Qəzənfər Paşayev 85
22 dekabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə tədbir təşkil olunmuşdur.
Tədbirdə filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanov, şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, şair, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Adil Cəmil, filologiya elmləri doktoru Aslan Salmansoy, Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva, tələbə və gənclər iştirak etmişdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq, Qəzənfər Paşayevin tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanındığını bildirdi. Həmçinin, Qəzənfər Paşayevin xalqına, millətinə ruhən bağlı olduğunu, milli dəyərlərimizi və milli adət-ənənələrimizi dərindən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizi-bizə tanıdan, gələcək nəsillərə milli ruhu aşılayan dəyərli alim, hörmətli ziyalı olduğunu bildirdi.
Tədbirin aparıcısı filologiya elmlər doktoru, professor Şirindil Alışanov Qəzənfər Paşayevin Azərbaycan kərkükşünaslıq elminin qüdrətli yaradıcısı olduğunu, nəinki Azərbaycanda, yaxud da dünyanın başqa bir yerində, hətta Kərkükdə belə kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək tədqiqatçıların çox az olduğunu söylədi. Ədəbiyyatşünaslıq elmimizdə ilk dəfə olaraq “Nəsimi divanının İraq nüsxəsi”ni aşkara çıxararaq nəşr etdirdiyini, tədqiq edərək öyrəndiyini söyləyərək, klassik Azərbaycan və Kərkük ədəbiyyatına dair əsərlərində Qəzənfər müəllimin mövzunu dərindən öyrənməsi, materiala yaxından bələd olması ilə yadda qaldığını bildirdi. Professor Qəzənfər Paşayevin geniş, çoxşaxəli yaradıcılığı və şəxsiyyəti ilə daha yaxından tanış olduqca bu müdrik insanın sadəliyin, alicənablığın, xeyirxahlığın təcəssümü olduğunu, əsl qayğıkeş müəllim, həqiqi dost, gözəl yol yoldaşı olduğunun aşkarlandığını söylədi. Qəzənfər Paşayevin taleyində xeyriyyəçilik kimi gözəl və nəcib bir missiyanın da olduğunu söyləyərək, onun yaradıcı adamlara əl tutduğunu, onlara kitablarının çapında kömək etdiyini bildirdi.
Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi Qəzənfər Paşayevin dil biliklərindən, ərəb və ingilis dilinə mükəmməl formada yiyələnməsindən, uzun illər bu dillərin tədrisi ilə məşğul olmasından danışdı. O, Qəzənfər Paşayevin “Altı il Dəclə - Fərat sahillərində”, “Nəsimi edamdan sonrakı həyat” kimi kitablarından bəhs edərək, Qəzənfər müəllimin müəllifi olduğu əsərlərlə yanaşı, “Nostradamusun möcüzəli aləmi” kimi kitabların tərcüməsində də əvəzsiz xidmətlərinin olduğunu qeyd etdi.
Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin sadəcə ədəbiyyatşünas, yaxud dilçi, yaxud publisist yox, sözün geniş mənasında ədib olduğunu, Kərkük dialektini və folklorunu nəzəri cəhətdən tədqiq edən ilk alim olduğunu bildirdi. Elmi ictimaiyyətin tanınmış folklorşünas və ədəbiyyatşünas alim, dilçi, publisist, tərcüməçi kimi tanıdığı professor Qəzənfər Paşayevin, həm də aşıq sənətinin bilicisi və təbliğatçısı olduğunu vurğuladı. Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını qeyd etdi.
Əməkdar jurnalist Adil Cəmil Qəzənfər Paşayevin şəxsiyyəti yaradıcılığını tamamlayan insan olduğunu söyləyərək, tədbir iştirakçıları üçün görkəmli professora həsr etdiyi şerini səsləndirdi.
Filologiya elmləri doktoru Aslan Salmansoy ensiklopedik zəkaya malik olan alimin türkman folklorundan, ayrı-ayrı yazıçılardan əsərlər yazdığını, öz vəsaiti hesabına daim xeyirxah işlər gördüyünü söyləyərək, Qəzənfər Paşayevi 85 illik yubileyi münasibəti ilə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzu etdi.
Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva Qəzənfər müəllim ilə olan xoş xatirələrini dilə gətirərək, onu sevən yüz minlərlə insanın olduğunu bildirdi. Qəzənfər müəllimin bu sevgini öz xeyirxah şəxsiyyəti, mülayim, gözəl daxili aləmi sayəsində qazandığını, əsl müdrik, qayğıkeş bir müəllim, səmimi bir insan olduğunu qeyd etdi.
Qəzənfər Paşayev çıxışında bugünki tədbirin məhz təhsil və mədəniyyət ocağı olan kitabxanada keçirilməsinin onun üçün çox xoş və qürurverici olduğunu söyləyərək, kitabxana kollektivinə yubileyi ilə əlaqədar olaraq kitabxana əməkdaşları tərəfindən hazırlanan “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı videomateriala, professorun elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət virtual və ənənəvi sərgiyə, biblioqrafik siyahıya görə öz dərin təşəkkürünü bildirdi. O, müəllifi olduğu “Xilaskarlar” kitabı haqqında danışaraq Azərbaycan tarixində “Heydər Əliyev epoxasının” və “İlham Əliyev erasının” dövlətçilik salnaməmizin ən parlaq və qururverici sahifəsi olduğunu bildirdi.
Sonda tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, eləcə də tədbirin təşkilatçılarına onun yaradıcılığı ilə bağlı xoş sözlər səsləndirən alimlərə öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.