24 iyul, 2024
Paylaş:

Nəcibə Məlikova

"Ögey ana" filmində Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan" da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala obrazları ilə tamaşaçılarının qəlbində taxt quran, milli kinomuzun və teatr sənətimizin gözəl aktrisası, həyatı da filmləri kimi maraqlı, keşməkeşli olan Nəcibə Məlikova... Əri tərəfindən xəyanətə uğrayan, nalayiq təklifə görə rejissora sillə vuran, meymundan qorxub xəstəliyə tutulan, gerçək həyatını filmdə oynayan ögey ana...

Nəcibə Haşım qızı Məlikova Bakının Buzovna kəndində dünyaya gəlib. Evin sonbeşiyi olan Nəcibə xanımın atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov tutulandan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə "xalq düşməninin ailəsi" adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Nəcibə xanımın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin "xalq düşməni"nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Buna baxmayaraq, atası Haşım bəy Saqibin ziyalı olması, sənəti yaxşı bilməsi övladlarına həyatda uğurlu yol seçməyə kömək edir.

Aktrisa bir oğlu olan Nüsrəddin adlı imkanlı kişi ilə ailə qurub. Bu izdivacdan cütlüyün bir oğlu (Saqib) dünyaya gəlib. Nəcibə xanımın oğulluğu (Fuad) əvvəlcə onu qəbul etməsə də, sonradan doğmalaşıblar. Fuad Əsədov Nəcibə xanımın ölümündən uzun müddət sonra verdiyi müsahibəsində deyir: "Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, əvvəl onu ana kimi qəbul edə bilmirdim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm. Saqiblə aramızda ögeylik olmadı, bu, onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam". Onun həyat yoldaşı həqiqətən, "Ögey ana" filmindəki kimi yol mühəndisi olub, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. Filmdəki İsmayıl obrazının prototipi oğulluğu Fuaddır, Cəmilə isə Saqibin obrazıdır. Görünür bu dəyişikliklərlə tamaşaçını həqiqətdən yayındırmağa çalışıblar.

Aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də sadə və mərd qadın olub. Günlərin birində məşhur rejissorlardan biri Nəcibə xanıma rol vermək istəyir. Lakin rol qarşılığında o, aktrisaya arzuolunmaz təklif edir. Bundan hiddətlənən aktrisa rejissora sillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü sənət camiəsində danışarmış.

Ancaq ailədə təəssüf ki, Nəcibə xanımın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı kişi idi. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə "O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər", - deyirmiş.

Bir gün Nüsrəddin başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb gedir. Bundan az sonra isə Nüsrəddin 30 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə xanım 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.

Hindistanda qastrol zamanı üstünə meymun atılır, qorxudan şəkər xəstəliyinə tutulur. O bəla da 70 yaşında onu aparır. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə "Yalnız Nüsrəddini" - deyir, arzusuna çatmaq üçün gözlərini həmişəlik yumur...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()