15 aprel, 2025
Paylaş:

Pol Pot

Tarixdə bir çox hökmdarlar olub. Bir vaxtlar dünyaya meydan oxuyanlar sonda bir ovuc torpağa çevriliblər. Elə hökmdarlar, diktatorlar olub ki, onlar tarixə saysız-hesabsız insanın qanına susamış kimi düşüblər. Haqqında söhbət açacağımız Pol Pot da bir zamanlar Kamboca xalqına qan uddurub. Adını çox adam tanımasa da Hitler qədər təhlükəli olan bu amansız diktator Kambocada "qırmızı kxmerlər" hərəkatına liderlik edib. Ölkə əhalisinin əksəriyyətini aylarla, hətta illərlə düyü zəmilərində istirahətsiz işləməyə məcbur edən bu adam 4 ildən az müddət ərzində 1,7 milyon insanın ölümünə səbəb olmuş, özü isə qaçıb meşədə gizlənmişdir. Hakimiyyətə gəldiyi vaxtı "Sıfır ili" elan etmişdi. Guya kommunist ideyaları uğrunda mübarizə aparan Pol Pot əslində kim idi?

Onun tərcümeyi-halı ağ yalanlarla doludur. Məsələn, Pot həmişə həyatı haqqında təfərrüatları məharətlə gizlədirdi. Gələcək liderin əsl adı Salot Sar olub. Sonralar "politique potentielle" (mümkünün siyasəti) ifadəsinin qısaldılmış versiyasından istifadə edib. Varlı ailədə doğulub, orta təhsilini müvəffəqiyyətlə başa vurub. Daha sonra isə Paris Universitetində radioelektronikanı araşdırıb. Həmin dövrdə marksizmlə maraqlanıb və Fransa Kommunist Partiyasına daxil olub. Kommunist düşüncələri ilə yaşayan Pol Pot təhsil həyatını tamamlaya bilməyib. Bu səbəbdən öz vətəninə qayıdıb və 1960-cı ildə qeyri-qanuni Kommunist partiyasının qurulmasında böyük rol oynayıb. Hədəflərinə çatmaq üçün cəmiyyətin narazı qruplarıyla əlaqəyə girib, Kambocanın ucqar guşələrindəki səmərəsiz torpaqlarda partizan qruplaşmalarının yaradılmasına köməklik göstərib.

Deyilənə görə, diktator uşaq ikən çox utancaq olub. Lakin sonralar getdiyi tədbirlər sayəsində fəal inqilabçıya çevrilib. Ən böyük xəyalı ölkəsi Kambocanı bir kommunist ölkəsinə çevirmək idi. O getdikcə yoxsul və heç bir hüququ olmayan kəndlilər üzərində təsir gücünə sahib olmağa başlayır. Özündən əvvəlki partiya başçısına sui-qəsd etdirərək rəhbər keçir. İqtidara gəlməzdən xeyli vaxt öncə nə qədər qanlı iqtidar sahibi olacağının siqnallarını verir. Partiyanın katibi olandan sonra gördüyü ilk işlərdən biri pərəstişkarı olduğu Mao Tszedunun hörmətini və dostluğunu qazanmağa çalışmaq olur. Bu o Mao Tszedun idi ki, SSRİ-ni Çin üçün Amerikadan daha təhlükəli hesab edir, onun nüfuzuna ciddi zərbə vururdu. Prezidentliyə olan ehtirası Potun gözlərini kor etmişdi. O dövrdə xalq hakimiyyətdə olan Şahzadə Sayqonun rəhbərliyindən məmnun idi. O, şahzadənin və iqtidarın həyata keçirdiyi qanunsuzluqların gündəmə gəlməsindən faydalanmağa çalışırdı. Əməlləri gün üzünə çıxan şahzadə və hökuməti get-gedə xalqın gözündə nüfuzdan düşürdü. Digər tərəfdən də ABŞ müdaxilə edərək Kambocanı bombalayır və Şahzadə Sayqon hakimiyyətini devirir. Onun yerinə General Lon Nolu gətirir. Bundan yaxşı istifadə edən Pol Pot daha da məşhurlaşır. Şahzadə Sayqon isə Çinə qaçır. Pol Pot bunu da lehinə çevirmək üçün Sayqonla müqavilə bağlayır. Əsas məqsədi şahzadənin tərəfdarlarını da özünə cəlb etmək idi.

Pol Potun silahlı mübarizəsi bir müddət davam edir. İqtidarı ələ keçirən kimi arzuladığı kommunist sistemini yaradır. "Daş dövrü komunizmmini" xatırladan bu sistemi ölkəsinə inteqrasiya etməyə çalışır. Tətbiqdən sonra şəhərlərdə yaşamaq, ticarət etmək, puldan istifadə qadağan edilir. Daha əvvəl iqtidarda kim var idisə, yaxınlarıyla birlikdə öldürülür. Təhsil almış insanlar əkinçilik sahələrində işləməyə məcbur edilir. Sistemə qarşı çıxanlar min cür işgəncə ilə öldürülür.

Diktator anlayışını tam mənasıyla ehtiva edən Pol Pota ilk ciddi reaksiya Vyetnamdan gəlir. Təxminən 3 milyon insanın həyatına son qoyan bu terror rəhbərliyinə son vermək üçün Vyetnam Kambocaya girir və qısa müddətdə Pol Pot rejiminə son verilir. Amansız diktator bu məğlubiyyətdən sonra Kamboca - Tailand arasındakı meşələrə qaçaraq gizlənir. Bundan sonrakı həyatı rəvayət və söz-söhbətlərlə dolu olan qaniçən adamla bağlı dəqiq heç bir məlumat yoxdur. Məsələn, həmin dedi-qodulardan biri onun xərçəngdən müalicə olunduğu, birinci arvadının ölümündən sonra ikinci dəfə evləndiyi və bu izdivacdan iki uşağının doğulmasıdır. Deyilənə görə, həmin illərdən ölümünə qədər meşə sahələrində partizan fəaliyyətlərini davam etdirir və 72 yaşında infarkt səbəbindən dünyadan köçür.

Həyatının son dövrü haqqında dəqiq məlumatlar olmasa da ölümündən əvvəl verdiyi müsahibə əslində törətdiyi cinayətlərin nə qədər gerçək olduğunun dəlili idi. İnsanların ölümünə səbəb olduğu, bundan peşmanlıq duyub-duymamasıyla bağlı suala, "Mən heç nəyi tək etməmişəm" cavabını vermişdi...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()