25 noyabr, 2024
Paylaş:

Mixail Suslov

"İdeologiyaya qənaət etmək olmaz" söyləsə də həyatda çox qənaətcil insan olan, 30 il eyni paltonu geyinən, Azərbaycanın çörəyi ilə böyüyən, 35 il Kremldə sözü keçən, "boz kardinal", "görünməyən Baş katib" ləqəbli Mixail Andreyeviç Suslov...

SSRİ-nin baş ideoloqlarından olan Suslov Saratov quberniyasında kasıb kəndli ailəsində dünyaya göz açıb. Atası heç bir təsərrüfata və torpağa malik olmadığından qazanc əldə etmək üçün Bakının neft mədənlərində işləyib. Stalinin hakimiyyəti dövründən SSRİ-nin siyasi elitasında yerini möhkəmlədən Suslov Brejnevin rəhbərlik etdiyi illərdə ikinci şəxs olub. Ömrünün son gününə qədər siyasi elitada ciddi fiqur və həlledici söz sahibi sayılıb. Macarıstan və Əfqanıstan məsələlərində, Jukovun vəzifəsindən kənarlaşdırılmasında, Xruşşovun devrilməsində, Kremlin kadr siyasətində Suslovun siyasi dəsti-xəttini asanlıqla görmək mümkündür.

Onun həyat tərzi həmkarlarından kəskin şəkildə fərqlənib. Suslov üçün rəhbərlərin gecə yarıyadək davam edən ziyafətləri cansıxıcı görünüb, məclislərdə onun qədəhinə araq əvəzinə adi su süzülüb. O, digər büro üzvləri kimi ov şakəri olmayıb. Buna baxmayaraq Brejnev ov zamanı əldə etdiyi qəniməti bölüşdürərkən Suslov üçün daha çox pay ayırıb və qeyd edib ki, baş ideoloqun fikirləri kimi soyuducusu da zəngin olmalıdır. Mixail Suslovu yaxından tanımaq heç kimə müyəssər olmayıb. O, heç vaxt daxili aləmini tam büruzə verməyib. Yeganə fakt Suslovun həm Stalin, həm Xruşşov, həm də Brejnev üçün ciddi siyasi fiqur sayılması olub. Hansı vəzifədə işləməsidən asılı olmayaraq Suslova hədiyyə bəxş etməyə heç kimin cürəti çatmayıb. Onun qəbul etdiyi hədiyyə yalnız kitab olub ki, o da hökmən müəllifin imzası ilə təqdim olunmalıymış.

Suslov həyatda çox simic insan olub. Deyilənə görə, digər məmurlar Kreml yeməkxanasında sıravi vətəndaşlar üçün əlçatmaz olan qızıl balıq, qara kürü kimi ərzaq məhsulları ilə qidalandığı halda, Suslov sosiska və kartof püresi ilə kifayətlənib. O, hamıya "siz" deyə müraciət edib. O cümlədən sürücüsünə də. Sürücüsünə verdiyi ilk tapşırıq isə maşının sürətini saatda 60 kilometrdən yuxarı qaldırmamaq olub. Bu məsələ ilə bağlı da Kreml dəhlizlərində belə bir lətifə yaranıb: "Brejnev səhər saatlarında bağ evindən Kremlə işə gedirmiş. Baş katibi müşayiət edən avtomobil qarşıdakı asta sürətlə gedən maşına yoldan çıxması üçün nə qədər işarə etsə də maşın nə kənara çəkilib, nə də sürətini artırıb. Bu səhnəni seyr edən Brejnev mühafizəçilərə sakitləşməyi tövsiyə edib: "Mənasız yerə əziyyət çəkirsiniz. Yəqin ki, qarşıda gedən Suslovdur. Amerika prezidenti gəlsə də, o sürücüsünə sürəti artırmağa icazə verməyəcək..."

SSRİ-nin ən yüksək postlarının birində əyləşən Suslovun heç bir mülkü və əmlakı olmayıb. Dövlətin təminatından bir addım olsun belə kənara çıxmayan baş ideoloqun ona ayrılan mənzilində olan mebellərinin arxasında da dördkünc möhür olub: "Sov.İKP MK-nın işlər idarəsi". Yəni Suslov yalnız dövlətin ona "məsləhət bildiyi" tərzdə yaşayıb. Sovet ideologiyasının gələcəyinə, kommunizmin ideyalarına varlığı qədər inanan Suslovun təklifləri, müraciətləri, təşəbbüsləri Siyasi Büronun iclaslarında həmişə çox ciddi qarşılanıb. Ancaq iclasların birində Brejnev Suslovla bağlı daha "ciddi" bir məsələ qaldırıb: "Yoldaşlar, hörmətli büro üzvləri, gəlin hamılıqla köməkləşib Mixail Suslova təzə palto alaq...". Suslov 30 ilə yaxın bir müddətdə eyni paltonu geyinib.

Mərkəzi Komitədə onun "boz kardinal" adlandırılması da təsadüfi olmayıb. İstənilən mühüm bir məsələnin həllində Suslovun fikri həlledici olub, ancaq buna baxmayaraq o, həmişə hiyləgərcəsinə özünü kənarda göstərməyi bacarıb. O, kifayət qədər sərt siyasətçi olub. Kreml məmurlarından heç kim, hətta Brejnevə yaxın olanlar belə onunla mübahisəyə, ona qarşı getməyə cəhd etməyiblər.

Kreml qruplaşmalarında heç kim Suslovu öz tərəfinə çəkə bilməyib. Brejnevin səhhətində ciddi problemlər yarananda, varis məsələsi gündəmə gələndə Suslov birinciliyə iddialı olanlar üçün ən böyük maneəyə çevrilib. Bəlkə də 79 yaşında "ürək catışmazlığı" diaqnozu ilə qəfil vəfat edən "boz kardinal"ın ölümündəki müəmmalar da bu maneələrlə bağlı olub...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()