ömründə ilk və son dəfə yer altına enən 57 yaşlı dahi sənətkar həyatla elə oradaca vidalaşır...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()