“Müqəddəs Azərbaycan bayrağı”- Dövlət Bayraq günü münasibəti ilə musiqili ədəbi-bədii gecə
08 noyabr 2019-cu il tarixdə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonu 173 saylı orta məktəblə birgə Dövlət Bayraq günü münasibəti ilə “Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə keçirdi.
Tədbir Azərbaycan Dövlət Himninin və ümummilli lider Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki, bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” sözlərinin səsləndirilməsindən sonra başladı.
Məktəbin direktoru Sitarə Abbasova Azərbaycan Respublikasının Dövlət bayrağının suverenliyimizin rəmzi olduğunu bildirib şagirdlərə müqəddəs vətəni, bayrağımızı sevib qorumağı tövsiyə etdi.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva müstəqil Azərbaycanın bayrağındakı üç rəngin ifadə etdiyi “türkçülük, islamçılıq və müasirlik” formulu, bayrağın simvolları, dövlətin vacib atributu olması mövzusunda çıxış etdi.
Məktəbin tarix müəllimi Çinarə Cəbrayılova “Azərbaycan bayrağı” adlı geniş məruzə ilə çıxış etdi.
Şagirdlər “Qarabağ şikəstəsi”, ”Çırpınırdı Qara dəniz”, “Bu dünyanın bir adı var”, “Azərbaycan bayrağı” mahnılarını ifa etdilər, “Azərbaycan”, “Milli bayraq”, “Yaşa səni, yaşa üçrəngli bayraq”, “Bayrağımız” şerlərini söylədilər.
Tədbir boyu “Yüksələn Azərbaycan bayrağı” adlı video çarx nümayiş edildi.