25 sentyabr, 2023
Paylaş:

Ömər Xəyyam

O öz yaradıcılığı, zəngin mənalı rübailəri, riyazi, astronomik fəaliyyəti ilə dünya elminin ən dəyərli zəka sahiblərindədir. Qərinələr boyu əsərləri dünyanın bir çox dillərinə, o cümlədən qaraçı dilinə belə tərcümə edilən şairdir. Qriqori təqvimindən 7 saniyə daha dəqiq çalışan təqvimin yaradıcısıdır. Söhbət  zülmkarın düşməni, məzlumların dostu, dahi fars şairi Ömər Xəyyamdan gedir...

Əsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam  olan dahi şair Nişapur şəhərində çadır satan  ailəsində doğulmuşdur. Yaşadığı dövrdə İbn Sinadan sonra ən yaxşı alim kimi qəbul edilirdi. Tibb, fizika, astronomiya, cəbr, həndəsə və riyaziyyat elmlərində önəmli çalışmaları olan Ömər Xəyyamın öz dövrünə görə  bütün elmləri bildiyi söylənilir. O, digərlərindən fərqli olaraq əsərlərinin çoxunu qələmə almayıb, bəlkə də adını eşitdiyimiz bir çox teoremlərin müəllifidir. Xəyyam özündən sonra gələn xeyli şairə təsir etmiş, rübai sahəsində tək nümunə olaraq yaddaşlarda qalmışdır. Şairə deyirdilər ki, sən dahisənsə, niyə rübailərlə vaxt itirirsən? Sənə bu savadı verən müəllimlər kitab yazmadan ölüblər, sən onların etdiyini etmə, bildiklərini yaz. Ömər Xəyyam da deyir ki, "Elm kitabları bir-birini təkzib etməyə davam edəcək və mən gülünc vəziyyətə düşmüş olacağam. Amma əsrlər boyu şeir, rübai dəyişilməz qalır".

O, həddən artıq danışmağı, uzun-uzadı cavab verməyi sevərmiş. Deyilənlərə görə, bir suala düz yarım günə cavab verirmiş. Hətta oxuduğu kitabı bir gün ərzində  əzbərləyə bilirmiş. 

İslam mədəniyyəti tarixində bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala İbn Sina qədər hikmət sahibi, qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər. Bəziləri isə tam əksinə, onu yüngül həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu şərabla unutmağa çalışan, gözəllərdən ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?

Fəlsəfi rübailərində tez-tez içki mövzusuna müraciət edən şairin sözlərinə görə, istənilən adam içki sayəsində həyat və sevinc, ilham və aydınlıq tapa bilər. Əslində şairin islam dövlətinin vətəndaşı olduğunu nəzərə alsaq, içkini onun bu şəkildə mədh etməsi böyük maraq doğurur. Lakin digər tərəfdən isə belə bir fakt da var ki,  Ömər Xəyyamın ilk baxışda İslam ehkamı ilə uyğun gəlməyən, zahirən əyyaşlığı, şərabı, eyş-işrəti təbliğ edən  rübailərin hamısının həqiqətən ona məxsus olub-olmadığı şübhə altındadır.

Bütün bu fərziyyələri nəzərə alsaq, ortaya belə bir sual çıxır: Əgər Ömər Xəyyam həqiqətən gününü əyyaşlıqla keçirirmişsə, hikmət və fəlsəfənin, cəbr və həndəsənin çətin bəhslərini necə öyrənib mənimsəmişdir? Başı kef məclislərinə qarışan, dünyanın problemlərindən sərxoşluq vasitəsilə qaçmağa çalışan bir adamda zehin aydınlığı, sağlam məntiq, güclü hafizə ola bilərmi?

Mütəxəssislərin qeydlərindən də bu nəticəyə gəlirik ki, Ömər Xəyyam çoxlarının təsəvvüründə canlandırdığı əyyaş şair, dinə qarşı çıxan kafir deyil, dünyanın gedişatını öz nuru ilə işıqlandıran mütəfəkkir olub. Onun haqqında deyilməyənlər dilə gətirilənlərdən, hələ qaranlıq qalanlar gün üzünə çıxarılanlardan daha çoxdur.

Qapalı həyaz tərzi keçirən Ömər Xəyya

m evlənməyib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun fikrincə, gerçək olan yaşanandır, o biri dünyada ikinci bir həyat yoxdur. İnsan yaşadıqca gerçəkdir, gerçək isə yaşananlardır. Ən yaxşı ölçü ağıl və sağlam fikirdir. İnsan bir ağıl varlığıdır. Gerçəyə ancaq ağıl yolu ilə çata bilər.

Ömər Xəyyamın ölüm tarixi məlum deyil. Bəzi mənbələrə görə, 72 il ömür sürən  şair həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da həyatla vidalaşıb. Son vəsiyyəti isə belə olub:  "Qəbrim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəfəkkirin qəbrinə çətir tuturmuş...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()