Nikola Tesla
Elm tarixində robort texnologiyasının banisi hesab edilən Tesla da öz qeyri-adi vərdişləri və xüsusiyyətləri ilə diqqət çəkir. Onun dünyaya gəlişi belə bir xüsusi əhvalatla yaddaşlara həkk olub. Belə ki, körpənin dünyaya gəldiyi gecə dəhşətli tufan qopub. Mövhumatçı qadın əllərini göyə qaldıraraq bunun pis əlamətə işarə olduğunu bildirərək: “ Bu oğlan qaranlığın uşağıdır ”qışqırıb. Anası isə xoşbəxt bir şəkildə “ Bu nurun uşağıdır ”söyləyib. Kainatın hər anlamda bu qədər açıq işarə verməsi bəlkə də Teslanın gələcək taleyi ilə bağlı idi.
Uşaqlıqda tez-tez kabuslar görən Tesla yatmağı sevmir, hətta günlərlə yuxusuz da qala bilirdi. Ümumiyyətlə, yatmağın əleyhinə olan Tesla “ yuxuya ayrılan vaxt insan həyatından oğurlanan dəyərdi ” deyərdi. Sonradan o hər gün 2 saat yatmağa vərdiş etdi. Hər gecə yatmazdan qabaq ayaq barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməyən alim bunun səbəbini beyin hüceyrələrinə təkan verməsi ilə əlaqələndirirmiş. Bundan əlavə, dahi alim mikrob qorxusu ilə bərabər OKP (obsesiv-kompulsiv pozğunluq) xəstəliyindən də əziyyət çəkirdi. Hər yeməkdən əvvəl qarşısındakı çəngəl- bıçaq dəstini düz 18 salfetlə təmizləyən alim son dərəcə səliqəli ağ əlcəklərlə masa arxasına keçərək şam yeməyini saat 10:00-da yeyərdi. Teslanın yeməklə bağlı başqa bir ritualı da vardı. Yeməyə başlamadan öncə onun həcmini hesablamasaydı, ondan ləzzət almazdı. Onun 3 rəqəminə bağlılığı o qədər güclü idi ki, mehmanxanada ancaq 3 otaqlı mənzillərdə qalırdı. Hətta onun getdiyi binaya girməzdən qabaq tikilini ətrafında 3 dəfə fırlanması ilə bağlı gəzən şayiələr də var. Böyük alimin qəribə xüsusiyyətləri arasında müxtəlif fobiyalarından da bəhs olunur. Teslanın insanların saçına, yeməyə, geyimlərə, vücuda toxunma qorxusu onu ətrafdakılardan fərqləndirirdi. Bu qorxuların içərisində ən maraqlısı mirvari ilə bağlıdır. Onun bu zinət əşyasına nifrəti o qədər güclü idi ki, eyni süfrə arxasında mirvari taxan xanımlarla otursa belə, söhbət etməz və yemək yeməzdi. Katibəsi nə vaxt mirvari taxsaydı onu evə göndərər və həmin gün geri qayıtmamasını xahiş edərdi. Bu nifrətin səbəbi isə Teslanın hamar və yuvarlaq səthə malik obyektlərdən diksinməsi ilə bağlı idi. Yeri gəlmişkən, yalnızlığı sevən dahi qadınlarla da ünsiyyət qurmağı sevməzdi. Heç vaxt evlənməməsinin səbəbini isə subaylığın elmi qabiliyyətinə kömək etməsi ilə əlaqələndirirdi. Həyatı boyu heç vaxt sevməyən dahi bir dəfə evində saxladığı göyərçinlərdən birinə aşiq olduğunu etiraf etmişdir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.