O.Henri
Dünyaşöhrətli amerikalı yazıçı O.Henri qısa hekayə yazan ən məşhur isimlərdən biri kimi tanınır. Kəskin süjetli hekayə ustadını yazıb-yaratmağa ruhlandıran hadisələr çox olub. Məsələn, həyatındakı sərgüzəştlər, Amerikadakı vəziyyət, hətta həbs cəzası kimi...
Əsərlərini O.Henri təxəllüsü ilə çap etdirən və bu adla tanınan yazıçının əsl adı Uilyam Sidney Porter idi. Müasirləri bunu yazıçının ölümündən sonra bilmişdilər. Qeyri-adi xüsusiyyətləri ilə seçilən yazıçı o qədər qapalı insan idi ki, şəxsi həyatı haqqında heç nə danışmağı sevmir, müsahibə vermir, fotosunu belə çəkməyə qoymur, hətta kitablarını da heç vaxt imzalamırdı. Bəlkə də bu səbəbdən onun həyatı daim maraq dairəsində olub.
Kənd həkimi ailəsində dünyaya göz açan Uilyamın anası vəfat etdikdən sonra atası içkiyə qurşanıbmış. Daim həmyaşıdları tərəfindən atası ilə bağlı lağa qoyulan balaca oğlan kasıbçılıq ucbatından orta təhsilini yarımçıq qoyub aptekdə işləyərək ailənin yükünü öz boynuna götürübmüş.
Sonralar Texasa köçən yazıçı yumoristik jurnal nəşr etdirir. Həmin ərəfədə isə varlı bir ailənin on yeddi yaşlı qızı Athol Estes ilə evlənən Henrinin həyatında baş verən ağrılı-acılı günlər də elə bu dövrlərdən başlayır. Onsuz da dünyaya gələn gündən valideyn sarıdan bəxti gətirməyən yazıçının evliliyi də çox uzun sürmür. Belə ki, xanımına vərəm diaqnozu qoyulur...
Ailəsini dolandırmaq üçün Ostin bankında kassir və mühasib işləməyə başlayan yazıçıya bu vəzifə baha başa gəlir. Belə ki, bankda 5 min dollar məbləğində pul əskiyi aşkar edilir və bu, yazıçının boynuna atılır. Porter isə məhkəmə məsuliyyətindən yayınmaq məqsədilə Hondurasa qaçır. Lakin həyat yoldaşının xəstəliyinə görə məcbur olub geri qayıdan yazıçı beş il həbs cəzasına məhkum edilir. Üç il həbsxana həyatı keçirən Henri xeyli işgəncələrə məruz qalır. Qeyd edək ki, uzun müddət vərəm xəstəliyindən əziyyət çəkən xanımının dünyasını dəyişməsi də elə bu dövrə təsadüf edir. O, ilk hekayələrini də müxtəlif imzalar altında həbsxanada qələmə alır.
Həbsdən çıxdıqdan sonra Nyu-Yorka gedir və ömrünü ədəbi yaradıcılığa həsr edir. Yazıçı həyatının son səkkiz ilində iki yüzdən çox hekayə yazıb. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərləri ona şöhrət gətirib. Maraqlı süjet xətti və incə yumoru ilə seçilən əsərlərində Amerika həyat tərzinin, burjua cəmiyyətinin təzadları, sosial ziddiyyət və mənəvi eybəcərlik öz əksini tapıb.
Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan, gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində Henriyə xas bir "tərz" meydana gətirmiş və bu, bir çox yazıçıya ilham mənbəyi olmuşdur.
Daha sonralar uşaqlıqdan sevdiyi xanım - Sarah Lindsey Coleman ilə evlənən yazıçının yenə də bəxti gətirmir. Belə ki, qısa müddət sonra xanımı müxtəlif cür bəhanələr gətirərək onu tərk edir.
Məşhur yazıçı 47 yaşında ürək genişlənməsi, qaraciyər sirrozu və şəkərli diabet də daxil olmaqla bir sıra xəstəliklər səbəbindən vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.