Molla Nəsrəddin
Əsl adı Xoca Nəsrəddin olsa da, hamı onu Molla Nəsrəddin kimi tanıyır. İbrətamiz lətifələri ilə uşaqdan-böyüyə hamının sevimli personajına çevrilən bu adam, Türkiyədə Hoca Nəsrəddin, Özbəkistanda Xoca Nəsrəddin, Qazaxıstanda Nəsrəddin əfəndi adlandırılır. İnsanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu özününküləşdirməyə çalışıb. Lakin avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq ediblər. Bəs bu adam əslində kim idi, real şəxsiyyət, yoxsa sadəcə bədii obraz?
Türkiyəli professor Mikayıl Bayramın araşdırmasına görə, o, XIII əsrdə yaşamış Hoca Nasiruddin Mahmud Əl Huyi və ya Şeyx Nasirüddindir. Ahi təşkilatının qurucusu kimi Ahi Evran ləqəbini daşıyıb. Ahilik sadə peşə insanlarını öz ətrafında birləşdirib, onların sosial problemlərinin həlli ilə məşğul olan qurum idi. Bunu indiki dillə, xırda sənətkarların dərnəyi də adlandırmaq olar. Ahilər təşkilatına sırf türkmənlər daxil ola bilərdilər (türkmən dedikdə Anadolu türkləri nəzərdə tutulurdu). Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var. Bəzi mənbələrdəki məlumata görə, o 1208-ci ildə Sivrihisarın Hortu kəndində dünyaya gəlib. Atası Abdulla kəndin imamı idi. O, rəhmətə gedəndən sonra bu vəzifəni Nəsrəddin Hoca üzərinə götürüb. Daha sonra Akşehirə köçüb və orada hakimlik - qazılıqla məşğul olub. Bu vəzifədə işlərkən ona "Nəsrəddin Xoca" deyə müraciət ediblər və o, bu adla da tarixə düşüb. Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çin ərazilərində yaşayan türklərə kimi dillər əzbərinə çevrilib. Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var.
Onu I Murad İldırım Bəyazid və Əmir Teymurun müasiri kimi göstərənlər də var. Lakin professor Bayramın fikrincə, bu iddialar yanlışdır. Şeyx Nasiruddin yaşadığı dövrdə ölkəsində qazı və vəzir vəzifələrini icra edib. Dövrünün böyük sufi alimlərindən hesab olunurdu. Fəlsəfi məsələləri xalqın anlayacağı dildə moizə edər, yadda qalsın deyə yumor da qatardı. Bəzi mənbələrdəki məlumata görə, o Səlcuq hökmdarı İzzetin Keykavusun vəziri olub. 25 fəlsəfi əsəri qalmaqdadır. Maraqlıdır, bəs o niyə yadda yalnız baməzə molla kimi qalıb? Deyilənə görə, buna səbəb Mövlanə Cəlaləddin Ruminin ona düşmənçiliyi, tərəfdarlarının da Şeyx Nasiruddini unutdurmaq istəyi olub. Kayseridə ilk Ahi təşkilatını qurduqdan sonra Konyaya gedərək siyasi və sosial fəaliyyətlə məşğul olan Hoca Nasiruddinin fəlsəfi baxışları Konyada az qala ilahləşdirilən, müqəddəs bilinən Rumi ilə ziddiyyət təşkil edib. Mövlana Cəlaləddin Rumi ilə fikir ayrılığına görə çəkişmə yaşayıb və deyilənə görə onun öldürülməsinə səbəb məhz Rumi olub. Mövlana həqiqəti tapmaq üçün eşq və sevginin işığına sığınmağı tövsiyə edirdi, Şeyx Nasiruddin isə ağılı və elmi dəlili əsas götürürdü.
Molla Nəsrəddin əslində lətifələrdən tanıdığımız sadəlövh qoca molla yox, bir qəhrəman, bir döyüşçü olub. Nəsiruddin Hoca Səlcuqlu dövlətini işğal edən monqollara qarşı çıxıb, Kırşehirdə türkmənləri və Ahiləri ətrafına toplayıb, mübarizə aparıb, döyüşüb. Monqolların Konyanı işğal etməsindən sonra onlarla tərəfdaşlıq edən, monqol hökmdarı Keyhatunun rəhbərliyini qəbullanan Rumi Nəsiruddin Hocanın üsyanını yatırtmaq üçün müridlərindən Cacı oğlu Nurəddini onların üzərinə göndərir. Cacı oğlunun dəstəsi bütün üsyançıları qılıncdan keçirib. Deyilənə görə, qılıncdan keçirilənlər arasında Nəsiruddin Hoca da olub. Sonralar Nəsrəddin Hocanın adına minlərlə lətifələr qoşulub. Lakin unutmaq olmaz ki, Molla Nəsrəddin sadəcə güldürməyib, eyni zamanda düşündürüb, öyrədib. Onun deyimlərinin fəlsəfi yükü var idi. Bu səbəbdən mənasız, mollanın səfeh vəziyyətə düşdüyünü anladan lətifələrin hamısı uydurmadır. Deyilənə görə, Molla Nəsrəddin Ağşəhərdən olan bir xanımla evlənib. Həmin xanımdan iki qızı dünyaya gəlib: Fatma Xatun və Dürri Mələk. Bəzi mənbələrdə onun 76 yaşında yaşadığı Ağşəhərdə vəfat etdiyi qeyd olunub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.