Nikolay Çauşesku
Deyirlər insanın içində yatan "canavar" bircə dəfə də olsa oyanırsa, onu cilovlamaq çətin olur. Onu ən asan oyandıran şeylərdən biri isə gücdür. Tarix insanlara qan qusduran diktatorlara çox şahidlik edib. Onların hekayəsində ortaq nöqtələr də az deyil. Maraqlıdır ki, onların bir çoxu keçmiş diktatorların torpağa qərq olmasına baxmayaraq, özlərini məğlubedilməz sanırlar. Həmin diktatorların çoxu qəddarlıqlarının qarşılığını almamış dünyadan köçsələr də, bəziləri günahlarının cəzasını olduqca ağır ödəyiblər. Rumıniyada 34 illik hakimiyyəti dövründə kütləvi insan ölümünə səbəb olan, itinə polkovnik rütbəsi verən, onu limuzində gəzdirən, çəkməçilikdən prezidentliyə qədər yüksələn diktator Nikolay Çauşesku kimi...
Çauşesku Skorniçeşti kəndində yoxsul ailədə anadan olub. 10 uşaqlı ailə olduqca kasıb yaşayıb. O, ibtidai təhsil aldıqdan sonra Buxarestdə çəkməçiliyi öyrənməyə başlayıb. Artıq 15 yaşında kiçik bir çəkməçi dükanında işləyərək maddi tələbatlarını ödəyə biləcək qədər pul qazana bilib.
Gənc yaşlarından siyasətə maraq göstərən Çauşesku 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub. 1936-cı ildə Kommunist Partiyasına üzv olub. Siyasi fəaliyyətinə görə iki il həbsxana həyatı yaşayıb və gələcəkdə bu onun karyerasında böyük rol oynayıb.
Çauşesku özünü uzaqgörən siyasətçi adlandırıb. Amma o, günü-gündən mütiləşdirdiyi xalqının bir gün səbir kasasının daşacağını nəzərə almayıb. Bütün dövlət və hökumət postlarını ailəsinə və ən yaxın saydığı adamlara həvalə edən Çauşesku öz "əbədi"liyini təmin etmək üçün bütün vasitələrə əl atıb. Qaniçən diktator kimi tarixə düşən Çauşesku ağlasığmaz dəbdəbəli həyat sürüb. Sıravi rumıniyalının ictimai nəqliyyatdan istifadə etmək üçün pul tapmadığı bir dövrdə onun Korbu adlı sevimli iti xüsusi limuzində gəzib. Atını senator edən Kaliqula kimi itini şan-şöhrətə bürüyüb. Hətta ona Rumıniya ordusunun polkovniki rütbəsini də verib. Üstəlik sevimli itinin xidmətində telefon da olub. Hər gün Londondan it yeməkləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi. Rumıniyalılar səhər saat 5-dən axşam saat 8-ə kimi çalışdığı bir vaxtda Çauşesku öz rahatlığını qızıl vannalarda tapıb. Ərzaq qıtlığı, piştaxtaların boş olduğu bir dövrdə prezident ailəsi saxladıqları ev heyvanlarına milyonlarla pul xərcləyib. Prezidentin göstərişi ilə ölkədə elektrik enerjisinin verilməsinə məhdudiyyətlər qoyulub. Sıravi vətəndaşlar gün ərzində yalnız 2-3 saat enerjidən istifadə ediblər. Gecələr isə ümumiyyətlə işığın olmasından söhbət gedə bilməzdi. Hər ailə yalnız bir elektrik lampasından istifadə etmək hüququna malik idi. Əks halda ciddi cəza növləri tətbiq edilirdi. Prezidentin ailə üzvlərinə məxsus olan villalar, iqamətgahlar, bağ evləri isə bütün sutka ərzində gözqamaşdıran işıqları ilə diqqət çəkirdi.
Prezidentin qızıla olan ehtirası o qədər güclü olub ki, onun iqamətgahında bir çox əşyalar, hətta divar üzərində bəzi işləmələr bu qiymətli metaldan hazırlanıb.
Prezident xanımının qarderobundakı xəz geyimlərinin qiyməti milyonlarla ölçülüb. Öz mükafatlarının sayına görə isə Çauşeskunu yalnız Leonid Brejnevlə müqayisə etmək olar. Dəfələrlə Sosialist Əməyi Qəhrəmanı adını alan Çauşesku dost xalqların da bir çox mükafatlarını əldə edib.
Həmin vaxt isə ölkə iqtisadiyyatı uçuruma doğru gedir, bir vaxtlar Avropanın "çörək səbəti" olan Rumıniyada ildə on beş min adam acından ölürdü. Təbii ki, mövcud siyasi durumda, sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər, Çauşesku diktatorluğunun son həddə çatdığı bir vaxtda kommunist rejiminin Rumıniyada devrilməsi də qaçılmaz idi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldıranda, Transilvaniyada rejimə qarşı xalq kütlələrinin ayağa qalxması daha güclü şəkildə olub. Özünə güvənən Çauşesku regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verib. Bu qərardan qəzəblənən və diktatorun amansızlığından boğaza yığılan xalq səhərisi gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə ayağa qalxıb. Xalqın etirazının qarşısını almaq mümkün olmayıb. Ordu xalqın tərəfinə keçib. Çauşesku xanımı ilə qaçmaq istəsə də ələ keçib. Dekabrın 25-də Tırqovişta şəhərindəki hərbi qarnizonda keçirilən fövqəladə və açıq məhkəmədə ittiham olunduğu cinayət əməllərinə görə Çauşesku və xanımı ölüm cəzasına məhkum ediliblər. Qərarın çıxarılmasından bir saat sonra Çauşesku və həyat yoldaşı Yelena qarnizonun stadionunda güllələniblər. Meyitlər bir neçə gün stadionda qaldıqdan sonra Buxarestdə dəfn edilib.
Dinc vətəndaşların qətliamına fərman verməsəydi, bəlkə də Çauşesku hələ uzun müddət hakimiyyətdə qala bilərdi. Ancaq Rumıniyanın birinci prezidenti qan tökdü. Özü də altı əsrdir qanla bağlı bir çox xatirələri olan regionda - Transilvaniyada. O, sadəcə olaraq Transilvaniyanı narahat etməməli idi…