03 aprel, 2023
Paylaş:

Pyer-Ogüst Renuar

"40 yaşımda mən kəşf etdim ki, bütün rənglərin şahı - qaradır" sözləri fransız rəssamı, impressionizm cərəyanının öncüllərindən olan Pyer-Ogüst Renuara aiddir.. Gözəl mənzərələrin, çiçəklərin, uşaqların və qadınların rəssamı olan Renuar fransız rəsminə gətirdiyi yeniliklərlə yaddaqalan işıq və rəng ustasıdır. Yerimə qabiliyyətini itirən bu rəssam qarşısındakı fiziki çətinliklərə baxmayaraq, ölənədək rəsm çəkməyə davam etmişdir...

Fransanın Limoges şəhərində anadan olan rəssamın atası dərzi olub. Renuar ailənin dördüncü uşağı idi. Ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Pyer 4 yaşında ikən onlar Parisə köçmək məcburiyyətində qalırlar. O, məktəb illərində atasının emalatxanasında ona kömək edirdi. 13 yaşında ailəsinə maddi yardım etmək üçün işləməyə başlayır. İlk işi çini qablar düzəldilən emalatxanada qabların üstünə şəkil çəkmək olur. Renuarda rəssamlığa həvəs burada yaranır. Çini qabların üstündə rəssamlığın texniki tərəflərini öyrənir. Günortaya qədər çini qablara rəsmlər çəkir, günortadan sonra isə Luvr muzeyinə gedib, orada usta rəssamların əsərlərinin surətini kətana köçürürdü.

Rəssamlıq zövqü beləcə formalaşan Renuarın maddi vəziyyəti elə də ürəkaçan olmasa da, gördükləri işdən məmnun idi. Sərgidə nümayiş olunmayan əsərlərinə müştəri tapmaq çətin olsa da, bir müddət sonra onun "Lize" adlı əsəri populyarlıq qazandı. 29 yaşlı rəssamın əsəri Parisdə böyük səs-küyə səbəb oldu.

Sonralar Renuar "Guerbois" kafesində tez-tez toplanan sənətsevərlərin marağına səbəb oldu. O, artıq bu kafenin daimi müştərisinə çevrildi. Burada usta rəssamlar və tənqidçilərlə tanış oldu. Bu görüşlər əsnasında ayrı bir sərgi açmaq qərarına gəldilər. Ancaq bu istəklərinə elə də rahat nail ola bilmədilər. İmpressionist rəssamların sərgisi həmişə təxirə düşürdü. 1870-ci il müharibəsi və maddi vəziyyətləri buna mane olurdu. Lakin Renuarın səyləri nəticəsində fotoqraf Nadarın studiyasında sərgini aça bildilər.

Bu hadisə böyük səs-küyə səbəb oldu. Bəziləri bu sərgiyə gülür, lağ edir, bəziləri isə bu yenilikçi rəssamların əsərlərinə nifrətlə yanaşırdı. Ancaq bütün bunlar sərginin qısa zamanda tanınmasına kömək etdi. Artıq xalq bu rəssamları tanımağa başladı. Renuar bu sərgiyə "Luca" adlı əsəri ilə qatılmışdı.

Sevdiyi model Alina Çarioqot ilə evlənən rəssamın bu izdivacdan sonra yaradıcılığının "yetkinlik" mərhələsi başlayır. O, ömrünün sonuna qədər rəsm çəkməyə davam edir.

Artritdən əziyyət çəkən rəssam xəstəliyi səbəbindən fırçanı tuta bilmədiyi üçün rəsm çəkəndə onu iki barmağının arasına iplə bağlayırdı. Ən sadiq modeli olan Qabrielle Renard onun həm aşçısı, həm xidmətçisi, həm də uşaqlarının dayəsi idi.

Günlərin birində sağ qolunu sındıran Renuar baş verən hadisəyə görə təəssüflənmək və kədərlənmək əvəzinə, fırçanı sol əlinə alır və müəyyən müddət keçəndən sonra artıq heç kəsdə şübhə qalmır ki, o, hər iki əlləri ilə şedevr yaratmağa qadirdir.

Yaradıcılığının ən yüksək nöqtəsinə çatdığı zaman amansız xəstəliyə tutulan rəssam 78 yaşında ağciyər iltihabından vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()