13 fevral, 2025
Paylaş:

Rac Kapur

O sanki bu həyata Hindistanı bütün dünyaya tanıtmaq üçün gəlmişdi. Rejissoru, ssenari müəllifi olduğu "Avara", "Cənab 420", "Sanqam" kimi məşhur filmlərdə oynadığı baş rollarla ədalətli, mərhəmətli olmağı, haqqın qələbəsini, sevginin gücünü nümayiş etdirirdi. Onun bütün təqdimatları mükəmməl, inandırıcı alınırdı. Və o milyonların sevimlisi idi, təkcə öz ölkəsində yox, onun hüdudlarından kənarda da. Hindistanın bütün ali mükafatlarından, titullarından başqa pərəstişkarlarının ona verdiyi adlar da var idi: "Hindistanın kino kralı", "Hind kinosunun memarı və yaradıcısı", "Şərqin Çaplini"... Söhbət bibisi ilə evli, tərəf müqabili ilə sevgili olan, Yuri Qaqarinin "yoldaş Avara" çağırdığı məşhur kino ulduzu Rac Kapurdan gedir...

Rac Kapur Pişəvəridə aktyor Prithvirac Kapurun ailəsində anadan olub. Altı yaşında atasının sahib olduğu teatrda səhnəyə ilk addımını atıb. Prithvirac Kapurun tələbkarlığı, hətta öz oğluna belə heç bir güzəştə getməməyi balaca Rac üçün əsl sənət məktəbinə çevrilib. O, qısa zamanda kiçik rolları ilə də olsa öz istedadını nümayiş etdirə bilib. Teatrda çalışmasına baxmayaraq, kino sənətinə daha çox həvəs göstərib. Atası onun bu arzusunun qarşısına sədd çəkməyib. İlk dəfə 11 yaşında kinoda rol alan aktyor, bütün dünyada populyarlaşmağa başlayıb. Öz məhşurluğu ilə hətta tanınmış siyasətçiləri və liderləri arxada qoyub.

Hindistanın Baş naziri Cəvahirləl Nehru Moskvaya səfər edərkən Nikita Xruşşovun ondan soruşduğu ilk suallardan biri Rac Kapurla bağlı olub: "Cənab Baş nazir, siz Rac Kapuru şəxsən tanıyırsınız? Bilirsiniz hansı Rac Kapuru deyirəm? Mahnı da oxuyur ey, avara mu...". Təbii ki, belə sual baş naziri qıcıqlandırır. Cəvahirləl Nehru elə düşünür ki, sovet rəhbəri əvvəlcə ondan Hindistanın SSRİ-dəki səfirini soruşmalıdır. Və o vaxt Hindistanın SSRİ-dəki səfiri Cəvahirləl Nehrunun bacısı olub. Baş nazir Hindistana qayıtdıqdan sonra həmin dövrdə tanınmış teatr rejissoru və həm də parlamentin üzvü olan Rac Kapurun atasını yanına çağırtdırıb deyir:

"Mən belə anladım ki, sizin oğlunuz SSRİ-də məndən də məşhurdur". Cəvairləl Nehrunun müsahibələrinin birində Rac Kapur haqqında söylədiyi fikirlər də maraqlıdır: "Mən hazırda bütün dünyada ən məşhur adamlardan biriyəm. Demək olar ki, məni hamı tanıyır. Amma Rac Kapurun populyarlığına çatmaq üçün mən hələ çox uzaqlardayam. Bu məsələdə onunla rəqabət çox çətindir. Rac Kapur yeganə insandır ki, Hindistanın qüruru titulunu mənim əlimdən alır".

Məşhur kosmonavt Yuri Qaqarin Hindistana səfər edərkən Rac Kapurla tanış olub. Qısa zaman kəsiyində SSRİ-nin vizit kartı olan Yuri Qaqarinlə, Hindistanın vizit kartı sayılan Rac Kapur arasında səmimi yoldaşlıq münasibəti yaranıb. Kosmonavt kino ulduzuna adı ilə yox, "Yoldaş Avara" deyə müraciət edib. Bu məşhurluq, bu sevgi Rac Kapuru yolundan azdırmasa da xanımlardan da imtina etdirməyib. Ətrafında, çəkiliş meydanlarında, təqdimatlarda rastlaşdığı xanımlara laqeyd olmayıb. Bir çox filmlərdə tərəf müqabili olan olduqca yaraşıqlı aktrisa Nərqis isə onun sevgi kumirinə çevrilib. Xanım aktrisa ən çətin, ən mürəkkəb anlarda Rac Kapurun ən yaxın köməkçisi olub. Rac Kapurun ürəyində Nərqisə sevgi olsa da başqa qadınlarla əylənməkdən də əl çəkməyib. Rəqib xanımların Rac Kapura görə çəkişmələri isə son həddə çatıb. Və nəhayət günlərin birində iki xanımın Rac Kapur adlı mübarizəsi səs-küyə səbəb olanda aktyor evlənməyi qərara alıb. Rac Kapur 16 yaşlı bibisi ilə ailə həyatı qurub. Hindistan adətlərinə görə belə nikahlar normal sayılır. Cütlüyün beş övladı olub. Krişna Kapur ömrünün sonuna qədər həyat yoldaşına sədaqətlə xidmət edib. Bəzən Rac Kapurun məqbul sayılmayan hərəkətlərinə göz yummağı da bacarıb.

Rac Kapurla Rəşid Behbudov dost olublar. Bu iki əfsanəvi şəxsiyyət eyni gündə, dekabrın 14-də dünyaya gəlib. Rac Bakıda qaldığı müddətdə Rəşid Behbudova onun "villası"nı görmək istədiyini deyib. Racın Hindistanda çoxotaqlı dəbdəbəli mənzilində qalan Behbudov isə özünə sığışdırmadığı üçün sadə 2 otaqlı mənzilini göstərmək istəməyib. Rəşid ona "villa"sında təmir getdiyini deyib. Rac ikinci dəfə Bakıya gələndə "təmir" hələ davam edib. Üçüncü səfərdə isə Rəşidə nəhayət, Azneftdəki "professor" evində yeddiotaqlı mənzil verilib. Rəşid dostunu ora dəvət edib, Kapur bir neçə gün onun qonağı olub. Onlara bu müddətdə səhər yeməyi, nahar və şam yeməyi yaxınlıqdakı "İnturist"dən gətirilib. Digər məlumata görə isə qonağı təəccübləndirmək üçün Azərbaycan Tarixi Muzeyinin otaqları bir neçə saatlıq Rəşid Behbudovun mənzilinə "çevrilib". Amma bunu görən Rac Kapur deyib: "Dostum, mən elə bilirdim ki, sənin kimi məşhur adam sarayda yaşayır, amma bizim ən sıradan aktyorlarımızın belə evi var".

Sənətkarın ölümü də kino kimi olub. Nyu-Dehlidə təntənəli mərasim imiş. Mərasimdə Hindistanın prezidenti Rac Kapurla görüşəcəkmiş. Kapur qəflətən özünü pis hiss edib və huşunu itirib. Bir neçə ay sonra 63 yaşında dünyasını dəyişib. Diaqnoza görə, aktyor astma xəstəliyindən rəhmətə gedib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()