Onunla hər görüş solmaz bir xatirədir
"Xalq qəzeti"
Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı xalqımzın taleyində müstəsna tarixi rol oynadı. Hamı bilirdi ki, Heydər Əliyev nə etsə, gözəl edəcək. Elə də oldu. Ümummilli lider hakimiyyətə gəldi və ölkəni düşdüyü çətin vəziyyətdən, dövləti məhvolma təhlükəsindən xilas etdi.
Mən o xoşbəxtlərdənəm ki, həm Yeni Azərbaycan Partiyasının yaranmasında, həm də hökumət tədbirlərində dəfələrlə ulu öndərlə yaxın təmaslarım olub. Qəlbimin ən dərin guşəsində əziz bir xatirəyə dönən həmin görüşlərlə bağlı duyğu və düşüncələrimi oxucularla bölüşmək istəyirəm.
Leninqraddakı (indiki Sankt-Peterburq) azərbaycanlıların yaşadığı aspirantlar evində eşitdim ki, Azərbaycan KP MK-nın o vaxtkı 1-ci katibi Vəli Axundov vəzifəsindən çıxarılıb. Onun yerinə isə Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev təyin olunub. Güclü vətənsevər bir insan olması barədə eşitmişdim, buna görə də yeni təyinata çox sevindim.
Ulu öndərlə ilk görüşüm də 1969-cu ilin oktyabr ayında oldu. Mən artıq Azərbaycan Dövlət Universitetində (indiki BDU) müəllım işləyirdim. Həmin il universitetin 50 illik yubileyi təntənə ilə qeyd edilirdi. Fizika fakültəsinin dekanı, professor Faiq Sadıqov bizi çağırıb dedi ki, hər kəs öz laboratoriyasında olmalıdır, Mərkəzi Komitədən qonaqlar gələcək. Birdən qapı açıldı, içəriyə Heydər Əliyev, rektor Mehdi Əliyev və digər şəxslər daxil oldular. Mənim qurğum işləyəndə lümunofor lampa kimi işıq verdiyindən Heydər Əliyev yaxına gəldi və mənə onunla bağlı suallar verdi. Tədqiqatın tətbiqi ilə maraqlandı və uğurlar dilədi. Mənim Heydər Əliyevlə həmin görüşümdən yarım əsrdən artıq vaxt ötsə də, böyük şəxsiyyətlə bağlı ilk təəssüratım unudulmaz oldu.
Ümummilli liderlə ikinci görüşüm 23 ildən sonra, 1992-ci ilin soyuq bir payız günündə Naxçıvanda oldu.YAP-ın təsis konfransına getmişdik. Qaldığımız otelə xəbər gəldi ki, Heydər Əliyev Bakıdan gəlmiş qonaqları qəbul edəcək. Təşəbbüs qrupunun üzvləri – 40 nəfərə yaxın insan onun qəbuluna getdik. Ulu öndər qısa çıxış etdi və dedi ki, məni yeni yaranan partiyaya sədr görmənizin səbəbini əsaslandırın. Sirus Təbrizli, Fərəməz Maqsudov, Səfiyar Musayev danışdılar. Sonra söz mənə verildi. Mən
Ə.Caminin “Baharıstan” əsərindən bir misal çəkdim: “Hindistan padşahı Bağdad xəlifəsinə müxtəlif hədiyyələr və bir nəfər də loğman göndərir. Xəlifənin “Hansı dərdlərin dərmanını bilirsən?” sualına cavabında loğman bildiyi bütün dərdlərin dərmanlarını sayır. Və əlavə edir ki, mənim bir dərmanım da var ki, onu qəbul etsəniz, ağ saçlarınız qaralar. Xəlifə bu dərmanı qəbul etməyəcəyini deyir: “Ağ saç işıq, şəfəq rəngindədir. O, xalqın yoluna işıq salır. Qara saç zülmət rəngidir. Ondan camaat əziyyət çəkər. Mən öz ağ saçlarımı qara saçlara dəyişmərəm”. Bu fikirləri söyləyəndən sonra bildirdim ki, indi AXC–Müsavat qarasaçlıların (qaragüruh da demək olar) hakimiyyətidir. Arzum budur ki, sizin ağ saçlarınızın işığından bütöv Azərbaycan bəhrələnsin.
Bildiyimiz kimi, bizim arqumentlərimizdən sonra ulu öndər yeni yaranmış partiyaya rəhbərlik etməyə razılaşdı. Bildirdi ki, Vətənin dar günündə kənarda qalmaq olmaz. Partiyamız yaranandan sonra, 1993-cü ilin siyasi böhran dövründə təkidlə Bakıya dəvət olunan ulu öndər məlum Gəncə hadisələrinin qarşısını aldı, Milli Məclisə sədr seçildi, prezident seçkilərində qalib gəldi. Daha sonra Qarabağ cəbhəsində atəşkəsə nail oldu, nizami ordu quruculuğuna start verdi, “Əsrin müqaviləsi”ni reallaşdırdı. 1995-ci ildə həyatımızın əsas qanunu olan Konstitusiya qəbul edildi. Demoktratik-hüquqi dövlət quruculuğu prosesləri sürətləndi.
1996-cı il dekabrın 6-da Prezident sarayında ulu öndər respublika ictimaiyyətinin nümayəndələri ilə görüş keçirirdi. Bu görüşdə çıxış etmək üçün Milli Məclisin deputatı kimi mənə də söz verildi. Fikirlərimi bildirdim və çıxışımı bu sözlərlə bitirdim: “Şeir – sözlərin birölçülü fəzada, rəsm – rənglərin ikiölçülü fəzada, musiqi – səslərin üçölçülü fəzada naxışlı düzülüşüdür. Siyasət dördölçülü fəzada baş verir. Fəzanın dərəcəsi artdıqca fəaliyyət çətinləşir. Bu səbəbdən də ölkədə şairlər minlərlə, rəssamlar yüzlərlə, bəstəkarlar onlarca, siyasətçilərsə tək-tək yetişir. Çünki siyasət hadisələrin, olayların, proseslərin, tarixi faktların xalqın xeyrinə nizamla, naxışla düzülüşüdür. Siyasətçi bu işləri görməyi bacaran, zaman və məkandan uğurla istifadə edən şəxsiyyətdir”. Dediklərimə diqqətlə qulaq asan ümummilli liderin təbəssümlü baxışları indiki kimi yadımdadır.
2002-ci ildə Prezident sarayında təltif mərasimi keçirildi. Mən də Məmməd Aslanla birlikdə həmin tədbirə qoşulmuşdum. Dahi rəhbər mənim təltif olunduğum “Şöhrət” ordenini döşümə taxaraq dedi:
–60-ı başa vurdun?
–Bəli, cənab Prezident, vurdum.
– İndi gedirsən 70-ə doğru.
–Bəli, cənab Prezident, Sizin rəhbərliyinizlə.
–Mənim arxamca.
–Bəli, cənab Prezident.
–Mütləq 70-ində də təltif edəcə-
yəm.
–Təşəkkür edirəm, Sizə möhkəm cansağlığı arzulayıram, cənab Prezident.
Mənim ulu öndərlə unudulmaz görüşlərimdən biri isə 2002-ci ilin 28 May bayramında baş verdi. Tədbirdə nazirlər, deputat korpusu və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edirdilər.
Prezident Heydər Əliyev Şəhidlər xiyabanında abidənin önünə əklil qoydu və şəhəri seyr etdikdən sonra arxa tərəfə qayıtdı. Biz dayandığımız istiqamətdə gəldi. Mənimlə birgə Şahbaz Muradov, Anar Rzayev və digərləri var idi. Bir addım qabağa çıxdım və salamlaşdım. Əlimi sıxaraq kefimi soruşdu. Zəndlə üzümə baxaraq, üzərində işlədiyimiz “Təhsil haqqında” Qanunu soruşdu. Fürsətdən istifadə edərək qanunla bağlı Prezidentdən görüş istədim. Fatma Abdullayevanı çağırdı və dedi: Mənimlə Şahlar müəllim və Murtuz müəllimin görüşünü təşkil edərsən.
Ancaq təəssüf ki, o görüş baş tutmadı...
Ulu öndər demişdir: “Biz düz yolla – haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Heydər Əliyev yoluna sadiqik.
Biz ulu öndərin dönməz siyasi kursuna söykənərək Qarabağı düşmən tapdağından azad etdik. Azərbaycanı inkişaf etdirdik, Cənubi Qafqazda lider dövlətə çevirdik. Milli qürurumuz özümüzə qaytarıldı. Qarşıda bizi yeni-yeni uğurlar gözləyir. Çünki yolumuz Heydər Əliyev yoludur.
Şahlar ƏSGƏROV,
Əməkdar elm xadimi, professor