Qlobal istiləşmə bəşəriyyətə isti heç nə vəd etmir
Bu səbəbdən onunla mübarizə yolları COP29-un prioritet mövzusu olacaq
Hər hansı bir ölkəni dünya birliyində cəlbedici edən əsas amillərdən biri onun beynəlxalq imicidir. Beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən həmin ölkənin iqtisadi imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar.
İndiyədək Azərbaycanda çoxsaylı beynəlxalq təşkilatların siyasi, iqtisadi və humanitar mövzularda mühüm tədbirləri keçirilib. Bu tədbirlər ölkəmizin özünütəsdiqi və təcrübəli olmasının göstəricisidir.
Noyabrda Bakıda ən böyük beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29 kimi qlobal tədbirin Azərbaycanda keçirilməsi mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Çünki bu, sadəcə ekoloji problemlərin müzakirə olunacağı konfrans deyil, həmin məsələlərin həlli üçün mühüm addımların birlikdə atılacağı böyük qlobal forum olacaq. Azərbaycanın aktual ekoloji problemləri aradan qaldırmaq və davamlı həll yolları tapmağa dair digər ölkələrlə birlikdə işləmək üçün böyük imkanları var. COP29 Azərbaycanda və dünyada iqlim dəyişikliyinin azaldılmasına və "yaşıl enerji"dən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin həyata keçirilməsində fəal rol oynayacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibələrinin birində demişdir: "Azərbaycan dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan ölkədir. Əks təqdirdə, biz səkkiz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməzdik. Əks təqdirdə, Qoşulmama Hərəkatının yekdil qərarı ilə, 120 ölkənin qərarı ilə sədr seçilməzdik".
COP29-a evsahibliyi etmək bir günün, beş günün işi deyil. Bunun üçün aylarla hazırlıq aparılmalı, tədbirlər keçirilməli, dövlət başçıları, beynəlxalq qurumların nümayəndələri, çoxsaylı beynəlxalq təşkilatlarla birlikdə siyasi, iqtisadi və humanitar mövzuda tədbirlər planı tərtib edilməli, onun yerinə yetirilməsi istiqamətində mühüm addımlar atılmalıdır. Təbii ki, bu məsələlər Azərbaycan dövləti üçün çətin deyil, əksinə, ekoloji problemlər müzakirə edilərkən COP29-un formatı nəzərdən keçirilir, yeni əlavələr edilir.
Bu məqsədlə ölkəmizə gələn xarici dövlətlərin nümayəndələrini bir çox halda Prezident şəxsən qəbul edir. Söhbətlər zamanı qlobal tədbirlə bağlı məsələlər müzakirə edilir, qarşı tərəfin təklifləri dinlənilir, bu günün və sabahın mövzusu diqqətə çatdırılır. Bu mənada dövlət başçısının mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbul edərkən dediyi fikirlər COP-un gələcəyi ilə bağlı olduğu üçün maraqlıdır. Azərbaycanın Qoşulmama Hərəkatının "sədrlik üçlüyü"ndə yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də "üçlük" mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğulayıb.
İqlim dəyişikliyinin fəsadı olan qlobal istiləşmə demək olar ki, bəşəriyyəti hər gün, hər saat təhdid edərək, birnömrəli problemə çevrilib. Ən çox da inkişaf etməkdə olan və kiçik dövlətlər istiləşməyə məruz qalıb. Onların çirklənməyə görə məsuliyyət daşıyan sənaye ölkələrinin köməyinə ehtiyacı var. Həmin dövlətlər havaya buraxılan emissiya qazlarını azaltmalı deyil, davamlı maliyyə yardımı almalıdırlar. Məhz bu, COP29-un gündəliyində yer alan əsas məsələdir. Həmin gün Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edən Prezident İlham Əliyev məhz bu məsələyə toxunaraq ehtiyacı olan ölkələrə ediləcək yardımdan söz açıb: "Konfransda müzakirə olunacaq ən mühüm məsələ maliyyədir. Vəsaitlərin ayrılması üzərində fəal çalışırıq ki, həmin məsələlər həllini tapsın. Eyni zamanda anlayırıq ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir. Biz bunu aydın şəkildə anlayırıq. Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur. Sizi əmin edə bilərik ki, kiçik ada dövlətləri məsələsi, onlara dəstəyin verilməsi, onların müdafiəsi müzakirələrin təməlində dayanacaq. COP29-un sədri kimi, biz bunu diqqət mərkəzində saxlayacağıq. Həmçinin digər kiçik ada dövlətləri ilə məsləhətləşərək, COP29 zamanı yüksəksəviyyəli nümayəndələrin görüşünün təşkil olunmasını təklif edirik. Eyni zamanda kiçik ada dövlətlərinə dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edirik".
Qlobal istiləşmə ilə bağlı tədqiqatlar aparan ekspertlərin sözlərinə görə, bu gün xeyli ölkə güclü dəniz qabarmalarından, kəskin siklonlardan, davamlı quraqlıqlardan və içməli suyun şorlaşmasından əziyyət çəkir. Bəzi adalar dünya okeanının səviyyəsinin qalxması üzündən suyun altına qərq olurlar. Alimlər planetin istiləşməsi tendensiyasına görə, kataklizmlərin daha tez-tez baş verdiyini söyləyirlər. Prezident İlham Əliyev bu təhlükənin qarşısının alınması istiqamətində görüləcək işlərdən danışaraq Mitçel Frederik Audleyə ölkəsini təhdid edən istiləşmənin aradan qaldırılmasına kömək edəcəyini vurğulyıb: "Qlobal istiləşmədə böyük payı olan ölkələr isə bundan əziyyət çəkən ölkələrin maraqlarına və gündəlik tələblərinə göz yummalı deyillər. Qlobal istiləşməyə siz səbəb olmamısınız, biz səbəb olmamışıq. Bizim payımız, ola bilsin, mində birdir. Biz axı əziyyət çəkirik. Siz daha çox əziyyət çəkirsiniz.
Mən bir daha sizi əmin edə bilərəm ki, biz təkcə sözdə deyil, o cümlədən işdə göstərəcəyik. COP29-un nəticəsi kimi sizə maksimum gözəçarpan dəstəyin göstərilməsi üçün tərəfdaşlarımızla işləyəcəyik. Bizə gəldikdə, buna maliyyə töhfəsini verməyə hazırıq".
Züleyxa Əliyeva
"Azərbaycan"qəzeti