Müdrik və dahiyanə siyasi gedişlər
2025-ci il Azərbaycan dövlətçilik tarixində "Konstitusiya və Suverenlik İli" kimi xüsusi əhəmiyyət daşıyır. Bu il ölkənin milli müstəqilliyi, ərazi bütövlüyü və qanunvericilik prinsiplərinin gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət ölkənin beynəlxalq mövqeyini möhkəmləndirdi, Qarabağın dirçəlişini sürətləndirdi və regionda yeni siyasi balans yaratdı. Bütün bu proseslərin mərkəzində Azərbaycanın suverenliyi və konstitusiya prinsiplərinə sadiqlik dayanır.
7-8 avqust 2025-ci il tarixlərində İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycanın xarici siyasət tarixində mühüm hadisə kimi qiymətləndirilir. Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə aparılan görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası üzrə razılıq əldə olundu və 1992-ci ildən qüvvədə olan 907-ci düzəlişin ləğvi qərara alındı. Ən əhəmiyyətli nəticə Ermənistanla sülh sazişinin razılaşmasına və regionun inkişafına yönəlik "Trump Route for International Peace and Prosperity" dəhlizinin yaradılması idi. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirərək illərlə davam edən blokada və tranzit məhdudiyyətlərini aradan qaldıracaq. Eyni zamanda bu addım Azərbaycanın suverenliyinin beynəlxalq aləmdə tanınması və qorunması istiqamətində strateji əhəmiyyət daşıyır.
Ən qürurverici faktlardan biri də odur ki, Qarabağda bərpa və inkişaf konstitusiyanın təmin etdiyi suverenliyə söykənən addımlarla davam edir. Müzəffər Ali Baş Komandan Qarabağa tez-tez səfərlər edir. Cənab Prezidentin Qarabağa səfərləri yalnız rəsmi mərasimlərlə məhdudlaşmır, eyni zamanda regionun infrastruktur, mədəniyyət və sosial sahələrdə bərpasına rəhbərlik edir.
Şuşada məscidlərin, muzeylərin və abidələrin bərpası, yeni yaşayış komplekslərinin təməli və müasir sosial infrastrukturun yaradılması şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı kimi yenidən formalaşdırır.
Xankəndi, Ağdam və Xocalıda məktəblər, bağçalar, yaşayış evləri, sənaye müəssisələri tikilir və yollar açılır. Bütün bunlar tarixi irsin bərpası ilə yanaşı, bölgədə müasir iqtisadi və sosial həyatın bünövrəsini yaradır. Bu fəaliyyət hərbi qələbədən sonra Qarabağın davamlı inkişafını təmin etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin konstitusiya prinsiplərinə uyğun şəkildə bərqərar olmasını təmin edir. Qarabağın dirçəlişi, əhalinin geri dönüşü və infrastrukturun yenidən qurulması uzunmüddətli strateji perspektivi və konstitusion dövlətçilik prinsipini əks etdirir. 16 sentyabr 2025-ci il tarixində Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan ilə keçirilən görüş Azərbaycanın diplomatik uğurlarının daha bir nümunəsi, suverenliyin güclü tərəfdaşlıqla möhkəmləndirilməsi oldu. İmzalanan "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə" ilə iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Enerji, investisiya, nəqliyyat və turizm sahələrində imzalanan sənədlər Azərbaycanın suveren iqtisadi və siyasi maraqlarını qoruyur.
Bu addım, cənab Prezidentin Qərb ilə əməkdaşlığı dərinləşdirərkən eyni zamanda Yaxın Şərqdə güclü iqtisadi dayaqlar yaratmaq strategiyasının nümunəsidir.
2025-ci ilin siyasi hadisələri göstərdi ki, İlham Əliyev yalnız bir dövlət başçısı deyil, həm də regionun siyasi memarı və dövlətçilik prinsiplərinə sadiq lideridir. Onun diplomatik manevrləri, strateji baxışları və Qarabağda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı Qafqazın güc mərkəzinə və beynəlxalq səviyyədə etibarlı tərəfdaşa çevirib.
Vaşinqtondan Qarabağa, Qarabağdan Körfəz regionuna uzanan bu strateji yol, Azərbaycanın gələcək onilliklərini müəyyən edən, konstitusiya və suverenlik prinsiplərinə əsaslanan dahiyanə siyasət və gedişlər silsiləsidir. Bu siyasətin ideya qaynağı isə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik, suverenlik və konstitusiya prinsipləridir. Prezident İlham Əliyev həmin prinsipləri müasir dövrün tələblərinə uyğun davam etdirərək Azərbaycanın milli maraqlarını qoruyur və Ulu Öndər Heydər Əliyev ideyalarının reallaşdığını bütün dünyaya nümayiş etdirir.
Sadiq Qurbanov,
“Azərbaycan” qəzeti