Nikolay Mixailoviç Karamzin
Tale sanki onu lap uşaqlıqdan tarix yazmağa hazırlamışdı. Ailəsi ilə birlikdə Puqaçov üsyanının vahiməsindən qaçıb gizlənmək məcburiyyətində qalmış bu dahi şəxsiyyət, Parisdə Böyük Fransa inqilabının şahidi olmuşdu. Aleksandr Puşkin onun fövqəladə istedadı barədə belə demişdi: "Amerikanı Kolumb kəşf etdiyi kimi, o da qədim Rusiyanı kəşf edib". Söhbət tanınmış rus tarixçisi, yazıçısı və şairi Nikolay Mixailoviç Karamzindən gedir...
Simbirskdə mülkədar ailəsində doğulan bu yazıçı, türk kökənlidir, soyadı tatar Kara Murzanın adındandır ("Karamurzin" sonradan "Karamzin"ə çevrilib). Karamzinin anası da məşhur ailədən idi. Qızlıq soyadı Pozuxina olan anası onu dünyaya gətirərkən ölmüşdü. Sonralar oğul anasını şeirlərində yad edirdi: "Sən mənə həyat verib, özün getdin. Həyatımın ilk çağında tale mənə dağ çəkdi".
Cəmi 59 il ömür sürmüş mütəfəkkir hələ uşaq yaşlarından mütaliəyə həvəs göstərmiş, anasının kitabxanasında olan fransız romanlarını, Roma tarixi ilə bağlı kitabları, çoxsaylı bədii əsərləri oxumuşdu. İlk təhsilini öz evlərində almış, sonradan Simbirskdəki mülkədar məktəbinin şagirdi olmuş, daha sonra isə Moskva Universitetinin professoru Şadenin şəxsi məktəbində mühazirələr dinləmiş, rus dilinin incəliklərinə bələd olmuş, habelə başqa dillərə də yiyələnmişdi.
Həyatı boyu iki dəfə ailə quran yazıçının hər iki xanımı onu çox böyük məhəbbətlə sevib. İlk həyat yoldaşı Liza uşaq dünyaya gətirərkən vəfat edib. Xanımını həddindən çox sevən yazıçı onun obrazını "Zavallı Liza", "Rus səyyahının məktubları"nda, şeirlərində, povestlərində yaradıb. Tale ona ikinci qadını bəxş edəndə sanki onun sınıq könlünə məlhəm olmuşdu. Rusiyanın varlı dövlət adamı knyaz Vyazemskinin qızı olan bu xanım öz gözəlliyi, cazibəsi ilə hamını heyran qoymuşdu. Çoxları onu yerdə, insanlar arasında yaşayan mələk hesab edirdi. Ağıllı, mərifətli, gözəl Yekaterina adlı bu qız yazıçıya dərhal "hə" demiş, onun yetim qızına da analıq etmişdir.
Bu xanımla ailə qurduqdan sonra Karamzinin həm də maddi vəziyyəti düzəlir. Get-gedə onun evi Moskvanın ən mədəni, gur yığıncaq yerinə çevrilir. Heç kəsin salonu onun evi ilə rəqabət apara bilməzdi. Ən ağıllı, vacib söhbətlər məhz burada aparılırdı. Karamzin özü də çox söhbətcil adam idi. Təmkinlə, maraqla, həm də müxtəlif mövzularda söhbət qururdu. Təkcə ana tarixdən söz düşəndə və söhbət vətənin müqəddəratına yönələndə o elə ilhamla, coşqun tərzdə danışırdı ki, sanki dava edirdi.
Ömrünün sonlarına yaxın güclü sətəlcəm keçirən yazıçı 59 yaşında vərəm xəstəliyi səbəbindən dünyasını dəyişib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.