Münəvvər Kələntərli
Milli kinomuzun və teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan, duzlu-məzəli zarafatları ilə yaddaşlarda qalan, gülüşündən, danışığından həyat eşqi yağan şöhrətli xanəndə və aktrisa Münəvvər Kələntərli... Həkim səhvinin qurbanı olan bu aktrisa deputat olmaq istəsə də, son arzusu ürəyində qaldı...
Həm dramatik, həm də komik aktrisa kimi sənətdə öz sözünü deyən Münəvvər xanım Lənkəranda çoxuşaqlı ailədə anadan olub. Kiçik qardaşı Cabbar İkinci Dünya müharibəsindən geri qayıtmayıb. Aktrisa uzun illər qardaşının sağ olması ehtimalı ilə yaşayıb. 17 yaşında Bakıya gəlib. Böyük qardaşı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvəri də öz yanına gətirib. Haşım Kələntərli həm xalq mahnılarının, həm də muğamların mahir ifaçısı idi. O, bacısı Münəvvərlə 30-cu illərdə Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edir. Onların istedadlarının fərqində olan dayıları Yavər Kələntərli Münəvvərə oxuması üçün icazə verir. Bu səbəbdən də Münəvvərin səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət yaranmır.
Aktrisa 25 yaşında Ənvər adlı ləzgi əsilli şəxslə ailə qurub. Bu evlilikdən onların Validə adlı qızları dünyaya gəlib. Lakin bu izdivacın ömrü uzun olmayıb. Onların ayrılmasına səbəb isə həyat yoldaşının Bakıda yox, Qusarda yaşamaq istəyi olub. Aktrisa isə "Mən sənətimi atıb, heç yerə gedə bilmərəm", - deyib qızı ilə birgə Bakıda qalıb. Deyilənə görə, Ənvər Münəvvərin səhnədə çıxış etməsini istəmədiyinə görə çıxıb gedib.
Münəvvər həyat yoldaşından ayrılandan sonra ikinci dəfə heç kimlə ailə həyatı qurmur, "mənim ərim də var, qızım da" deyir. Hüquqşünas olan qızı Validənin şəkəri yüksək olduğu üçün doğuş vaxtı uşağı tələf olur. Bundan sonra Validə həyat yoldaşından ayrılır. Taleyin yazısına bax ki, o da anası kimi bir daha ailə qurmur və anası ilə eyni yaşda - ömrünün 51-ci ilində şəkər xəstəliyindən dünyasını dəyişir. Anasının yanında dəfn olunur. Deyilənə görə, aktrisanın digər bacı və qardaşları da qırx, əlli yaşdan çox yaşamayıblar. Şəkər xəstəliyi onların nəslində irsi olub. Dünyasını dəyişən digər bacı və qardaşlarının ailəsinə aktrisa özü baxıb.
Münəvvər xanım xasiyyətcə çox şən adam olub. Yaxınları, dostları ona Mina deyə müraciət ediblər. Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova ilə rəfiqəlik edib. Aktrisanın yaxşı "biş-düş" qabiliyyəti var imiş. Ona görə də qastrol səfərlərindən qayıdanda hamı onun başına yığışar, deyib-gülər, müxtəlif oyunlar, oynayardılar. Uduş pullu olurdu. Ən gülməlisi də o idi ki, həmişə bir abbasıdan, beş yaxud on qəpikdən oynayardılar. Günlərini maraqlı keçirirdilər. Sevinməyə həmişə səbəb tapırdılar. Aktrisanın Nəsibə Zeynalova ilə də münasibətləri yaxşı olub. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlini öz müəllimi adlandırıb.
Münəvvər xanım bütün kinolarda öz paltarlarında çəkilib. Hətta "Arşın mal alan"ın birinci variantı çəkilən zaman o, Lənkərandan çoxlu pal-paltar gətirib, aktyorları geyindirib. "O olmasın, bu olsun" filmindəki məşhur epizodda, gəlinin yengəsini ifa edən aktrisa qapı açılan zaman həqiqətən də yerə yıxılıb və barmağı sınıb. Buna baxmayaraq, işinə davam edib. Həmin səhnə çəkilən zaman o, əslində ağrıdan ağlayıbmış.
Münəvvər xanım sağlam qadın idi. Gənc yaşlarından böyrəyinin biri götürülsə də, sonralar heç xəstələnməzdi. Həyatla vidalaşanda onun 51 yaşı var idi. Kor bağırsağında cərrahiyyə əməliyyatı düzgün aparılmadığından dünyasını dəyişir. Münəvvər xanım Moskvaya kino çəkilişinə gedəndə orada sancısı tutur. Xəstəxanada onu müayinə edən həkimlər: "Kor bağırsağınızda cərrahiyyə əməliyyatı aparılmalıdır" - deyirlər. Bakıya qayıdandan sonra əməliyyatı tanışları olan bir professor boynuna götürür. Cərrahiyyə əməliyyatından sonra Münəvvər xanım ikicə gün yaşayır. Professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı: həm kor bağırsağı kəsəndən sonra düzgün tikməmiş, həm də yeganə böyrəyi zədələmişdi. Həmin ərəfədə aktrisa deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Ancaq taleyin hökmü buna imkan vermədi. Onun son arzusu ürəyində qaldı...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.