22 may, 2023
Paylaş:

Pal Erdöş

"Qəbirdə dincəlməyə çox vaxtım olacaq...". Belə deyərdi ona bir az dincəlməyi təklif edən dostlarına  XX əsrin ən görkəmli riyaziyyatçılarından  olan Pal Erdöş... Axı onun üçün riyaziyyatdan vaz keçmək "ölmək" demək idi. Bütün ömrünü elmə həsr edən bu dahinin  həyatda ən çox zövq aldığı məşğuliyyətinin  qəhvə və rəqəmlər olduğunu söyləsək yəqin ki, yanılmarıq. Bəlkə də elə bu səbəbdən tanınmış riyaziyyatçı Alfred Renyi onu "qəhvəni teoremə çevirən maşın" adlandırmışdı...

Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)  doğulan riyaziyyatçı  yəhudi əsilli ailənin  sağ qalan yeganə övladı idi. Belə ki, ondan daha əvvəl doğulan iki bacısı körpə ikən qızılcadan ölmüşdü. Hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət ali məktəb müəllimi işləmişdilər. İrsən valideynlərindən keçən  riyazi qabiliyət Palda çox erkən yaşında özünü göstərmişdi.  Belə ki, hələ dörd yaşında ikən  o beynində dörd tərtibli rəqəmlər üzərində vurma əməliyyatını həll etməklə hər kəsi təəccübləndirməyi bacarırdı.

Bu dahi şəxsiyyət elmə bəxş etdiyi töhfələrlə  yanaşı, özünəməxsus  vərdişləri ilə də yaddaşlarda qalıb. Belə ki,  riyaziyyatçı  yuxuya getməmək üçün qəhvə və amfetaminlərdən (sakitləşdirici maddələr) istifadə edirmiş. Bu yolla o, iyirmi saat işləyə bilirmiş. Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdöş bir ay amfetaminsiz qalmağa razı olur və mərci udur. Lakin dostuna şikayət edərək söyləyir ki, "Məni amfetaminsiz qoyaraq, sən riyaziyyata bir zərbə vurmuş oldun".

Həyatı boyu heç vaxt evlənməyən alim bunun səbəbini bütün  diqqətini işinə cəmləməsi ilə əlaqələndirib. Qeyri-adi şəxsiyyətə sahib olan riyaziyyatçının özünəməxsus  danışıq tərzi də var idi. Belə ki, alim uşaqları "epsilon", qadınları "rəis", kişiləri isə  "qul" adlandırırdı. Riyaziyyatla məşğul olmayanları isə "ölü insanlar" adlandırmışdı.

Onun  nə daimi yaşadığı bir evi, nə də ki, zövq aldığı bir hobbisi var idi. Elə bu səbəbdən də  bütün əşyalarını bir cüt çamadanda saxlayırdı. Bir sözlə, alimin həyatı da bir neçə saat  yatmaq, yemək, içməklə keçib. Ən əsası isə riyaziyyatsız keçən bir anı belə olmayıb. Sözün əsl mənasında, özünü elmə fəda edən  alim 83 yaşında ürək çatışmazlığı səbəbindən həyatla vidalaşıb.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()