13 mart, 2023
Paylaş:

Mixail Şoloxov

Rusiyanın tanınmış yazıçısı, daha çox "Sakit Don" əsəri ilə məşhurlaşan, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mixail Şoloxov... SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK-nın başçısının arvadıyla gəzən, ali təhsili olmasa belə akademik adını alan bu yazıçı həm də Stalinin sevimlisi idi...

Rostov vilayətinin Veşenskaya kəndində dünyaya göz açan yazıçının həyatı maraqlı hadisələrlə zəngindir. Nikahdankənar doğulan Mixail Şoloxov düz 8 il başqa bir adamın soyadını daşımalı olub. Belə ki, onun anası Anastasiya Danilovnanı sevmədiyi bir kişi ilə ailə həyatı qurmağa məcbur ediblər. Bir müddət keçdikdən sonra o, nikahı pozmadan ailəsindən gedib. Qeyri-rəsmi olaraq ikinci dəfə ailə qurub, cütlüyün dünyaya bir oğlu gəlib, uşağa Anastasiya Danilovnanın rəsmi olan ərinin soyadı qoyulub - Kuznetsov. Yalnız 8 ildən sonra "ata" Kuznetsov vəfat edəndə, Şoloxovun əsl atasının soyadını rəsmiləşdirmək mümkün olub.

Yazıçı həyatında bir neçə dəfə "ölüm hökmü" ilə qarşılaşıb. "NKVD" onu sovet ideologiyasına zidd olan bir şəxs kimi Stalinə təqdim edib. Lakin Stalin Şoloxovun həbsinə imza atmayıb. Bunun səbəbi isə Stalinin Şoloxova olan xüsusi simpatiyasından irəli gəlib. Şoloxov bəlkə də yeganə yazıçı olub ki, Stalindən çəkinməyib, onunla açıq söhbətdən qaçmayıb. Elə bu səbəbdən də xalq arasında onu "Stalinin sevimlisi" adlandırıblar.

Yazıçı hədsiz dərəcədə içki məclislərinin həvəskarı imiş. Bu haqda Stalin də məlumatlı olub. Hətta deyilənlərə görə, Stalin yazıçını gürcü çaxırına qonaq edib və hər zaman məhz bu içkidən içməyi məsləhət görübmüş.

Heç bir ali təhsili olmayan Şoloxov SSRİ-nin ictimai həyatında fəal rol oynayıb, o, SSRİ Elmlər Akademiyasının akademiki, SSRİ Ali Sovetinin deputatı olub. Müharibə illərində "Pravda" qəzetində hərbi müxbir vəzifəsində çalışıb. O, yeganə sovet yazıçısıdır ki, Nobel mükafatını SSRİ rəhbərliyinin razılığı ilə alıb. Hətta bununla bağlı Kremldən İsveçin SSRİ-dəki səfirliyinə məktub da göndərilib.

Yazıçının həyatında olan səsli-küylü hadisələrdən biri də "NKVD"nin başçısı Nikolay Yejovun həyat yoldaşı Yevgeniya Xayituna ilə bağlı olub. Yazıçı ilə "dəmir narkom"un həyat yoldaşının tanışlığı Yejovun elə öz evində baş tutub. Yejovun dəvəti ilə Şoloxov bağda yazıçı kimi hörmətli qonaq qismində iştirak edib. Hamının sərxoş olduğu bu məclisdə Yevgeniya ilə Şoloxovun arasında "isti" münasibət yaranıb. Bu tanışlıqdan sonra onlar yenidən görüşmək qərarına gəliblər. Sonradan Yejov bundan xəbər tutsa da, Şoloxovdan qisas almağa gücü çatmayıb, həm də buna vəzifədə olma müddəti imkan verməyib...

Mixail Şoloxov ömrünün son illərində bir çox xəstəliklərdən əziyyət çəksə də, ölüm səbəbi qırtlaq xərçəngi ilə əlaqələndirilir. 78 yaşında bu xəstəlikdən vəfat edən yazıçı Veşenskaya kəndində, öz yaşadığı evin həyətində dəfn olunub.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()