“Müstəqillik Günü-tariximizin şanlı səhifəsi” adlı tədbir

26 may, 2026
Paylaş:

“Müstəqillik Günü-tariximizin şanlı səhifəsi” adlı tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə milli istiqlal tariximizin şərəfli səhifəsi, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan 28 may - Müstəqillik Günü ilə əlaqədar “Müstəqillik Günü-tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.

Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna  Ağayeva, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayxan Mehdizadə, orta və ali təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdi.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov xalqımızın kimliyini, və mübarizliyini sübut edən tarixi məqamlardan biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında geniş məlumat verdi. 1918-ci ilin 28 may günü Azərbaycan tarixində yeni və silinməz səhifənin açıldığı söyləyərək, Xalq Cümhüriyyətinin  ömrünün qısa olmasına baxmayaraq, 23 ay ərzində çox böyük işlər gördüyünü, bu dövrdə bir çox ilklərə imza atıldığını – parlamentdə dövlət quruculuğu ilə bağlı ciddi qərarların qəbul olunduğunu, ordu qurulucuğuna başlanıldığını, dövlət atributlarımızın qəbul olunduğunu, Milli Bankın, Bakı Dövlət Universitetinin, gömrük və poçt-teleqraf xidmətinin təsis edildiyini, məhkəmə qanunvericiliyi haqqında bir sıra qanunların qəbul edildiyini söylədi. 70 il sonra 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edildiyini, bir il sonra isə milli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edildiyini bildirdi. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik siyasətin ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdiyini, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verdiyini vurğuladı.

Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna  Ağayeva öz çıxışında müstəqil Azərbaycan Cümhuriyyətinin qısa müddətdə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdiyini, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ayxan Mehdizadə 28 May – Müstəqillik Gününün gənclər üçün xüsusi mənəvi və ideoloji əhəmiyyət daşıdığını qeyd etdi. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik ənənələrinin bu gün də yaşadıldığını, müstəqil Azərbaycanın uğurlarının həmin möhkəm təməllər üzərində qurulduğunu bildirdi.

Tədbirdə kitabxana əməkdaşları tərəfindən hazırlanan Müstəqillik Gününə həsr edilən “Milli mübarizə tariximiz – 28 May Müstəqillik Günü” adlı təqdimat nümayiş olundu, həmçinin kitabxana əməkdaşlarının süni intellekt texnologiyaları vasitəsilə hazırladığı “Şərqin ilk demokratik cümhüriyyətindən əbədi zəfərə doğru” adlı materialı haqqında da məlumat verildi.  Hazırlanan materiallarda ilk müsəlman Şərqində demokratik respublikanın fəaliyyətini əks etdirən yazılı məlumatlar, maraqlı faktlar, sənədlər, foto şəkillər öz əksini tapıb və Cümhuriyyət dövrünün Azərbaycanda təhsil, mədəniyyət sahələrinə verdiyi töhfələr haqqında ətraflı məlumat verilir.

Respublika Gənclər Kitabxanasında “28 may – Müstəqillik Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib. Sərgidə Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edilən kitablar, dövrü mətbuat materialları sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()