22 fevral, 2023
Paylaş:

Qurub-yaratdıqları sabaha hesablanırdı

"Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür"

Heydər ƏLİYEV

Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə tikinti kompleksinin inkişafına xüsusi önəm vermişdir. SSRİ dönəmində məhz Ulu Öndərin səyi ilə respublikada tikintinin maddi-texniki bazası möhkəmləndirilmiş, çoxsaylı sənaye müəssisələri, yaşayış evləri, sosial obyektlər istifadəyə verilmişdir. Azərbaycanın müstəqilliyi dövründə bu iş nəhəng layihələrlə davam etdirilmişdir. Ən başlıcası həm də odur ki, bu işlərin hamısı sabaha, gələcəyə hesablanmışdır və biz indi onların bəhrəsini görürük.  
Azərbaycanda tikintiyə maraq XIX əsrin ortalarından başlasa da, sovet dönəmində bu sahədə digər respublikalardan geridə qalırdıq. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı 1969-cu ilə qədər vəziyyət beləcə davam etmişdir. 1969-1982-ci illər sahənin intensiv inkişaf etdiyi, yeni proqramların qəbul edildiyi, ixtisaslı kadrların yetişdirildiyi dövr olmuşdur. 
Tikinti kompleksinin inkişafında Ulu Öndərin 1971-ci ilin iyul ayında keçirdiyi Azərbaycan KP MK-nın plenumu xüsusi rol oynamışdır. Burada tikintidəki vəziyyət ətraflı təhlil olunmuş, nöqsanlar göstərilmiş, sonra isə onların aradan qaldırılması üçün konkret tədbirlər planı hazırlanmışdır.
Heydər Əliyevin rəhbərliyi dövründə tikinti sektorunda uzun müddət məsul vəzifələrdə çalışmış və hazırda Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri olan iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyev həmin illəri belə xatırlayır: "İlk növbədə tikintinin idarə olunmasının təkmilləşdirilməsinə dair təşkilati tədbirlərin görülməsi tələb olunurdu. Ümummilli Lider bu məqsədlə Tikinti Nazirliyinin bazasında Sənaye Tikinti Nazirliyini yaratdı. Sənaye və Kənd Tikinti nazirliklərinin, aparıcı podrat təşkilatların rəhbərlərini yeni, bacarıqlı kadrlarla əvəz etdi, bütün sifarişçi nazirlık və idarələrdə tikinti üzrə müavin vəzifəsi yaratdı. Bakı Baş Tikinti İdarəsi müstəqil təşkilat kimi fəaliyyətə başladı. Sahədəki vəziyyət vaxtaşırı müzakirə olunurdu. Ulu Öndər hər il ümumi sahəsi 1 milyon kvadratmetr olan yaşayış evlərinin istifadəyə verilməsini qarşıya bir vəzifə kimi qoymuşdu. Bunun üçün təkcə Bakı Baş Tikinti İdarəsi deyil, şəhərdəki bütün tikinti idarələri gərgin işləyirdi. Tikinti-quraşdırma işləri iki, bəzən üç növbədə aparılırdı. Əmək kollektivləri arasında böyük ruh yüksəkliyi vardı".
Beləliklə, əgər SSRİ dövrünün 1920-1968-ci illərində (1941-1945-ci illəri çıxmaqla) Azərbaycanda ildə orta hesabla ümumi sahəsi 447 min kvadratmetr olan yaşayış evləri istifadəyə verilmişdisə, 1968-1982-ci illərdə bu rəqəm 1,6 milyon kvadratmetr olmuşdur. Müqayisə edilən dövrdə şagird yerləri və çarpayı sayı iki dəfə çox olan məktəblər və xəstəxanalar tikilmişdir. 
İnşaat kompleksində görülən işlərin hamısı Ulu Öndərin diqqət mərkəzində idi. Buna görə də tikintidə göstəricilər dəfələrlə artmışdı. Kür su kəməri, "Neftçilər" və "Nizami" metrostansiyaları, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksi, Bakı Məişət Kondisionerləri Zavodu və daha onlarca müəssisə və obyekt məhz bu dövrdə inşa edilmişdir. Kür su kəməri əsl ümumxalq tikintisinə çevrilmişdi, odur ki, qısa müddətdə istifadəyə verilmişdi, nəticədə Bakı və Sumqayıt şəhərlərinin su təchizatı xeyli yaxşılaşmışdı. 
Ulu Öndər Heydər Əliyevin tikinti sahəsində həyata keçirdiyi quruculuq işləri də məhz sabaha hesablanmışdı. Götürək elə Ulu Öndərin əvəzsiz yadigarlarından biri olan Bakı Dərin Özüllər Zavodunu (BDÖZ). İndi Ümummilli Liderimizin adını şərəflə daşıyan bu müəssisə olmasaydı, Azərbaycanın nəhəng neft-qaz layihələrinin hər biri illərlə ləngiyərdi. BDÖZ-ün Bakıda tikilməsi məhz Heydər Əliyevin gərgin mübarizəsi ilə mümkün olmuşdur.  
Respublikanın Əməkdar inşaatçısı Abid Şərifov "Heydər Əliyev İşığı - İpək Yolu" kitabında tikinti sahəsinin inkişafının Ulu Öndərin rəhbərliyi dövrü ilə bağlı olduğunu vurğulayaraq yazır: "1985-ci ildə Bakı şəhərində Dərin Özüllər Zavodu istifadəyə verildi. Cənab Heydər Əliyevin incə, qətiyyətli siyasəti sayəsində bu zavod Bakıda tikildi. Bu nəhəng tikintinin əhəmiyyəti, mən deyərdim ki, doğma Azərbaycan müstəqillik qazandıqdan sonra daha çox qiymətləndirildi. Əgər bu zavod Bakıda tikilməsəydi, "Əsrin müqaviləsi"nin imzalanmasına Qərb ölkələri elə də çox canfəşanlıq göstərməzdilər... Dərin Özüllər Zavodunun qiyməti, əhəmiyyəti bu gün daha böyük masştabla ölçülür".
Bu dövrdə kənd təsərrüfatı obyektlərinin tikintisinə də xüsusi diqqət yetirilirdi. Şəki, Salyan rayonlarında, Bakının Binə və Ramana qəsəbələrində ilk dəfə olaraq heyvandarlıq kompleksləri istifadəyə verildi. 
Moskvada rəhbər vəzifələrdən birində işlədiyi - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olduğu zaman da Ulu Öndər Azərbaycanın tikinti kompleksindən köməyini əsirgəmədi. Məsələn, Moskvada fəaliyyət göstərən tikinti və layihələndirmə üzrə baş elmi-tədqiqat layihə institutlarının Bakıda yerləşən laboratoriya və şöbələrinin bazası əsasında 1984-cü ildə müstəqil Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu yaradıldı.
Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikanın inşaat kompleksinə, eləcə də tikintinin maddi-texniki bazasının sürətlə inkişaf etdirilməsinə xüsusi diqqət ayırmışdır. Tikintidə bazar münasibətlərinə keçidlə bağlı geniş proqram hazırlanmışdır, sahədə əhəmiyyətli islahatlar aparılmışdır. 
Məlumdur ki, iqtisadiyyatın digər sahələrinin inkişafı tikinti ilə bilavasitə bağlıdır. Ümummilli Lider bu amili ölkəyə rəhbərliyinin ikinci dövründə də diqqət mərkəzində saxlamışdır. Bir sözlə, Heydər Əliyevin qurub-yaradan bir lider olduğu bütün dünyaya məlumdur. Bu barədə çox danışılıb, çox yazılıb və bundan sonra da yeni tədqiqatlar aparılacaq, mövzu dönə-dönə işıqlandırılacaq. Bununla belə, Ulu Öndərin müəllifi olduğu möhtəşəm bir layihənin - üçüncü minilliyin nəhəng mühəndis qurğusu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin adını çəkmək istərdik. Bu kəmərin çəkilişi də məhz Heydər Əliyevin gərgin mübarizəsi və dünyadakı siyasi nüfuzu sayəsində mümkün olmuşdur. Tikintinin təməlini də 2002-ci il sentyabrın 18-də Bakı yaxınlığındakı Səngəçal terminalında Ümummilli Liderin özü qoymuşdur. 
Bu gün Azərbaycanın çəkdiyi beynəlxalq yolların və dəhlizlərin, tikdiyi hava və ticarət limanlarının, saldığı körpülərin başlanğıcında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri dayanır. Prezident İlham Əliyev 2006-cı ildə BTC tam sistem kimi istifadəyə verilərkən onun mühüm əhəmiyyət daşıdığını qeyd edərək deyib: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir". 
İndi bunların hamısı bir reallıqdır. Ulu Öndərin uzaqgörənliklə dediyi "Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür" sözləri bugünkü həyatımızda özünü çox aydın göstərir.   

Flora Sadıqlı,
"Azərbaycan"

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()