09 avqust, 2024
Paylaş:

Nəsibə Zeynalova

Cənnət xala, Nargilə, Züleyxa kimi bir çox yaddaqalan rolları ilə tamaşaçıların qəlbində iz qoyan, Azərbaycan kino və teatr tarixinin ən unudulmaz simalarından olan "səhnəmizin qayınanası" Nəsibə Zeynalova... Özündən 11 yaş kiçik oğlanla evlənən, nəvəsini övladlığa götürən, pişiyinə elçi gedən aktrisanın şəxsi həyatı heç də ürəkaçan olmayıb...

Nəsibə Cahangir qızı Zeynalova Bakıda dünyaya göz açıb. Onun atası Cahangir Zeynalov həm tanınmış tacir, həm də aktyor olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkləşdiyini görmək ona nəsib olmayıb. Atası dünyasını dəyişəndə Nəsibə iki yaşında idi. Anası Hüsniyyə xanım balaca Nəsibəni çox çətinliklə böyüdüb. Aktrisa özü müsahibələrinin birində deyir: "Atam rəhmətə getdi, anam da savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-susuz". Ailəyə köməklik göstərmək üçün Nəsibə Zeynalova gənc yaşlarından zavodlardan birində fəhlə kimi işə düzəlir. Bir müddət sonra isə o, anasını da itirir. Günlərin birində Şəmsi Bədəlbəyli onu zavodun özfəaliyyət dərnəyinin çıxışında görür və Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir.

Gənc yaşında ailə quran aktrisanın həyat yoldaşı İkinci Dünya müharibəsində həlak olur. Aktrisa ikinci dəfə 38 yaşında özündən 11 yaş kiçik Mütəllim adlı bir kişiyə ərə gedir. İlk əvvəllər aktrisa bu nikaha razı olmur. Yaş fərqini bəhanə gətirir. Lakin sonradan bu izdivac baş tutur.

Nəsibə xanım qız övladının olmasını çox istəyib. Bunu, hətta özünəməxsus formalarda da təzahür etdirib. Deyilənə görə, o zarafat üçün hələ uşaq ikən oğlu Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum-əqrəbaya bu şəkilləri göstərib: "Görürsünüz, mənim bir qızım da var", - deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onu "Bala başa bəla" tamaşasında istifadə etmək qərarına gəlir, iki şəkili birləşdirərək dekorda divardan asdırır. İzzət Nəfislinin evində divardan asılan məşhur şəkil belə yaranır.

Aktrisa öz nəvəsi Nəsibəni qızlığa götürüb. Nəvəsi müsahibələrinin birində deyir: "Nənəmin adını daşımağımın maraqlı tarixçəsi var. Mən martda doğulmuşam. Əvvəl istəyiblər ki, adımı Bahar qoysunlar. Amma nənəm deyib ki, yox, mənim qızım yoxdur. Nəvəm əvvəlcə mənim qızım olacaq. Sonra da öz adımı ona verəcəm. Nənəm sözlə kifayətlənməyib. Məni sənədlə də öz qızı edib. Beləliklə, mən şəxsiyyət vəsiqəsində Cahangir qızı yox, Mütəllim qızıyam".

Nəsibə xanım nəvəsinə qarşı çox sərt olub. Onu ad günlərinə, son zəngə buraxmayıb. Bir dəfə isə Nəsibə xanımdan icazəsiz sinif yoldaşının ad gününə getsə də aktrisa nəvəsinin ardınca məktəbə gələrək onu ad gününə getməyə qoymayıb, evə aparıb.

Xasiyyəti ağır olan Nəsibə xanım evdə, ailədə, işində, sənətində özünə və ətrafına qarşı çox tələbkar idi. Deyilənlərə görə, aktrisa "Qayınana" filmində mətbəxdə oxuduğu bayatını anasından öyrənib. Nəsibə xanımın anası həmişə o bayatını zümzümə edirmiş. Gülləri və heyvanları, xüsusilə pişikləri çox sevib. Harada sahibsiz pişik görsə, ürəyi yanır, götürüb evə gətirirmiş. Onlara qulluq edir, yorğan-döşək də tikirmiş. Bir dəfə isə öz pişiyi üçün qonşu pişiyinə xonça ilə elçi gedir. Ədəb-ərkanla qonşudan pişiyin "həri"sini alır.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Milli Teatr Günündə 87 yaşında dünyasını dəyişib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()