21 aprel, 2025
Paylaş:

Qəmər Almaszadə

Balet dərslərinə getdiyi üçün atasının qəzəbinə tuş gəldi, rəqs edə bilməsin deyə şəhər qoçuları tərəfindən ayağından güllələndi, sənətinə görə ömrü boyu qohum-əqrabanın qınaq obyektinə çevrildi... Bütün bunlardan sarsılsa da, ayağındakı güllə yarasına görə sevdiyi hündürdaban ayaqqabılarını geyə bilməsə də, rəqs etməkdən əl çəkmədi, böyük sevgi ilə addımladığı yoldan geri dönmədi. Bu inadkar zərif xanım Azərbaycan incəsənətinə böyük töhfə verən, Şərq dünyasının ilk qadın balerinası, pedaqoq, SSRİ Xalq artisti Qəmər Almaszadə idi...

Qəmər xanım Bakıda varlı ailədə dünyaya göz açıb. Qəmərin atası Hacı Ağa ayaqqabı mağazasının sahibi, anası Məryəm xanım isə həkim olub. Kiçik yaşlarından rəqs etməyi sevən balaca qızcığazda bu sənətə marağı qonşuluqda yaşayan Şura adlı qız yaradıb. Şura ona rəqsə getdiyini, balet öyrəndiyini deyib. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmərin isə 6 rublu olub. O, pedaqoqun yanına gedib pulunun çatmadığını söyləyib. Azərbaycanlı, müsəlman bir qızın balerina olmaq arzusu müəllimi təəccübləndirib və ona dərs deməyə razı olub.

Ailədə 4 uşaq olsalar da, atası Qəməri daha çox sevib. Onu "mənim sarışınım" deyə çağırırmış.

Lakin qızının bu sənətə sevgisindən xəbər tutanda qəti şəkildə etiraz edib. Buna baxmayaraq, Qəmər bir neçə il gəzmək adı ilə evdən çıxıb rəqs dərslərinə gedib. Bir müddət belə davam etsə də, sənətçi populyarlaşmağa başlayanda artıq bunu gizlədə bilməyib. Onun haqqında yersiz söz-söhbətlər gəzməyə başlayır. Bir gün isə şəhər qoçuları ona qarşı sui-qəsd törədir, silahla atəş açırlar. Xoşbəxtlikdən güllə yalnız onun ayaqqabısının dabanına dəyir.

Günlərin birində Qəmər konservatoriyanın tələbəsi, gələcək bəstəkar Əfrasiyab Bədəlbəyli ilə rastlaşır. Əfrasiyab özündən 7 yaş kiçik olan Qəmərin gözəlliyinə heyran olur, dərslərdən sonra qızı evə ötürməyi təklif edir. Onlar evə çataçatda Qəmər atası ilə qarşılaşır. O atasından utanıb pis vəziyyətdə qalır və Əfrasiyabın qarşısında məsələni qəti qoyur. Tezliklə oğlanın valideynləri ona elçi düşür və onlar ailə qururlar. Əfrasiyab bəy "Qız qalası" baletini Qəmər xanıma həsr edir. Əsas partiyanın ilk ifaçısı da Qəmər xanım olur.

Deyilənə görə, Qəmər xanımın birinci hamiləliyi uğurlu olmayıb. Bundan sonra daha uşaq istəməyib. Əfrasiyab bəy isə əksinə, uşaq arzusunda imiş. Yəqin ki, bir müddət sonra ailənin dağılmasına da elə səbəb bu olub. Əfrasiyab Bədəlbəyli Qəmər xanımdan sonra Yevgeniya adlı bir qadınla evlənsə də, Qəmərlə son günə qədər əlaqəsini kəsməyib. Boşandıqdan sonra da Qəməri sevənlər az olmayıb, amma o, bir daha heç kimlə ciddi münasibət qurmaq istəməyib.

Qəşəng geyinməyi çox sevirmiş. Fransız dərzisinə ən son dəbdə olan materialları, geyimləri sifariş verirmiş. O, evdə həmişə hündürdaban çəkmələrdə gəzib. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban ayaqqabı götürüb. Görünüşünə hər zaman diqqət edən Qəmər xanım ən bahalı ətirləri alıb. Bir dəfə hansısa ölkədə satıcı ona deyib ki, bu ətir sizin üçün çox bahalıdır. Qəmər xanım isə cavabında onun üçün bahalı ətir yoxdur söyləyib. O, həm də gözəl ev xanımı olub, qonaq qarşılamağı çox sevirmiş. Teatrdakı kabinetində qonaqları üçün həmişə şampan, kürü, konfet saxlayarmış.

Qəmər xanım 35 yaşında səhnədən gedib. Aktrisalardan fərqli olaraq, balerinalar üçün bu artıq ciddi yaşdır. "Qoy, tamaşaçılar məni cavan xatırlasınlar. Hələ ki, formada idim və hamı bəyənirdi, mən rəqs edirdim. Lakin mənə çətin olduğunu hiss edən kimi heç kim məni qalmağa inandıra bilmədi. Əmin idim ki, düz edirəm".

Ömrünün sonlarına yaxın Qəmər xanım sklerozdan əziyyət çəkir. Sənətçi tez-tez həyətdəki ac uşaqlara yemək verir, köməklik edir. Bu uşaqlar isə Qəmər xanımın xəstəliyindən istifadə edib onun evinə girir, olan-qalanını oğurlayırlar. 91 yaşında vəfat edən sənətçi Bakıda Fəxri xiyabanda dəfn olunub.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()