Naxçıvanın "yaşıl sərvəti"ndən hər kəsə pay düşür
Azərbaycan dünyada yerüstü və yeraltı sərvətləri ilə zəngin olan ölkədir. Tanrı bu sərvətləri bütün ərazilərimizə səpələyib. Bakıdan tutmuş ucqarlara qədər elə bir bölgəmiz yoxdur ki, ən azından təmiz havası, saf suyu, nadir florası və faunası olmasın.
Belə regionlardan biri də Naxçıvan Muxtar Respublikasıdır. Yurdumuzun bu bölgəsi özünün yerüstü zənginliyi ilə yanaşı, yeraltı faydalı qazıntıları ilə də diqqət çəkir. Hər zaman alimləri, mütəxəssisləri özünə cəlb edən dağ landşaftları, Araz çökəkliyi, xammal ehtiyatları bu diyarın sərvəti hesab olunur. Qeyd edək ki, regionun təkcə mineral xammal bazası 41 müxtəlif faydalı qazıntı yataqlarının sənaye ehtiyatlarını özündə cəmləşdirir. Onlardan Gümüşlü, Ağdərə, Başkənd, Gilançay, Ləkətağ polimetallik, Parağaçay, Qapıcıq molibden, Duzdağ, Sust, Nehrəm daşduz, Unus mis, molibden, Şərur və Şahbuz ərazisi mərmərləşmiş əhəngdaşının adını çəkə bilərik. Bura Şahtaxtı, Qarabağlar travertin, Nehrəm, Gülüstan dolonit, Darıdağ antimonit, kinovar, realqar, Nəsirvaz molibden-qurğuşun ehtiyatlarını da əlavə etmək olar. Aparılan geoloji kəşfiyyat işləri Ordubad və Şahbuz rayonlarında qızıl yataqlarının və çoxsaylı təzahürlərinin olduğunu da təsdiqləyib.
Bütün bu deyilənlərin fonunda "yaşıl sərvət" adlı bir xəzinə də var ki, Naxçıvanın işıqlı gələcəyinin təminatı ona bağlıdır. Son dövrlər Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadədə bir çox regionlarla (xüsusilə Qarabağ və Şərqi Zəngəzur) bərabər, Naxçıvanın da adı çəkilir. Bu, təsadüfi deyil. Çünki muxtar respublikanın əlverişli coğrafiyası və iqlimi imkan verir ki, ekoloji cəhətdən təmiz və bərpaolunan alternativ enerji mənbələrindən geniş istifadə edilsin. Mütəxəssislərin hesablamalarına görə, Naxçıvanda günəşli saatların orta illik miqdarının 2600-2800 saat, hər kvadratmetrə düşən Günəş enerjisinin intensivliyi 0,8-1,2 kilovatsaatdır. Bu, soyuq fəsillərdə belə, muxtar respublikada günəş enerjisindən istifadə etməyə imkan verir.
Bu imkandan 2015-ci ildə istifadə olunmağa başladı. Həmin il ilk dəfə Babək rayonunun Xalxal kəndi yaxınlığında 20 meqavat gücündə Naxçıvan Günəş-Elektrik Stansiyası tikilib istifadəyə verildi. Daha sonra 2019-cu ildə Kəngərli rayonunun Qabıllı kəndi yaxınlığında 2, 2020-ci ildə isə 3 meqavat gücündə Kəngərli Günəş Elektrik stansiyaları istifadəyə verildi. Regionun enerji təminatında sonrakı illərdə tikilən Culfa Külək-Günəş Hibrid Eülektrik Stansiyası da böyük rol oynamağa başladı. Bu da onu deməyə əsas verirki, muxtar respublikada "yaşılenerji" dən hər kəsə pay düşür.
2021-ci ildə Prezident İlham Əliyev Naxçıvanın "yaşıl iqtisadiyyat"ı ilə bağlı fikirlərini bölüşərkən bir məqama xüsusi diqqət ayırmışdı: "Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir". Prezident bu sözləri ilə enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək, bərpa-olunan enerji mənbələrindən istifadə olunmasını regionun ekoloji vəziyyətinə bir töhfə sayıb. Deyə bilərik ki, bu gün Naxçıvanda enerji təhlükəsizliyi məsələləri dövlət tərəfindən həyata keçirilən prioritetlər sırasındadır. Prezidentin də dediyi kimi: "Naxçıvanın qazı, nefti olmasa da, Günəşi var və Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır".
Hazırda sürətlə "yaşıl enerji" zonasına çevrilən Qarabağ və Şərqi Zəngəzurda istehsal olunacaq bərpa-olunan enerjinin Naxçıvan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması ölkəmizin enerji prioritetləri sırasındadır. Bu həm də Naxçıvanın "yaşıl dəhliz"ə çevrilməsində mühüm rol oynayacaq. 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda ilk dəfə olaraq Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və "Naxçıvan-Yaşıl Enerji Zonası" beynəlxalq konfransında da bu barədə geniş müzakirələr oldu. Təsadüfi deyil ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda 11 prioritet istiqamətin biri elektrik enerjisi istehsalının və ixracının artırılmasıdır.
Ümumilikdə bərpaolunan enerji məsələsini diqqətdə saxlayan Prezident İlham Əliyev bu sahəyə növbəti dəfə fevralın 14-də andiçmə mərasimində toxundu: "Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən, günəş, külək və hidro-su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat". Təbii ki, cənab İlham Əliyevin söylədiyi bu rəqəmdə Naxçıvanın ayrıca payı var. Məhz bu hesaba regionun enerji sistemi Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının (ENTSO-E) şəbəkəsinə qoşulacaq.
Züleyxa Əliyeva
"Azərbaycan"qəzeti