Niko Pirosmani
Gürcüstan və Rusiya rəssamı, primitizm cərəyanının nümayəndəsi Nikolay Aslanoviç Pirosmanaşvili... Özündən sonrakı nəslə "Aktrisa Marqarita", "Maral", "Beş zadəganın şənlənməsi", "Çariça Tamara", "Kaxetiya çaxırı", "Zürafə", "Şota Rustaveli", "İnək sağan", "Müqəddəs Qeorqi", "Bulağa gedən ana", "Süpürgəçi", "Pivə içən qadın", "Odun daşıyan" kimi iki yüzə yaxın rəsm əsəri qoyub gedən, fırçasını Tanrı idarə edən bu rəssam ömrünün sonuna kimi aclıq və səfalət içində yaşayıb...
Qax rayonunun Tasmalı kəndində kasıb bir ailədə dünyaya gələn Niko səkkiz yaşında ikən atası Aslanı itirir. Ərinin ölümündən sonra ailənin maddi durumu ağırlaşdığına görə anası Təklə xanım Nikonu bakılı sahibkar Eprosina Kələntərova soyadlı xanımın yanına qulluqçu göndərir. Atasının ölənə qədər qulluq elədiyi Kələntərovlar ailəsinə qaynayıb-qarışan Niko öz tay-tuşu olan Georgi Kələntərovla Şulaver kəndindən Tiflisə gəlir. Niko Tiflisdə əl işləri ilə məşğul olan bir-iki usta yanında olur, gürcü və rus dillərində yazıb-oxumağı öyrənir. Lakin o, ustaların verdiyi cüzi məvacibdən bezir və Mirzəyanı kəndinə, bacısının yanına qayıdır. Gələcəyin məşhur rəssamı burada isə bir müddət çobanlıqla məşğul olur.
Şəhər mühitinə can atan Pirosmani sonralar yenidən Tiflisə gəlir, pul qazanmaq üçün rəssam dostu Qiqo Zaziaşvili ilə dekorativ yazılar dükanı kirayələyir. Kafe-dükanların üstünə yazdıqları reklam yazılardan gələn gəlirlə dolana bilməyən dostlar dükanı bağlamalı olurlar. Daha sonra dəmir yolunda nəzarətçi işləyən Niko ciddi rejimə dözə bilmədiyi üçün oradan da çıxır.
Heç bir rəssamlıq məktəbində təhsil almadan, qeyri-adi rəsmlər çəkən bu arıq, ucaboy, adamayovuşmaz adam haqda sonralar müxtəlif söz-söhbətlər gəzməyə başlayır. Guya Niko gecələr müqəddəs varlıqlarla gəzib-dolaşdığına görə onun fırçasını Tanrının özü idarə edir. Pirosmani öz rəsmlərini köhnə stolüstü klyonkalardan düzəltdiyi freskalarda çəkirdi. Elə buna görə də rəssam klyonkalardakı rəngləri yox etmək üçün çəkdiyi rəsmlərin əksəriyyətini qara fonda işləməli olurdu.
Evsiz-eşiksiz rəssam ailə qurmağa risk etmir, beləcə, hərdən aldığı sifarişləri yerinə yetirərək xırda gəlirlə yaşayır. Tiflisin zirzəmilərində sərxoş uyuyan Pirosmanaşvilinin rəsm çəkmək ehtirası günü-gündən alovlansa da, heç kim onu rəssam kimi görmür, meyxanalar üçün çəkdiyi rəsmlərini ciddiyə almır.
1912-ci ildə futurist şair İlya, onun qardaşı rəssam Kirill və rəssam dostları Mixail Lyö Dantyü Nikonun bir neçə rəsmini toplayaraq haqqında yazıb qəzetlərdə çap etdirirlər. Beləcə, futurist rəssamların Moskvada təşkil etdiyi "Mişen" adlı sərgidə şair İlya Zdaneviçin Tiflisdən gətirdiyi Pirosmani rəsmlərinin də bir neçəsini salonun divarından asırlar. Sərgidən sonra gənc gürcü rəssamları Pirosmaninin yaradıcılığı ilə maraqlanmağa başlayır. Almaniyada təhsil almış David Şeverdnadze isə onun rəsmlərini toplamağa girişir.
Bir müddət sonra Kirill Zdaneviç öz emalatxanasında Pirosmaninin birgünlük sərgisini keçirir. Lakin belə xırda cəhdlər də onun həyatında heç nəyi dəyişə bilmir, evsiz rəssamın maddi ehtiyaclarını ödəmirdi. Təkcə bir dəfə Tiflisdə yenicə yaranmış Rəssamlar İttifaqı ona 200 manat yardım edə bilir. Rəssamın arzuladığı geniş həyətli bir ev, həyətində mütəmadi olaraq müxtəlif rəssamların rəsmlərindən ibarət sərgi keçirmək arzusu, elə arzu olaraq da bu dünyada qalır.
Məşhur rəssam Pirosmani 56 yaşında öz zirzəmisində tənhalıq içində dünyadan köçür. Ölümündən sonra onun çoxlu sərgiləri təşkil edilir, haqqında əsərlər yazılır, həyatından kino çəkilir. Nikonun əsərlərinin hər birinin qiyməti milyon dollarla qiymətləndirilir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.