"Müasir gəncliyi narkotik vasitələrə meyillilikdən qoruyaq" adlı disput
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "Müasir gəncliyi narkotik vasitələrə meyillilikdən qoruyaq" adlı disput təşkil edilib.Tədbirdə Bakı Dövlət Univeritetinin “Kitabxanaçılıq-informasiya” fakültəsinin tələbələri, gənc oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov müasir gəncliyin Azərbaycanın sabahı, gələcəyi olduğunu, dövlətin, millətin, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu bildirib. O, xalqımızın ümumilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan etməsindən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın icrası ilə əlaqədar təşkil edilən mədəni-kütləvi tədbirlərdən, sosial aksiyalardan və onların müstəsna əhəmiyyətindən danışdı. Müasir gəncliyi pis vərdişlərdən - narkotik vasitələrdən istifadədən çəkinməyi, sağlam həyat tərzinə, elmə, maarifə meyil etmələrini tövsiyə gördü.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söylədi. O, gənc nəslin sağlam ruhda tərbiyəsinin dövlətin və cəmiyyətin əsas vəzifəsi olduğunu söyləyərək, Respublika Gənclər Kitabxanasında bu mövzuda həyata keçirilən tədbirlər, layihələr, hazırlanan materiallar, kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan bədii ədəbiyyat nümunələri haqqında geniş məlumat verdi.
Tədbirdə iştirak edən tələbələr narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və digər mövzularda çıxış etdilər. Narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və çevrənin məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular da müzakirə edildi.
Tədbirin sonunda kitabxanada təşkil edilən “Narkomaniya-dövrün bəlası” adlı ənənəvi kitab sərgisinə baxış keçirildi.
