08 fevral, 2024
Paylaş:

Pol Verlen

"Mən tənəzzül dövrü yaşayan Roma dünyasıyam", - deyən fransız şairi Pol Verlen poeziyasında
da ömrü boyu onu qarabaqara izləyən mənəvi pozğunluq və dilxorçuluq motivlərini əks etdirib.
Özünə və həmkarlarına "lənətlənmiş şairlər" damğası vuran bu şair, həyatının sonuna kimi
çirkə, kirə bulaşmış təbiəti ilə mübarizə aparıb... İçkini o qədər içirmiş ki, onun təsirindən
arvadını yandırmaq istəyib, uşağını döyüb, anasını evdən qovub, sevgilisinə atəş açdığı üçün
həbsə düşüb...
Şairin uşaqlıq dövrü çox çətin keçib. Onun travmalı uşaqlığını qısa şəkildə belə izah edə bilərik:
ailənin sağ doğulan yeganə övladı idi və anası bütün ölü dölləri saxlayırdı. Verlen bir dəfə
əsəbləşib döllərin saxlandığı bütün qabları sındırmışdı. O, universitet illərində vəkil olmağı
arzulasa da, müəllimliklə kifayətlənməli olur. Ən böyük istəyi Bodler kimi məşhur şair olmaqdı.
Amma atasını, xalasını və digər yaxınlarını itirdikdən sonra, 20 yaşında alkoqolla tanış olur. O
dönəmini şair belə ifadə edir: "Absentin qucağına atdım özümü, gecə-gündüz absent içdim". O,
içkini sevsə də, absenti "pis qəlbli sehrbaz" hesab edirdi. Avropada müxtəlif içkilər istehsal
edilsə də, sənət adamlarının bəziləri "la fee verte" ("yaşıl pəri") adlandırdıqları içkini daha çox
sevirdilər. Absentin tərkibindəki spirt (72 faizədək) bütün içkilərdən daha çox olduğundan onlar
üçün bu içki beyni dumanlandırmaqda əvəzsiz idi. Verlen gündüzlər ofisdə çalışır, gecələr isə
absent məclislərində sərxoş olanadək içirdi.
İlk kitabının çapından sonra onun həyatı dəyişir. Matilda adlı əsilzadə bir xanımla evlənir və bir
övladı dünyaya gəlir. Matildanın ailəsi Verlenə həm öz evlərində yaşamağa imkan yaradır, həm
də onun bütün maddi problemlərini həll edir.
Pol Verlen özünü "iztirablı tərənnümçü və günahkar əzabkeş" kimi görürdü. Məhz qələmə aldığı
məşhur silsilə oçerklərində də o, özünü "Əzabkeş Lilian" təxəllüsü ilə təqdim etmişdi.
"Lənətlənmiş şairlər"in arasında Verlen yaşca hamıdan böyük və hamıdan istedadlı idi. Onun
bütün yaradıcılıq irsini sentimental gündəliklə müqayisə etmək mümkündür. Cinsi azlığın
nümayəndələrindən olan şair mömin, əməlisaleh həyat tərzi ilə xoşbəxt yaşaya bilmir, burjua
ədəb-ərkanı, tərbiyəsi ona yad görünür, burjua cəmiyyətinin ideyalarını heç cür anlamaq istəmir.
O, eləcə də xəcalətdən alışıb-yanır, cəmiyyətin alt qatına çəkilərək, məşuqəsinə çevrilmiş kiçik
dostu Rembo ilə vaxtının çoxunu meyxanalarda, fahişəxanalarda keçirir. Daim qəlbinin dərinliklərində yuva salan münaqişə isə sonradan Verlenin otellərin birində qısqanclıq zəminində
sevgilisi Rembonu güllələməsi və həbsə düşməsi, arvadını yandırmağa cəhd göstərməsi,
uşağını divara çırpması, anasını küçəyə atması ilə nəticələnir. İradəsinin zəifliyi ucbatından
törətdiyi əməllər şairin başına bəla olur, məhz elə bütün bu hadisələr onun yaradıcılığının əsas
mövzusuna, ilham mənbəyinə çevrilir. Çaşbaş qalan, az qala ağlını itirən Verlen onun taleyinə
yük olmuş sərxoşluq, avaraçılıq, zinakarlıq kimi xüsusiyyətlər barəsində bütün var gücü ilə
aləmə car çəkir.
Onu da qeyd edək ki, Verlen Fransanın ən nəğməkar şairlərindən olub. Onun poeziyası o qədər
melodikdir ki, şeiri oxuyarkən əsərin semantik məzmunu çox vaxt arxa plana keçir. Verlenin
şöhrəti get-gedə artsa da, narkotik, içki aludəçiliyi və xəstəliklər onu əldən salıb. Deyilənə görə,
hətta ölüm ayağında da içirmiş. Ömrünün son illərində dövlət xəstəxanalarında yaşayan Verlen
sağalan kimi içməyə davam edirmiş. "Şairlərin şahzadəsi" adlandırılan bu adam, şeirlərinə və
kitablarına görə aldığı qonorarı isə birlikdə yaşadığı fahişələrlə bölüşürmüş. Verlenin öləndə
cəmi 52 yaşı var imiş...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()