Qustav Kurbe
"Əlli yaşındayam və həmişə azad yaşamaq istəmişəm. İcazə verin həyatımı azad tamamlayım". Ölməzdən qabaq haqqında "heç bir məktəbə, kilsəyə, instituta, akademiyaya aid deyildi. Azadlıq rejimindən başqa heç bir rejimə tabe olmadı" deyilməsinə icazə vermişdi Qustav Kurbe... Realizm cərəyanın yaradıcılarından və əsas nümayəndələrindən biri olan bu fransız rəssamı açıq-saçıq, nalayiq rəsmləri ilə tarixə düşüb...
Fransanın Ornanda şəhərində, fermer ailəsində dünyaya gələn rəssam uşaqlıqdan rəssamlığa maraq göstərməyə başlasa da, atasına hüquq üzrə təhsil alacağına söz verərək, Bezanson Kral Kollecində təhsil alır. Lakin hüquqdan çox rəssamlığa meyil etdiyi üçün iki il sonra paytaxt Parisə yollanır. Luvr muzeyinə baş çəkir, məşhur əsərlərin surətini çıxararaq özünü "inkişaf" etdirir.
Kurbe Parisə gələndə çox iddialı, heç kimdən, heç nədən çəkinməyən, utanmaz, arsız bir gənc idi. Daxili aləmi sanki rəssamın zahiri görünüşünə də yansımışdı. Tənqidçilər təkcə onun çəkdiyi açıq-saçıq əsərlərini deyil, həmçinin özünü də tənqid edirdilər. Onu "kəndli ayı" adlandırırdılar. Hətta bir tənqidçi onun barəsində belə yazırdı: "Kurbe hər mövzuda rekord vurur - ən ucadan o qışqırır, ən çox bakal pivəni o içir, ovdan ən böyük ovu o gətirir və bir peyzajı ən tez o, iki saatdan daha az vaxta işləyir".
Kurbe həyatdan nə istəyirdisə onu da alır, bunu necə edəcəyini yaxşı bilirdi. İndiki dildə desək, üzsüzün biri idi. O qədər üzsüz ki, öz dostunun qadınını əlindən alacaq qədər. Zahiri görünüşü buna imkan verməsə də, qadınların diqqətini cəlb etməyi bacarırdı. Özü etiraf edirdi ki, bunu gün ərzində içdiyi viskilərə borcludur. Ömrünün sonuna kimi yüngül həyat tərzi keçirən rəssam heç vaxt evlənməmişdir. O, hər nə qədər qabağa getməyə çalışsa da, pula həris olsa belə, ömrünün sonuna kimi borc-xərc, səfalət içində yaşamış, 58 yaşında spirtli içkilərin səbəb olduğu qaraciyər sirrozundan vəfat etmişdir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.