11 mart, 2024
Paylaş:

Noyabrda bütün dünyanın diqqəti Bakıda olacaq

COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi çox suallara aydınlıq gətirib

Münxendə Prezident İlham Əliyev ilə görüşən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq Azərbaycanın COP29-a evsahibliyi etməsini ölkəmizin "yaşıl keçid"ə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü kimi yüksək qiymətləndirmişdir.

Görüşdə həmçinin Azərbaycanın xarici borcunun hazırda minimum səviyyədə olması çox müsbət göstərici kimi qeyd edilmiş, COP29 kimi mühüm tədbir çərçivəsində Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın geniş imkanları vurğulanmışdır. Prezident İlham Əliyev isə Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri barədə məlumat vermiş, onların milli və regional səviyyəli layihələr olduğunu, ölkəmizin bərpaolunan enerji potensialının 157 QVt-ı keçdiyini diqqətə çatdırmışdır.

Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olması perspektivlərə pozitiv nəzər salmağa imkan yaradır. Bizim xarici borcumuzun hazırda minimum səviyyədə olması da yeni əməkdaşlıq perspektivləri vəd edir. Ölkəmizin yaxın zamanda ciddi "yaşıl enerji" ixracatçısına çevrilməsi gözlənilir və bu istiqamətdə mühüm addımlar atılır. 

Xatırladaq ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirmişdir. Siyasi ekspertlər və iqtisadçılar belə hesab edirlər ki, bu qərar Azərbaycan Prezidentinin "yaşıl enerji", ekologiyanın qorunması sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu qərar həmçinin bizi dünyada daha güclü dövlət kimi tanıdır, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzu olduğunu təsdiqləyir. Ən vacibi isə odur ki,  bu qərarla Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirlərin mahir təşkilatçısı olduğunu göstərir.

Biz həm də bu seçimi mübaliğəsiz olaraq Azərbaycan Prezidentinin növbəti qələbəsi kimi təqdim edə bilərik. Üstəlik, bu qərar son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə qarşı da tutarlı cavabdır. Ölkəmiz bununla bütün spekulyasiyaları alt-üst edərək heç kimin Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəyini, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərir.

Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəflər  - 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyən edilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş ərazilərini "yaşıl enerji" zonası elan etmişdir. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilmişdir. Sonuncu COP28 isə Dubayda təşkil edilmişdir. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT tarixində ən genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdır. Sözügedən tədbirdə Prezident İlham Əliyev də iştirak etmişdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında Azərbaycanın 2024-cü ildə növbəti sessiyaya evsahibliyi edəcəyi də açıqlanmışdır. Bu, Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir olacaq.  COP29-la bağlı Bakıya minlərlə qonaq gələcək. O səbəbdən ölkəmiz artıq tədbirə hazırlıq işlərinə başlamışdır.

                                                                                                 Bahadur İmanquliyev
                                                                                                   "Azərbaycan"qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()