Pol Sezan
Fransanın məşhur post impersionist rəssamı Pol Sezan... Həyatının sonuna qədər rəssam kimi qəbul edilməyən bu dahi şəxsiyyət, dövrünün bir çox sənətşünası tərəfindən "istedadsız" kimi xarakterizə edilmişdi. Lakin həyatda və sevgidə uduzsa da, sənətdə qalib gəlməyi bacarmışdı...
Modern rəssamlığın inkişafında verdiyi töhfələr və sonrakı nəslə olan böyük təsirindən dolayı Pikasso onu "hamımızın atası", Renuar isə "əsrarəngiz şəxsiyyət" adlandırırdı. Həyatı boyunca əsərləri nadir hallarda sərgilənən rəssam, çox sakit bir ömür yaşayıb. Sadəcə bir neçə üslubda şəkil çəkirdi. Sağlığında heç vaxt qiymətləndirilməsə də, sonradan dövrünün ən böyük rəssamı kimi qəbul edilib.
Sezanın həyatının böyük bir qismi çox güclü və əzici şəxsiyyəti olan atasının tabeliyi altında keçmişdi. Rəssamlığa olan böyük marağına baxmayaraq, daxil olduğu rəssamlıq akademiyasından çıxmış və atasının əmriylə Hüquq məktəbinə daxil olmuşdu. İnsanlarla ünsiyyətə girməyi sevməyən və bunu "mən tək başıma qalmaq üçün yaradılmışam" cümləsiylə ifadə edən rəssam sərt, qaba, qəsdən etdiyi kobud davranışlarıyla özünü qoruyan bir qabığa bürünərək yaşayırdı. Həyatında etibar etdiyi yeganə şəxs atasıyla olan gərgin münasibətləri fonunda onu müdafiə edən anası idi.
Özündən 11 yaş kiçik, Fike adlı yoxsul bir ailənin qızı ilə evlənən rəssamın sevgidə də bəxti gətirməmişdi. Belə ki, xanımı deyingən və dikbaş bir qadın idi, pul xərcləməyi də çox sevirdi. Fike rəssamın əsərlərini tez-tez təhqir etdiyi üçün Sezanın dostlarının ondan zəhləsi gedirdi. Amma qadınlardan çəkinən Sezan, gənc Fikeyə o dərəcədə vurulmuşdu ki, ona qədər tənha yaşamasına səbəb olan az gəlirini təhlükə altına salmağa risk etmiş, təkcə münasibətini deyil, sonralar Fikedən dünyaya gələn oğlunu da atasından gizlətmişdi. Amma gec ya tez, atası bu xəbəri eşidəcəkdi. Sezana verdiyi xərcliyi də yarıya qədər aşağı salacaqdı.
Dünyasını dəyişəndə rəssamın 67 yaşı vardı.
Havanın açılmasından istifadə edən Sezan peyzaj çəkmək üçün emalatxanasının yaxınlığına yollanır. Güclü yağış başlayır, amma rəssam bunu görmürmüş kimi işləməyində davam edir. Bir neçə saat yağış vedrədən tökülürmüş kimi bərk yağır. Yaş paltarda, soyuqdan tir-tir titrəyən rəssam nəhayət ki, getməyi qərara alır. Molbert və rəng yeşiyinin ağırlığı altında ayaqlarını güclə sürüyür. Birdən halsızlıqdan huşunu itirir. Onu belə vəziyyətdə tapıb evə gətirirlər. Rəssam ağciyərlərinin sətəlcəmindən sağ çıxa bilmir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.