Pyotr Petroviç Şmidt
Pyotr Petroviç Şmidt... Yəqin ki, bu adamın adı çoxlarına tanışdır. Ələlxüsus da sovet dövrünü görmüş insanlar onu daha yaxşı xatırlayarlar.
Aləmi bir-birinə qatan bu dələduz leytenant, haradan biləydi ki, nə az, nə çox - çıxardığı oyunlardan düz 85 il sonra Bakının "Çapayev" küçəsindəki zavod onun adını daşıyacaq... Uzun illər ideal biri kimi tanınan bu adamın həyatı bir sirr pərdəsi altında gizlədilib, kütlələr onun ancaq fədakar yönünü tanıyıb...
Şmidtlər məşhur soyaddır. Neçə nəsil ardıcıl Rusiyanın hərbi dəniz donanmasında ad qoymuşdu. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü.
Uşaq ikən yaxşı rəsm çəkməsinə, çalışqan olmasına baxmayaraq, təhsil illərindən başlayaraq Şmidtin davranışlarında psixi pozğunluqlar hiss olunur. Dəfələrlə əsəb sarsıntısından yaranan bayılmalar, yoldaşları ilə münasibətlərində yol verdiyi qüsurlar sonunda komandanlığı məcbur edir ki, tələbəni psixi ekspertizadan keçirsin. Ancaq donanmada yüksək vəzifə tutan əmisi kontr-admiral Vladimir Petroviçin müdaxiləsi nəticəsində məsələlər yoluna qoyulur. Beləliklə, məktəbi çətinliklə başa vuran Pyotr Şmidt Baltik donanmasına göndərilir.
Gələcək arvadı Yekaterina fon Vaqner köklü-köməcli zadəgan ailəsindən olduğu üçün Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir. Evlilikdən bir il sonra - ailədə oğlan uşağı doğulur və ona atasının adını verirlər: kiçik Pyotr Petroviç.
Daha sonra isə elə bir hadisə baş verir ki, bundan sonra onun ümumiyyətlə, gələcək hərbi karyerası şübhə altına düşür. Pyotr demək olar ki, bütün donanmanın tanıdığı məşhur pozğun qadın Dominiki Pavlova ilə ailə həyatı qurur. Oğlunun şanlı ailə soyadını biabır eləməsinə dözməyən böyük Pyotr Şmidt çərləyib ölür. Ancaq əmisi yenə onun dadına çatır. Qalmaqalı birtəhər yatırtmaq və Şmidti Sakit Okean Donanmasına keçirmək mümkün olur. Çox keçmir ki, əmisinin hesabına leytenant rütbəsi alır. Ancaq qısa müddət sonra Şmidtdə yenə ruhi sarsıntılar başlayır: simptomlar birdən-birə səbəbsiz yerə kiminsə üstünə cumub onu şillələməkdən tutmuş döşəmədə sürüməyə qədər uzanır. Bir neçə dəfə dalbadal belə tutmalardan və bayılmalardan sonra məcbur olub havalı leytenantı istefaya göndərirlər. Bu arada isə çoxdan gözlənilən hadisə baş verir: özünə arvad eləyib tərbiyələndirmək istədiyi Dominiki yeganə oğlu Yevgenini Pyotrun üstünə atıb, keçmiş peşəsinə qayıdır. Az qala həyatın dibinə yuvarlanan leytenant Şmidtin dadına yenə əmisi çatır: Rusiya Paroxod və Ticarət Cəmiyyətində iş alan leytenant qeyrətə gəlib burada uzaq okean reyslərinə çıxan ticarət gəmilərinin kapitanlığına qədər yüksəlir. Buradan da qovulmasaydı bu gedişlə kim bilir, bəlkə də mülki gəmiçilikdə böyüyüb-böyüyüb yekə adamlardan biri olacaqdı...
Bundan sonra cənab Şmidt özünə "ölməzlik" qazandıran işlərlə məşğul olmağa başlayır. Belə ki, siyasətə qoşulan Pyotr Petroviç, bu cür demək mümkünsə, inqilabi çıxışlarına Sevastopolda başlayır. Bacarıqlı natiq olan başıbəlalı inqilabçı leytenant az bir vaxtda kütlənin sevimlisinə çevrilsə də, qısa müddət sonra dələduzluqları ucbatından çarın əmri ilə həbsə atılır, sonra da güllələnir. Beləcə, leytenant Şmidt elə leytenant kimi də öz "mənalı" ömrünü başa vurur…
Heç məzarının üstü qurumamış isə Pyotr Petroviçin adı məşhurlaşır. Artıq təkcə cənubda deyil, bütün Rusiya boyu keçirilən mitinqlərdə onun adı çəkilir, xatirəsi fədakar inqilabçı, çar rejiminin qurbanı kimi yad edilir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.