30 may, 2023
Paylaş:

Nizami Gəncəvi

Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi... Adı dünya ədəbiyyatının görkəmli klassikləri sırasında ən öndə çəkilən bu dahi şəxsiyyətin “Xəmsə” (beşlik) adlanan məşhur əsərləri sanki Qərbin və Şərqin ədəbiyyat ensiklopediyasıdır. Onun şəxsi həyatı ilə bağlı məlumatlar olduqca az olsa da, deyilənlərə görə, bu dahi şəxsiyyət qadın gözəlliyinin vurğunu, eşq şairi olub. Lakin sevgidə bəxti gətirməyən şairin demək olar ki, bütün həyatı aşiq olduğu qadınların itkisini yaşamaqla keçib...

Gəncədə doğulduğu üçün Gəncəvi təxəllüsü ilə tanınan şairin əsl adı İlyasdır. Nizami Gəncəvi hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb.  Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlə bəhs edib. Nizami Gəncəvi dayısının himayəsində tək deyil, qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. 

Həddindən ziyadə gözütox olan şair bir o qədər də təvazökar insan olub. Dövrünün şairlərindən fərqli olaraq o, hökmdarların sarayından uzaq duraraq sadə həyat tərzi yaşayıb. Dünya şöhrətli şair bunu belə şərh edib: "Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla oturub  durmaqdan çəkin, çünki bu, pambıqla odun münasibətinə bənzər. Od nə qədər parlaq olsa da salamatlıq oddan uzaqlarda olar. Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqca yanar".

Tarix, din, riyaziyyat, astronomiya, fəlsəfə, hətta musiqi sahəsində də geniş biliyə malik olan Nizami səbirsizlikdən uzaq  əxlaq sahibi olub. Uca Allaha inanan, peyğəmbərə bağlı,  sadiq bir müsəlman olan Nizami dünya nemətlərindən sui-istifadə, israf, bəd əməllər və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevən biri idi.

Evlənmə məsələsində isə təkarvadlılığın  tərəfdarı idi şair. Həyatı boyu üç dəfə ailə həyatı quran Nizami bu haqda belə deyib: “Sənə yaraşan bir arvad sənə bəsdir, çox dostu olan dostsuz qalar. Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə, öz qəlbini bir ana ilə bir ataya bağla".

Şairin ilk evləndiyi  qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaq kəniz olub. Bu türk qızını Nizami Gəncəvi son dərəcə çox sevib və onunla 32 yaşı olarkən ailə həyatı qurub. Canı kimi sevdiyi yeganə oğlu Məhəmmədin anası da məhz həmin türk gözəli olub. Qıpçaq gözəli Afaq şair “Xosrov və Şirin” əsərini yazarkən  dünyasını dəyişib. Məhz Afaqa olan məhəbbəti Nizaminin yaradıcılığına yeni axar gətirib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik örnəyi kimi yaratdığı Şirinin Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən öz qadınını nəzərdə tutub.

Dahi şair qadınının vəfatından bir qədər sonra Gövhər adlı xanımla evlənir. Lakin bu qadın isə şairə qarşı edilən sui-qəsdin qurbanı olur. Belə ki, hadisənin əsas səbəbi Nizami Gəncəvinin Əlamut şeyxləri ilə aralarındakı pis münasibətdən qaynaqlanır. Bəzi mənbələrə görə, Atabəylər dövlətinin görkəmli hökmdarı Qızıl Arslan Gəncənin yaxınlığında yerləşən Həmduniyan kəndini böyük şairə bağışlayır. Kəndin əvvəlki sahibi isə Əlamut şeyxləri ilə əlaqədə olan birisi imiş. Nəticədə kəndin əlindən çıxması ilə barışmayan həmin şəxs kömək üçün Əlamut ismaililərinə (şiə məzhəbinin bir qolu) müraciət edir və kömək istəyir. Onlar da  torpağı sahibinə qaytarmaqla bağlı şairə xəbərdarlıq məktubu göndərirlər. Nizami isə fədailərdən məktub alsa da, atabəy Qızıl Arslanı özünə arxa bildiyi üçün buna məhəl qoymur. Bu səbəbdən də fədailər sonuncu xəbərdarlıq kimi, gecə şairin evinə girib balıncının yanına bıçaq saplayırlar. Bunun da nəticəsiz olduğunu görən qatillər növbəti gecə evə basqın edirlər. Lakin səhvən Nizami Gəncəvinin yerinə həyat yoldaşı Gövhəri öldürürlər...

Nizaminin üçüncü həyat yoldaşı isə Ağca adlı xanım olur. Şairə çox ehtiram edən Ağcanın qohumları hətta onunçün Qumda qala – qəsr tikdirirlər. Deyilənə görə, Nizami Gəncəvi arvadı Ağca xanım ilə yay aylarında ora gedib dincəlirmiş. Amma şairin xoşbəxtliyi uzun çəkmir. Ağcanın vaxtsız ölümündən sonra Nizaminin bu yerlərdən əli-ayağı kəsilir və həmin qala da sahibsiz qalır.

Dahi şairimiz ömrünün yarım əsrlik bir qismini sənət, hikmət və insanları düz yola sövq etməyə sərf edib. Nəhayət, öz sözləri ilə desək, 63 yaşında "müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub...”.

 Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()