30 iyun, 2025
Paylaş:

Qərbi Azərbaycanda milli mətbuatımızın əsl salnaməsi...(ardı var...)

Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan “Kommunist” qəzeti 221-ci – sonuncu nömrə­sin­dən sonra 1939-cu ilin sentyabrın 26-da “Sovet Ermənistanı” qəzeti adı altında nəşr olunmağa baş­lamış­dır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu. Qəzetin redak­toru isə tanınmış ictimai xa­dim, təcrübəli jurnalist Cəfər Vəlibəyov təyin edilmişdi. 50 ilə yaxın “So­vet Er­mənistanı” adı altında nəşr olunan qəzet müxtəlif vaxtlarda mövcud olan siyasi-ideoloji ma­neələrə bax­ma­yaraq, 1989-cu ilə kimi uğurla fəaliyyət göstərmiş, Qərbi Azərbay­can­da milli mət­buatı­mızın əsl salnaməsinə çevrilmişdir. Qərbi Azərbaycanda milli mətbuat tarixi­mizdə mühüm mərhələ təşkil edən “Sovet Ermənistanı” qəzeti 1940-cı ilin iyun ayından kiril əlifbası ilə çap olun­muşdur. Həmin illərdə digər mətbuat orqanları kimi “Sovet Ermə­nis­tanı” qəzeti də rep­ressiya dövrünü ört-basdır edir, kolxoz quruluşunun üstünlüklərini təbliğ edirdi. Amma bü­tün bunlara baxmayaraq, Qərbi Azərbaycanda milli mətbuatın zəngin ənənələrini yaşadıb inkişaf etdir­məkdə “Sovet Ermənistanı” qəzetinin böyük xidmətləri olmuşdur.      

1940-cı ildə Nəcəf Məmmədov, Adil Axundov, Abdulla Mirzəyev, Hüseyn Nəcəfov, Yusif Abbasov, Sal­man Rəhimov, Mirəli Seyidov, Əkbər İrəvanlı, Lətif Hüseynov, Cəfər Misgərov, Məmməd Xəlilov və başqa gənclərin qəzetin redaksiyasında müx­­təlif şöbələrdə işə cəlb edilməsi bu mətbu orqanın fəaliy­yətinin daha da canlandırıl­masına, öz ətrafına geniş oxucu kütləsinin və onlarla fəal müxbirin toplanmasına stimul vermişdir. Bu jur­nalistlər qəzet səhifələrində öz çıxışları ilə oxucuların rəğbətini qazanmış­dılar. Bu baxımdan 1940-cı ildə mətbuatda fəallığı ilə seçilən jurnalistlər arasında Fəxri fərmanla təltif olunan azərbay­canlılar­dan qəzetin məsul redaktoru Cəfər Vəli­bəyovun, mə­sul redak­tor müavini Yusif Abba­sovun, təbliğat şöbəsinin müdiri Salman Rə­hi­movun, müxbir Qəşəm Şahba­zovun, “Zərbəçi kolxozçu” qə­ze­tinin məsul redak­toru Fərman İsma­yı­lovun, “Maldarlıq cəbhəsində” qəzetinin məsul redakto­ru Xuda Xudayevin də adları­na rast gəlinir.

Qəzetin ilk müxbirlərindən olan və bir müddət bu mətbu orqanda iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışan Nəcəf Məmmədovun “Sovet Ermənistanı” qəzetinin 20 illiyi münasibəti ilə bağlı “Keçmişdən xatirələr” adlı məqaləsində qəzetin ilk tex­niki he­yəti və müx­birləri haqqında verdiyi məlumatlar maraqlı və əhəmiyyətlidir. Məqa­lədə qə­­zetin böyük çətinliklər bahasına əlverişli olmayan şəraitdə nəşrə hazırlanması, bu işdə fəallıq gös­tə­rən şəxslərin xidmətləri haqqında maraqlı məlumatlar verilmişdir. Bu məlumatlardan aydın olur ki, qəzeti yığmaq üçün ixtisaslı lino­topçiyə böyük ehtiyac ol­du­ğundan bu işi icra etmək üçün Bakı Birləşmiş Baş Mətbəəsindən bir mütəxəssis İrəvana dəvət olun­muşdur. 1940-cı ildə Ba­kı Birləşmiş Baş Mətbəəsi tərəfindən əvvəllər “Azərnəşr”in mət­­bəəsində, son­­ra isə “Kom­mu­nist” qəzeti mət­bəəsində linotipçi vəzi­fəsində çalışan Mə­hər­rəm Sultanov İrə­va­na göndəril­miş­dir. O, 40 il müddətində İrə­vanda “Sovet Ermənistanı” qə­zetinin mate­rial­la­rını yığmış, qə­­zetin vaxtlı-vaxtında oxucularına çatdırılması üçün mətbəə işinin bütün çətin­lik­lə­rinə mə­tanətlə tab gəti­rib böyük əzmkarlıqla çalışmışdır.       

1941-ci ilə kimi qəzet öz ətrafında ən aktiv fəhlə-kəndli müxbirlərini cəm etmiş və on­larla işgüzar təmasını daha da möhkəmlətmişdir. Regionlarda qəzetin ən aktiv xüsusi müx­bir­ləri İrəvanda – Etibar Rəcəbli, Tahir Abbasov, Cəfər Misgərov, Zəngibasarda – Sadıq Əliyev, Hüseyn Nəcəfov, Vedidə – Mirzə Bəşirov, Fərman İsmayılov, Amasiyada – Məm­məd Rəhim Xəlilov, Lətif Hüseynov, Gümrüdə – Məmməd Əliyev, Əştərəkdə – Əli Baba­yev, Qafanda – Əsəd Əsədov, Cəmil Əliyev, Dilicanda – Salman Həsənov, Çəmbərəkdə – Hüseyn Musta­fa­yev, Haqverdi Tağıyev, Həsən Tağıyev, Rəis Məmmədov təmsil edirdilər.

Qəzet özünün 20 illiyinə xüsusi nömrə buraxmasa da, 1941-ci il 105-ci sayının 3-cü səhifəsini bu əlamətdar hadisəyə həsr etmişdir. Ermənistan Kommunist bolşevik partiyası Ve­di rayon komitəsinin katibi Məm­­məd Məmmədov, Basarkeçər rayon icraiyyə komitəsinin katibi Talıb Musayev, Kali­ni­no rayon icraiyyə komitəsinin katibi Əli Qurbanov, Amasiya rayon icraiyyə komitəsinin təş­kilat şöbəsinin müdiri Həsən Hüseynovun qəzetdə birgə dərc etdirdikləri məqalədə azər­baycanlılar yaşayan bölgələrdə bir sıra problemlərin aradan qal­dırılması və müxtəlif sahələr­də uğurlu inkişafın əldə olunmasına böyük diqqət gös­tərilmə­sində, gənc azərbaycanlı kadr­ların ha­zır­lanmasında onlara əməli köməkliklərin göstərilməsi istiqamətində geniş tədbirlərin hə­ya­ta keçirilməsində “Sovet Ermənistanı” qəzetinin böyük rol oynadığı barədə məlumat ve­ri­lir. Yuxarıda ad­larını qeyd etdiyimiz şəxslər mü­təma­di ola­raq qəzetlə əməkdaşlıq edir və vaxtaşırı onun səhifələrində çıxış edirdilər.

Mətbuatın sürətli inkişafına onun işinin tərkibinin dərinləşməsinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaş­lıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən artıq ol­muşdur. Qəzetin fəaliyyətini izlədikdə bütün bölgələrdə fəh­lə-kəndli müx­birlərinin sayının ilbəil daha da artdığı nəzərə çarpır. Re­dak­siya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı. Bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir mək­tubu almışdır ki, bun­lar­dan da 4924 məktub qəzetin səhifələ­rində çap olun­muş­dur. “So­vet Er­mənistanı” qə­zetinin redaksi­yası təkcə Qərbi Azərbaycanın müxtəlif bölgə­lə­rin­­dən de­yil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə də Azər­bay­candan il ərzində minlərlə məktub alırdı.Redak­siyanın mək­­tublar şöbəsi on­ları çeşidləyib, ayda bir neçə dəfə “Bizə yazırlar” rubrikası altında qə­zetin səhifələrində dərc edir­dilər. Yer­lərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbay­canda yaşa­yan azərbay­canlıların bu qəzetə olan inamının göstəricisi idi. Qəzetin səhifələrində dərc olunmuş həmin məktubları nəzərdən keçirdikdə onların böyük əksə­riy­yəti yerlərdəki haq­sızlıq­lardan, soy­daşlarımızın üzləşdiyi problemlərdən, pozulmuş hüquqların­dan və digər sahələrdə baş verən neqativ hallar­dan bəhs edildiyi məlum olur. Soydaşlarımızın pozulmuş hüquqları öz həllini tap­madığı təq­dirdə, şika­yətçinin əli hər yerdən üzüləndən sonra, mək­tubla axırıncı ümid yeri kimi inan­dıqları-gü­vəndikləri “So­vet Ermənistanı” qəzetinə üz tutur­dular. “Sovet Ermənista­nı” qəzeti­nin redak­siyasında mü­ra­ciətlərə diqqət çox güclü idi. Ya­zılara “soydaşlarımızın ümid və güvən yeri” amalı ilə yana­şılırdı. Həllini tapan bütün mək­tublar “Sovet Ermənis­tanı”nın köməyi ilə” rub­rikası adı altında qəzetdə dərc edilirdi.

Lakin qəzet əldə edilən bu uğurlarla kifayətlənmirdi. Qəzet və onun müxbirləri mət­buatın ən gözəl nümunələrini yaratmaqla üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmə­yə ça­lı­şırdılar. Qərbi Azərbaycanda fəhlə-kəndli müxbirlərinin qəzetlə əməkdaşlığını daha da güc­lən­dir­mək, qəzetin səhifələrində çap edilən materialların keyfiyyətinə ciddi fikir vermək məq­­sədi ilə qəzetin redaksiyası tərəfindən bölgə müxbirləri üçün müntəzəm tədbirlər həyata keçirilirdi.

Ümu­miyyətlə, belə müxbir müşavirə və konfransları həm də qəzetin ətra­fında cəm olan fəhlə-kəndli müxbirlərinin yeni həyat quruculuğu uğrunda mübarizə əhval-ruhiyyələrini daha da artırırdı.

Dövrün sosial həyatda yaratdığı çətinlik və problemlər qəzetin çapının zəifliyi və kağız qıtlığında da özü­nü göstərirdi. 1941-ci illərdə qəzetin həcmində və bəzi nömrələrində səhifə­lərin sayı fərqli gös­tərilir. 1941-ci ilin sonlarından başlayaraq qəzet həftədə 4 dəfə iki səhifə həcmində çıxmış­dır. 12 aprel 1942-ci il 87-ci nömrəsindən etibarən isə qəzet həftədə 5 dəfə iki səhifədən iba­rət çap olunmuşdur. Qəzet 1944-1945-ci illərdə həftədə 4 dəfə iki səhifə həcmində çıxmışdı. Həmin illərdə həftədə 4 dəfə nəşr olunan qəzetin üç nömrəsi iki, bir nöm­rəsi isə 4 səhifə həcmində çap olunurdu. 1946-cı illərdə qəzetin həftədə 4 dəfə iki səhifə həc­mində çap olunmasına da rast gəlirik.

Böyük Vətən müharibəsi illərində qəzet partiyanın siyasi tribunasına çevrilərək “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ətrafında kütlələri səfərbərliyə alırdı. Qəzet mü­haribə illərində cəb­hədə mərdliklə vuruşan, qəhrəmanlıq göstərən və ad-san qazanan Qər­bi Azərbay­candan olan azərbay­canlı döyüşçülərin gös­tərdikləri şücaət və igidlikləri, eyni za­manda azər­baycanlı zəhmətkeşlərin fədakar əməyini də vaxtaşı­rı öz səhifə­lərində işıqlan­dırmışdır.

“Sovet Ermənistanı” qə­ze­tinin müxbirləri fərq qoymadan qeyri-millətlərin əsgər və za­bit­lərinin də cəbhələrdəki igidliklərini öz səhifələrində işıqlandırırdı. Qəzet öz oxucularına sovet xalqının alman faşist işğalçılarına qarşı apardığı mühari­bənin gedişindən, cəbhə epi­zodlarından Qərbi Azərbaycanın müxtəlif bölgələrindən olan azər­bay­can­lı əsgər və zabitlərin göstərdikləri igidlik və qəhrəmanlıqlarından ətraflı məlumat verir, ar­xa cəbhədəki döyüşçü­ləri yeni-yeni əmək qəhrəmanlıqları göstərməyə ruhlandırırdı.

Müha­ribə ərəfəsində Qərbi Azərbaycanda yaşayan ziyalıların bir qismi repres­siya qur­banı olmuş, bir qismi isə o cümlədən qəzetin əməkdaşları Lətif Hüseynov, Yusif Abbasov, İbrahim Əli­yev, Cəlal Sərdar və başqaları döyüşən ordu sıralarına çağrılmışdı. İrəvanda Azər­baycan ictimai, ədəbi mühitində bir qədər sönüklük yaranmışdır. Həmin vaxtlarda “Sovet Ermənistanı” qəzetində diqqəti cəlb edən məqamlardan biri qələm sahiblərinin insanları dö­yüşə ruhlandıran, sabaha inamla baxmağa və nikbin olmnağa səsləyən poetik nümunələridir. “Sovet Er­mə­nistanı” qə­­ze­ti çox vaxt yerli şair və yazıçılarla yanaşı Bakıda yaşayıb-yaradan şairlərin də şeirlərini, bədii nü­munələrini dərc edirdi. Böyük Vətən müha­ribəsi illə­rin­də qəzet Vətənin müdafiəsində qəh­rə­manlıqla vuruşanlara Səməd Vurğunun Həzi Aslanova həsr etdiyi “Qəh­rəmanın ölümü”, Süleyman Rüstəmin “Və­tən”, Abdulla Şaiqin “Vətən gənclə­rinə”, Əyyub Abbasovun “Gü­nəş”, İslam Qaradağlının “Sovet topçusu” şeir­ləri, Məm­məd Rahimin “Onu Don qucaqladı”, Hüseyn Cavadovun “Azər­baycan xalqının gene­ralları”, Əli Zeynalovun “Görüş”, Abbas Tahirin “Terekdən El­baya” oçerkləri dərc olun­muş­du. Qəzet xalq təsərrüfatının bütün sahə­lərində çalışan əmək adam­ları sırasında irəlidə gedən­lərin sayı­nın artmasına, nöqsan və kəsir cəhətlərin kəskin tən­qid edilərək aradan qal­dırıl­ma­sına ciddi fikir verirdi. Böyük Və­tən müha­ribəsi illərində “Sovet Ermənistanı” qəzetinə Cəfər Vəlibə­yo­vun redaktorluq etdiyi 1941-1945-ci illərdə qəzet müharibə illərinin arxa cəbhədəki və dö­yüş möv­qelərindəki ritmini əks etdirmiş, “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” rubrika­la­rı altında səfərbərlik və vətənpər­vərlik ruhunda xeyli məktub, oçerk, şeirlər və sair müha­ri­bə mövzusuna dair təsirli yazılar çap etmişdir.

1945-ci ildə müharibə qurtardıqdan sonra müharibənin vurduğu ağır yaraları sürətlə sa­ğalt­maq, dağılmış xalq təsərrüfatını sürətlə bərpa etmək, şəhər və kəndləri yenidən qur­maq, mü­ha­ribədən sonrakı beşillikləri müvəffəqiyyətlə yerinə yetirmək uğrunda səfərbərliyə al­maq­da partiyanın genişləndirdiyi təşkilatçılıq işinin və kütləvi izahat işinin ayrılmaz hissəsi idi.

Böyük Vətən müharibəsindən sonra əvvəlki illərlə müqayisədə “Sovet Ermənistanı” qə­ze­tində də dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövrü mətbuatın inki­şafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə “Sovet Ermənistanı” qə­ze­ti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm təsirli yazılar verməklə yanaşı, ədə­­bi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Həmin dövrdə qəzetin əsas heyətini fəhlə-kəndli müx­­birlər təşkil etsə də, qəzet öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.

1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında özünə yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Hə­sənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) və başqaları öz üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yer­lərdə aparılan abadlıq, inşaat, kolxoz quruluşunun inkişafı və s. əlaqədar olan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsi ilə oxuculara çatdırmağa çalışırdılar.

Qəzetdə “Məktəb həyatı”, “Xarici ölkələrdə”, “İrəvan”, “Sovet Ermənistanında”, “Par­tiya həyatı” rubrikaları altında xeyli məqalə və məktublar dərc edilmişdir.

Dövrü mətbuat bu illərdə zəhmətkeşlərin kommunist tərbiyəsində böyük rol oynamış­dır. “Sovet Ermənistanı” qə­ze­ti respublikada baş verən hadisələri öz səhifələrində hərtərəfli əks etdirirdi. Müxbirlərin sayını artırmaq, onların bilik səviyyəsini yüksəltmək, tarixi qərarla­rın hə­ya­ta keçirilməsini təmin etmək üçün müntəzəm olaraq tədbirlər həyata keçirilirdi. Bu məna­da, müxbir konfrans və müşavirələrinin keçirilməsi ənənəyə çevrilmişdi. Bu cür təd­bir­lərdə mü­vafiq qu­rumların nümayəndələri kəndli-fəhlə müxbirləri qarşısında çıxış edirdilər. Mə­sələn, qəzet 1947-ci ilin iyul ayının əvvəlində fəal oxucu və fəhlə-kolxozçu müxbirlərinin respublika mü­şavirəsi keçirildiyini bildirir. “Sovet Ermənistanı” qəzetinin 1947-ci il 153-cü nömrəsində hə­min müşavirənin çağrılması və gedişinə dair ətraflı məlumat verən “Müxbir və oxucu­larımızın respublika müşavirəsi” sərlövhəli yazıdan aydın olur ki, iyul ayının 27-də keçirilən müşavirədə İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutunun, İrəvan Azərbaycanlı Peda­qoji Məktəbi­nin və İrəvan Azərbaycanlı Kənd Təsərrüfatı texnikumunun müəllim və tələbə­lərindən, o cümlədən şəhər və ra­yon təş­ki­lat­larından 400-ə qədər müxbir və oxucu iştirak etmişdir.

1951-ci ilin iyul ayında qəzetin 30 illik yubileyi tamam olmuşdur. Qəzetin bu yubileyi altı ay­dan sonra 1952-ci ilin yanvar ayının 14-də İrəvanda L.P.Beriya adına Təbliğatçı evində qə­zetin redaksiya kollektivinin, bir sıra mətbuat işçilərinin və müvafiq dövlət qurumlarının işti­rakı ilə qeyd edilmişdir.

“Sovet Ermənistanı” qəzeti ötən əsrin 50-ci illərinədək çətin şəraitdə fəaliyyət göstər­mişdir. Ötən əsrin ikinci yarısından başlayaraq qəzetdə bir sıra sahələrdə yeniləşmə sahələri­nə ciddi diqqət yetirilmişdir. Qəzetin ilk dəfə olaraq 1954-cü ilin yanvarın 17-dən 12-ci nöm­rəsindən etibarən gündəlik böyük formatda nəşri təmin edilmişdir. Amma belə bir xoş dövr uzun sürməmiş, bir müddətdən sonra qəzet yenidən həftədə dörd dəfə böyük formatda 4 səhifə həcmində öz fəaliyyətini davam etdirmişdir.

Fəhlə-kəndli müxbirlərinin formalaşması və onların fəallığının artırılması məqsədi ilə müntəzəm olaraq fəhlə-kəndli müxbirlərinin qurultayları keçirilirdi. 1956-cı il noyabr ayının 30-da Ermənistan Ali Sovetinin iclaslar salonunda Ermənistan fəhlə-kəndli müxbirlərinin qurultayı keçirilmişdir. Qəzetin 1956-cı il 141-ci nömrəsində hə­min qurultayın çağırılması və gedişinə dair “Ermənistan fəhlə və kəndli müx­birlərinin qurul­tayı” sərlövhəli yazıda ətraflı məlumat verilmişdir. Həmin məlumatdan aydın olur ki, noyabr ayının 30-da çağırılan və iki gün davam edən qurultayda partiya və ictimai təşkilatlardan, fəh­lə-kəndli müxbiri, qəzet, jur­nal və radio işçilərindən 518 nəfər nümayəndə qismində iştirak et­mişdir. Qurultayda 7 nəfər azərbaycanlı nümayəndə də iştirak edirdi ki, bunlardan da “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyovu, qəzetin Gümrü bölgəsi üzrə müxbiri Əli Mirzəyevi, Keşişkənd bölgəsi üzrə müxbiri Ağa Ağayevi, Basarkeçər rayo­nun­dan Qəşəm As­lanovu, Üçmüədzindən Aydın Vəliyevi, Qafandan Həsən Hüseynovu, Sisian­dan Həsən Məhər­rə­movu göstərmək olar. Qurultayda keçmiş İttifaq respubli­ka­larının tanın­mış mətbuat nüma­yən­dələri, o cümlə­dən Bakıdan “Kommunist” qəzetinin re­dak­toru Xasay Vəzi­rov da iştirak etmişdir. Həmin qurultayda ermənidilli mətbuat orqanlarının uğurları qeyd edildiyi halda, Qərbi Azərbaycan­da yeganə milli mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti isə müxbirlər hərəkatına lazımi diqqət yetirilməməkdə, fəhlə və kolxozçuların qəzet səhifələrində çox az çıxış etdik­ləri bəhanə gətirilərək qərəzli tənqid hədəfinə çevrilmişdir. Əslində qəzetin tənqid hədəfinə çevrilməsinə heç bir əsas yox idi. Birincisi erməni şovinist dairələri və müvafiq qurumları tərəfindən müx­təlif dövrü nəşrlərə yaradılan əlverişli şərait Azərbaycan dilində çıxan bu mərkəzi mətbuat orqanına yaradılmamışdır. Digər tərəfdən isə qəzet öz imkanları daxilində mövcud dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini təmin edirdi.

1959-cu ildə jurnalistlərin vahid bir təşkilatda birləşməsi məqsədi ilə SSRİ Jurnalistlər İttifaqı yaradıldı. Bu baxımdan keçmiş İttifaq respublikalarında da jurnalistlər ittifaqları təşkil edilməyə başladı. 1959-cu ilin aprelin 6-da Qərbi Azərbaycan jurnalistlərinin birinci təsis qu­rultayı keçirildi. Qurultayda 280 nəfərdən artıq mətbuat nümayəndəsi təmsil olun­muş­dur. Qurultayda bir çox respublikalardan, o cümlədən Azərbaycan Jurnalistlər İttifaqın­dan “Bakı” axşam qəzetinin şöbə müdiri Sabir Məmmədov da iştirak və çıxış etmişdir. Azər­baycanlı nü­mayəndələrdən “Sovet Ermənistanı” qəzetinin redaktoru Cəfər Vəlibəyov, Basar­keçər rayon unda çıxan “Bolşevik uğrunda” qəzetinin redaktoru İsmayıl Əliyev də çıxış et­miş­dir. Qurultay­da Qərbi Azərbaycanın mətbuat cəbhəsindəki vəziyyəti təhlil edilmişdir. “Sovet Ermənistanı” qəzetində qurultayın gedişi barədə geniş məlumat verilmişdir. Qərbi Azər­baycanda medianın inkişaf istiqamətləri göstərilmiş və jurnalistlərə tövsiyələr veril­mişdir. Gənc jurnalistlərin ide­ya səviyyəsini, onların yaradıcılıq təşəbbüsünü inkişaf etdir­mək, jurnalistikanın problemləri onun forma, üslub janrlarını genişləndirmək və bu sahəyə dair bir sıra məsələlər Jurnalistlər İttifaqının qarşısında duran ən mühüm vəzifə idi.   

1957-ci ildə Qərbi Azərbaycanda 10 respublika qəzeti nəşr edilirdi ki, bunların da bir­də­fəlik tirajı 204500 nüsxə, bundan başqa 4 şəhər, 29 rayon qəzeti, 8 çoxtirajlı qəzet, 11 jurnal çıxırdı ki, bun­ların da birdəfəlik tirajı 58000 nüsxə təşkil edirdi. Respublikada Azər­baycan dilində cəmi bir gün­dəlik mərkəzi qəzet və iki rayon qəzeti nəşr edilirdi. Qərbi Azər­baycanda mətbuatın in­kişafı üçün böyük imkanlar yaradıldığı, ilbəil yeni qəzet və jurnallar çap edildiyi halda Azər­baycan dilli yeganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzeti və cəmi 4-5 ra­yonda çap edilən bölgə qəzetlərinin Azərbaycan şöbələri bu qayğılardan məhrum idi. Er­mə­nistanın mü­vafiq qurumları tərəfindən Rusiyanın Moskva, Sankt-Peter­burq, Kiyev şəhə­rinin universi­tet­lərində peşəkar jurnalistika və mətbuat məsələləri üzrə yüksək ixtisaslı elmi kadr­lar hazır­la­maq, hətta keçmiş İttifaqın nüfuzlu qəzetlərinin redak­siya­larında təcrübə keç­mək üçün erməni millətindən olan gənclər göndərildiyi halda, bir nəfər də olsun azər­baycanlı nə təhsil almağa, nə də bu məqsədlə ezamiyyətə göndərilmirdi. Bu ayrı-seçkilik mət­buat işçi­lərinin təltif edilmə­sində də özünü göstərirdi. Məsələn, 1962-ci il 5 may “Pravda” qəzetinin 50 illiyi və mətbuat günü ilə bağlı Qərbi Azərbaycanda fəaliyyət göstərən bir sıra mətbuat, nəşriyyat, radio və te­leviziya işçilərinin bir qrupuSSRİ orden və medalları ilə təltif edildiyi hal­da, onlardan yalnız bir nəfər azərbaycanlı, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini S.Şərifov “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmiş­dir. Ermənilərdən isə bir nəfəri “Lenin” ordeni, 4-ü “Şərəf” ni­şanı, 18-i Əmək igidliyinə görə,14-ü Əməkdə fərqlən­məyə görə medalı ilə təltif edil­mişdir. Fəxri fərmanla təltif edil­miş 117 nəfərdən isə 3 nəfəri azər­baycanlı idi. Bunlardan Əliyeva Lətifə Rəcəb qızı (“Sovet Er­mənistanı” qə­ze­tinin korrek­toru), Əsgərov Rza İbrahim oğlu (“Sovet Ermənistanı” qəzeti­nin mədəniyyət və məişət şöbəsi­nin müdiri), Məmmədov İsrafil Süleyman oğlunu (“So­­vet Er­mənistanı” qəze­tinin par­tiya hə­yatı şöbəsinin müdiri) qeyd etmək olar.

Azərbaycan dilində çıxan əvvəlki nəşrlərdə mövcud olan problemlər hələ 1964-cü illər­də “Sovet Ermənistanı” qəzetində də yaşanmaqda davam edirdi. Belə ki, redaksiyanı daimi binası olmadığı üçün yenə də ünvanlar tez-tez dəyişirdi. Qəzetdə mövcud olan bir sıra prob­lemlərə baxmayaraq, azərbaycanlı oxucular öz doğma qəzetləri ilə təmaslarını daha da güc­ləndirirdilər. Həmin dövrdə qəzet və jur­nalla­rın nəşrinin ilbəil genişlənməsi, oxucuların mətbuata olan ma­ra­ğını daha da artırırdı. Mə­sələn, Zəngibasar rayonunun Yuxarı Necili, Sərvanlar, Mehmandar, Zəngilər, Dəmirçi, Vedi­basar rayonunun Böyük Vedi, Xalisa və bir sıra başqa kəndlərində böyük həvəslə abunə ya­zılırdılar. Azərbay­canlı oxucuların əksəriyyəti ən azı beş-altı qəzet və jurnala abunə yazı­lırdı. Təkcə 1964-cü il sentyabr ayının 1-dən 6-na qədər cəmi 5 gün ərzində Yuxarı Necili kən­dindən “So­vet Ermə­nistanı” qəzetinə 106 nüsxə, Də­mirçi kəndindən isə 89 nüsxə abunə ya­zıl­mışdır. Abunə kam­paniyasının daha da ge­nişləndirilməsinə əngəl törədən ən başlıca sə­bəblərdən biri bölgələrdə abunəçilərə qəzet və jurnalların vaxtlı-vaxtında çatdırıl­ma­­ması idi. Məsələn, Dərə­ləyəzin Qı­zıl­gül, Gülüdüz, Qa­baqlı, Qafan rayonunun Acıbac, Pəy­han, Müsəl­ləm və bir çox bölgələrinə rayon mətbuat ya­­­yımı şöbələri tərəfindən qəzet və jur­nallar abu­nə­çilərinə vax­tında çatdırıl­mırdı. Bu da qəzetə abunə kompaniyasının mütəşək­kil şəkildə apa­rılmasına imkan vermirdi. Həmin illərdə er­məni dilində çıxan “Sovetakan Hayastan” qəzeti 190 000, “Avanqard”, “Pioner” yüz min tirajla çap edildiyi halda, Qərbi Azərbaycanda milli dildə ye­ganə mərkəzi mətbuat orqanı olan “Sovet Ermənistanı” qəzetinin tirajı çox çətin­liklə 16000-ə yüksələ bilmişdi.“Sovet Er­­mənistanı” qəzeti redaksiyası oxucularla qarşılıqlı kommuni­ka­si­yasını daha da gücləndir­­mək, daha məzmunlu, maraqlı, oxunaqlı çıxması üçün 1964-cü ildən başlayaraq hər ilin sonunda növbəti ildə qəzetin səhifələrində hansı guşələrin açıl­ması, hansı məsələlərə daha çox yer verilməsi, bu güzgüdə kimləri görmək istədikləri barə­də arzu və is­tək­lərini qəzetin redaksi­­ya­­­sına bildirmək üçün oxuculara müraciət edirdi.

Araş­dırmalardan aydın olur ki, hər ilin so­nunda qəzetin redaksiyası tərəfindən oxuculara ünvanla­nan belə mü­raciətlərdən sonra onun ünvanına daxil olan məktubların sayı ikiqat artmışdır. Qəzetdə dərc olunmuş oxucu məktub­larını nəzərdən keçirdikdə büyün epistolyar nümunələrdə oxucular qəzeti özlərinə doğma hesab edir, səmimiyyətlə öz ürək sözlərini ifadə edirlər.

Redaksiyaya qatar-qatar gələn hər bir məktubda səmimi bir ürək döyüntülərini hiss edirsən. Qəzetin ünvanına daxil olan bütün məktublar redaksiya heyəti tərəfindən nəzərdən keçirildik­dən sonra məq­sədə­uyğun tək­lif­lər, məsləhət və tövsiyələr nəzərə alınaraq qəzetin səhifələrində öz əksini tapırdı. Bu da qzeti daha dolğun, məzmunlu və

 

                                                                                                  Cəlal Allahverdiyev,

                                                                                                                 “İki sahil” qəzeti

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()