“Qan yaddaşımız- Xocalı” adlı tədbir

24 fevral, 2023
Paylaş:

“Qan yaddaşımız- Xocalı” adlı tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız- Xocalı”  adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verərək, 200 il ərzində Azərbaycan xalqının erməni qəsbkarları tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığını bildirdi. İki əsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söylədi. Əliyalın, köməksiz, silahsız insanların, yaşlıların, uşaqların, qadınların kütləvi surətdə qətlə yetirilməsi Xocalıda soyqırım aktının törədildiyinin əyani sübutu olduğunu dilə gətirdi.  O, 1997-ci il 25 fevral tarixində  ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” imzaladığı Sərəncam haqqında məlumat verərək, Xocalı soyqırımına ilk siyasi qiymətin məhz ümummilli lider tərəfindən verildiyini bildirdi. Bu ağlasığmaz faciənin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının danılmaz əhəmiyyətini vurğuladı.

Aslan Cəfərov eyni zamanda bu gün Xocalı soyqımının xatirəsini qalib xalqın nümayəndəsi, qələbə qazanmış Azərbaycan vətəndaşı kimi böyük ehtiramla yad etdiyini  və bundan böyük qürur hissi keçirdiyini dilə gətirdi. Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldığını bildirdi.

İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan və ingilis dillərində silsilə materiallar - ənənəvi və virtual sərgi, videomaterial, metodiki vəsait, məlumat bülleteni, biblioqrafik yaddaş və icmal haqqında tədbir iştirakçılarına məlumat verdi.

Sonradan tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Kamil Qürbətov, Nigar Nəzərova, Fidan Həsənova, Hikmət Əliyev, Həsən Hüseynov, Aytən Vətənxah və başqaları Xocalı haqqında həqiqətlərin dünyaya bildirilməsi, beynəlxalq aləmdə bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün həyata keçirilən layihələrdən, qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi qəbul edildiyini bildirdilər. Bundan əlavə gənclər daim Vətənin keşiyində durmağa hazır olduqlarını, Vətənin hər qarış torpağını qoruyacaqlarını dilə gətirdilər. “Unutmayaq, unutdurmayaq” fikrini rəhbər tutaraq, Xocalı soyqırımının əsrlər keçsə belə yaddaşlardan silinməyəcəyini, faciə qurbanlarının xatirəsinin daim uca tutulacağını bildirdilər.

Tədbirdə  kitabxana əməkdaşları tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış video material və virtual kitab sərgisi də nümayiş olundu.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()