“Müstəqilliyimiz əbədidir” adı altında dəyirmi masa

18 oktyabr, 2018
Paylaş:

“Müstəqilliyimiz əbədidir” adı altında dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 oktyabr 2018-ci il tarixdə “Müstəqilliyimiz əbədidir” adı altında dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın müstəqilliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd, “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.1993-cü ildə ölkəmizə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi, Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu. Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayaraq artıq 27 illik uğurlu yol keçib.

AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Azərbaycanın bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmasından, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşamasından, ikinci tarixi imkanın 1991-ci ildə əldə edilməsindən danışdı.

Yasamal rayonu Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, onun əbədiliyi qorunub saxlanır, inkişaf etdirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Kitabxananın əməkdaşları Rəvanə Məlikova, Əfsanə İsayeva XX yüzilliyin sonlarında sovetlər birliyinin süquta uğramasından sonra Azərbaycan xalqının XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırmasını xalqımızın siyasi tarixində ikinci parlaq qələbəsi sayılması faktı kimi qeyd etdilər. Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyini ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz həqiqəti olduğunu, Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyini daim qoruyacağını, respublikanı inkişafın hər bir sahəsində yalnız irəliyə doğru aparacığını bildirdilər. Rəvanə Məlikova çıxışını şair Nəriman Həsənzadənin “Azərbaycan” şeri ilə bitirdi.

Tədbir boyu Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş video-rolik nümayiş etdirildi.

Tədbirin sonunda “Müstəqil, azad Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()