04 noyabr, 2024
Paylaş:

 Nodar Şaşıqoğlu

Dörd dəfə ailə quran, hər evləndiyi qadına ev hədiyyə edən, erməni qayınanasına görə ailəsi dağılan, məşhur fotoqrafın həyat yoldaşına aşiq olan Xalq artisti, səhnəmizin "Mixaylo"su Nodar Şaşıqoğlu...

Aktyor Batumidə dünyaya göz açıb. Türk əsilli babası Acarıstanda tanınmış zadəganlardan, atası İzzət kişi isə çar zabiti olub. Əmisi aktyor Ülvi Rəcəb repressiyaya məruz qalıb. Nodar evin yeganə övladı olsa da atası onu ərköyün böyütməyib. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş. Bununla belə, atası onun nadincliyinin qarşısını ala bilməyib. Elə bir gün olmayıb ki, ona Nodarın oxuduğu məktəbdən və ya haradansa şikayət gəlməsin.

Nodar Tiflisdə yaşayıb. Orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirib. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işləyib. Elə həmin ərəfələrdə evlənməyə də vaxt tapıb. Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Lakin bu evlilik uzun sürmür. Buna səbəb isə erməni qaynanası olur. Nodar Şaşıqoğlu evini də xanımına verib bir çamadanla ordan çıxır.

Ona ən çox uğur gətirən film "Uzaq sahillərdə" olur. Lakin bu filmdən sonra qazandığı populyarlıq, şöhrət onun həyatını məhv edir. Onda qadınlara qarşı düşkünlük yaranır. Demək olar ki, bütün qadın pərəstişkarları ilə münasibət qurur.

Deyilənə görə, "Uzaq sahillərdə" filminin çəkilişləri zamanı "Anjelika" rolunu canlandıran Aqniya Yelikoyeva ilə də məhəbbət yaşayıb. Lakin aktyor müsahibələrinin birində bunu inkar edib. O, ümumilikdə dörd dəfə evli olub. Maraqlı burasıdır ki, hər dəfə ayrılanda evini növbəti xanımına verib.

50-ci illərin sonu 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən parlaq aktyoru olan Nodar Şaşıqoğlu eyni vaxtda iki-üç filmə çəkilirdi. Pula pul demirdi. O zaman Bakıda Rubinçik adında məşhur fotoqraf var idi. Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlərini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi aktyorun hesab etdiyi qədər ötəri olmur. O hisslərinə hakim ola bilmir. Bu həmin dövr idi ki, Lətif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilirdi.

Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla evlənir. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşqçisi idi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı "baş rol"da oldu. Vəzifəli şəxslər tərəfindən Nodar Şaşıqoğlunun Azərbaycanda bütün yolları bağlandı. 70-80-ci illərdə belə rejissorlara icazə verilmirdi ki, Nodar Şaşıqoğlunu bir rola dəvət etsinlər.

Sonralar o kişilərə bunu tövsiyyə edirdi: "Həyatda həmişə Don Juan olmuşam. Amma mənim kimi Don Juan olmağı heç bir kişiyə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Bu fəlakətdir. Görün, məcnunluğuma nələri qurban verdim?.. Mən bütünlüklə Bakı həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum. Bakı ilə uzun müddətə vidalaşdım. Yalnız teatrın qastrol səfərləri ilə neçə ildən bir bura gəlirdim. Qastroldan savayı, bəzən həyat yoldaşımın burdakı işləriylə əlaqədar Bakıya bir neçə günlüyə gəlməli olurdum. Bunlara baxmayaraq, Bakı mənim üçün onda keçmiş idi. Artıq Peterburq həyatımı yaşayırdım. Əvvəlki xasiyyətimdə qala-qala".

Xasiyyətindən özü də şikayətçi olub. Növbəti dəfə ailəsindən ayrılır. Onun üçün öz ərini, hər şeyini qoyub gedən xanımına evini verib çıxır. Bakıdakı mənzilini isə onun atasına bağışlayır. Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız olur, evlənirlər. Fürsət tapan kimi ona xəyanət edən bu qadını da Nodar Şaşıqoğlu ev hədiyyəsi olmadan buraxmır.

Bakıya qayıdandan sonra ona bağışlanan son mənzilində uzun müddət xəstə yatır. Moskvadan dörd arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalır. Aktyor 86 yaşında Bakıda vəfat edir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()